Balaca gimnastımızın böyük qələbəsi

Macarıstanın Budapeşt şəhərində yaşayan, hələ çox kiçik yaşlarından iştirak etdiyi bütün beynəlxalq  yarışlarda parlaq çıxışı ilə fərqlənən Mina Abbasova bu dəfə Polşanın Sosnovets şəhərində keçirilən beynəlxalq gimnastika turnirində 400-dən çox həmyaşıdı arasında ən yüksək nəticə göstərərək qaliblər kürsüsündə 2-ci olub.

Dünyanın 20-dən çox dövlətinin, o cümlədən, Almaniya, Çexiya, Belarus, Ukrayna, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Misir və başqa ölkələrin iştirak etdiyi turnirdə Minanın təmsil etdiyi Macarıstan və Ukrayna gimnastları daha çox fərqləniblər.

İdmanın bu növündə ilk böyük qələbəsini çox gözləmədən - cəmi 6 aylıq məşqlərdən sonra qazanan balaca gimnast hələ 5 yaşında ikən Macarıstanda keçirilən ənənəvi Bədii gimnasnika üzrə Beynəlxalq “Bahar kuboku-2016” turnirinin qalibi olub.

2017-ci ildə Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku turnirində həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb. O, Almaniya, Xorvatiya, Çexiya, İtaliyada təşkil edilən yarışların birincisi olmağa nail olub.

Mina Abbasova iki ildən artıq müddətdir ki, Budapeştdə fəaliyyət göstərən “Rus RG Sport” klubunda gimnastika ilə məşğul olur.

Ən böyük arzusu turnirlərdə Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızı yüksəklərə qaldırmaqdır. Uğurlar, balaca gimnastımız.

 

Rəşad ZİYADOV



17.02.2018 | 13:45