23 nömrəli məktəbin şagirdləri Türkiyədə ölkəmizi təmsil ediblər

Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimləri çərçivəsində festival təşkil olunub. İstanbuldakı “Miniatürk” Mərkəzində keçirilən  IX Gökcan Kolleci Uşaq Xalq beynəlxalq folklor rəqsləri festivalında ölkəmizi paytaxtdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə  fəaliyyət göstərən “Milli rəqs” dərnəyi, 4 müəllim və 20 şagirddən ibarət qrupla festivalda iştirak edib. Tədbir Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Sonra Türkiyənin Dövlət himni səsləndirilib. Şagirdlərimiz bədii gimnastika, milli rəqs və xalq mahnılarımızın ifası ilə çıxış ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsinin səsləndirilməsi alqışlarla qarşılanıb. Sonra şagirdlərin ifasında “Azərbaycanlıyam!” mahnısı səslənib.

 

Məktəbin direktoru Yuliya Kərimova məktəblilərin festivalda iştirakını dəyərləndirərək qeyd edib ki, “Şagirdlərin istedadları ilə Azərbaycanı təmsil etmələri onlarda Vətənimizi təbliğ etməkdə böyük qürur və həvəs yaradır. Digər mühüm cəhət layihənin şərtlərinə görə, qrupda təmsil olunan şagirdlərin səfər çərçivəsində Türkiyədəki şagirdlərin evlərində qalmalarıdır. Bu, özlüyündə Azərbaycan-Türkiyə qardaşlığının məktəblilər arasında tərənnümüdür”.

 

Sifai SƏFƏROVA

 



23.04.2018 | 17:31