ADU Türk Universitetlər Birliyinə üzv olub

Azzərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova 19-20 aprel 2018-ci il tarixlərində Bişkekin Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin III Ümumi Yığıncağında iştirak edib. Yığıncaqda ADU Türk Universitetlər Birliyinə üzv seçilib.

 

Qeyd edək ki, birlik türkdilli ölkələr arasında işbirliyini təmin edən beynəlxalq qurum olaraq 2009-cu ildən fəaliyyət göstərir. Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan adıçəkilən Şuranın yaradıcılarıdır.

 

Yığıncaq zamanı prorektor Jalə Qəribova Qırğızıstan-Türkiyə Manas Universitetində Azərbaycan Dillər Universitetinin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə tanıtım təqdimatı edib.

 

ADU-nun dünyanın bir çox universitet və təşkilatları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzaladığını, beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran J.Qəribova son on il ərzində 500-dən çox tələbənin bu proqramlar çərçivəsində dünyanın müxtəlif  universitetlərində təhsil aldığını deyib.

 

Prorektor təqdimatında hər il ADU-da universitetin uğurlu fəaliyyəti nəticəsində ingilis, alman, fransız, macar, polyak, italyan, ispan, yapon, koreya, çin və digər dillərin tədrisi üzrə dünyanın bir çox ölkələrindən professor, müəllim və mütəxəssislərin tədris proqramlarına cəlb edildiyini, eyni zamanda xarici tələbələrin təhsil aldığını qeyd edib.

 

J.Qəribova, həmçinin ADU-nun Türkiyənin bir çox universitetləri ilə həm ikitərəfli müqavilə, həm Erasmus +, həm də Mevlana proqramı çərçivəsində əməkdaşlıq etdiyini əlavə edib.

 

 



25.04.2018 | 13:39