Olimpiadanın ilk turunun nəticələri açıqlanıb

Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.

 

Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 310 məktəbdən 15 minə yaxın şagird iştirak edib.

 

Nəticələrə əsasən, 1 146 məktəbli 40 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının ilk turunda şagirdlərə 25 test sualı təqdim olunub.

 

Olimpiadanın final mərhələsi mayın 26-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.     

   

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilir.

 

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.



25.04.2018 | 15:33