“Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti”

Aprelin 26-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Konfransda ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak ediblər.

 

Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirib ki, Prezident İlham ƏliyevinAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı sərəncam bir daha təsdiqlədi ki,  müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.  2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasını yüksək qiymətləndirən rektor bunu ölkə başçısının tarixi keçmişimizə, Cümhuriyyət tarixinə olan xüsusi ehtiramı olduğunu diqqətə çatdırıb. Qeyd etdi ki, bu münasibətlə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfranslar təşkil olunur. AXC-nin tarixi əhəmiyyətindən bəhs edən rektor vurğulayıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyub.

 

Konfransda SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində”, AzTU-nun “İctimai fənlə” kafedrasının müdiri professor Şikar Qasımov “AXC-nin yaranması ilə xalqımız itirilmiş dövlətçiliyini bərpa etdi”, ADİU-nun “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov “Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk mərhələsində (1918-ci il may-noyabr ayları)” mövzularında məruzə ilə çıxış ediblər.

 

Qeyd edək ki, konfransa respublikamızda fəaliyyət göstərən ali məktəblərdən 122 tezis qəbul olunaraq toplu şəklində çap edilib.



26.04.2018 | 16:48