Nəsirəddin Tusiyə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin həyat və yaradıcılığına həsr olunan elmi konfrans keçirilib. Bu barədə redaksiyamıza daxil olan  məlumatda bildirilir ki,  bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə  Nəsirəddin Tusinin həyat və yaradıcılığından, alimin qiymətli əsərlərinin dünya elmindəki yeri və rolundan  bəhs edib. Qeyd edib ki, elmi astronomiya, riyaziyyat, fizika, həndəsə, fəlsəfə, pedaqogika, tibb, tarix, coğrafiya və digər sahələrdə əsərlər yaradan alimin zəngin elmi irsi ona dünya şöhrəti qazandırıb. İsmayıl Hacıyev Nəsirəddin Tusinin təsis etdiyi Marağa Rəsədxanasının nüfuzlu elm mərkəzi kimi təkcə Şərq ölkələrində deyil, bütün dünyada tanındığını söyləyib: “Marağa Rəsədxanası qısa müddətdə astronomiya cihazlarına və 400 min nəşrin olduğu kitabxanaya malik böyük elmi mərkəzə çevrilib, orada elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər yazılıb”.

Daha sonra Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin “Nəsirəddin Tusinin həyatı, fəaliyyəti və elmi irsi”, Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Nəsirəddin Tusi: elmi alim yaradır”, Batabat Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Nəsirəddin Tusinin “Təhriri-Öqlidis” əsəri”, Əlyazmalar Fondunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Nəsirəddin Tusinin ədəbi-fəlsəfi irsi” və Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Ruslan Məmmədovun “Nəsirəddin Tusi və Marağa rəsədxanası” mövzusunda məruzələri dinlənilib.

 

Yusif ƏLİYEV 



21.02.2018 | 14:00