Naxçıvan MR-də peşə təhsilinin inkişafı ilə bağlı seminar keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində bu qurumun Azərbaycandakı nümayəndəliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə mayın 1-də Naxçıvan şəhərində “Peşə təhsili və təlimi, bacarıqların gələcək inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə dair təcrübə mübadiləsi” adlı seminar təşkil olunub.

 

Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının xarici əlaqələr şöbəsinin müdiri Röya Səfərova açaraq qonaqları salamlayıb, seminarın əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

 

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, Avropa İttifaqı Azərbaycan Respublikasında peşə təhsili və təlimi sahəsində davam edən islahatları dəstəkləyir. Bu dəstəyin Naxçıvan Muxtar Respublikasına da faydalı təsirlərini nəzərə alaraq reallaşan seminar Avropa İttifaqının peşə təhsili və təlimi sahəsində ən nümunəvi təcrübələrini paylaşmaq, Aİ-nin Azərbaycanda peşə təhsili sahəsində davam edən və gələcəkdə planlaşdırılan layihələrini, Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin hazırda davam edən və planlaşdırılan tədbirlərini təqdim etmək, Naxçıvan Muxtar Respublikasında peşə təhsili və təlimi sistemində mövcud praktika və qarşıda duran məsələlərlə tanış olmaq məqsədləri daşıyır.

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov “Naxçıvan Muxtar Respublikasında peşə təhsilinin inkişafı” adlı məruzəsində regionda peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından danışıb.

 

Seminarda Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin “Azərbaycanda peşə təhsili və təlimi üzrə strateji yol xəritəsi çərçivəsində cari və planlaşdırılmış fəaliyyətlər”, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsinin rəhbəri Herman Sonneveldin və layihənin baş eksperti Aleksander Siboninin “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində cari və planlaşdırılmış fəaliyyətlər”, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsinin “Peşə təhsili və təliminin potensialı: düzgün bacarıqlar və yaxşı imkanlarla yenilik və rəqabətədavamlılıq” və fondun Azərbaycandakı səlahiyyətli nümayəndəsi Margareta Nikolovskanın “Üzv dövlətlər və peşə təhsili və təlimində Turin prosesinin rolu” mövzularında məruzələri dinlənilib. Sonra müzakirələr aparılıb. 



03.05.2018 | 11:30