Suraxanı Rayon İcra Hakimiyyətində BDU-nun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətində BDU-nun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.  

Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra isə ümummilli liderin adını daşıyan parkda universitetin 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib. 

Bakı Dövlət Universitetinə həsr olunmuş sərgi ilə tanışlıqdan sonra tədbir öz işinə başlayıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində universitetin 100 illik yubileyinin müxtəlif illərdə Bakı Dövlət Universitetini bitirmiş suraxanılı məzunların iştirakı ilə keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında  Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamından danışan İlqar Abbasov Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, Bakı Dövlət Universitetinin də məhz milli hökümət tərəfindən yara­dılmasından bəhs edib, universitetin xalqımızın təhsil və elm tarixində oynadığı rola diqqət çəkib.

Sonra Azərbaycan Respublikası Prezideti yanında “Bilik” Fondunun rəhbəri Oqtay Səmədov BDU ilə rəhbərlik etdiyi qurum arasındakı əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərdən, birgə əməkdaşlıq məsələlərindən bəhs edib. “Sütunlar” filminin nümayişindən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı sərəncamlardan danışıb. Bildirib ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsini Cümhuriyyətin gördüyü mühüm işlərdən biri olduğunu deyən rektor əlavə edib ki, milli hökumət yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da danışıb, Bakı Dövlət Universitetinin tarixi ilə ölkəmizin tarixi arasında bir vəhdət, üzvi əlaqə  olduğunu deyib.

Abel Məhərrəmovun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını bu gün şərəflə həyata keçirir. BDU-nun Heydər Əliyev,Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Lev Landau, Zahid Xəlilov, Abdulla Qarayev, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov kimi dünyaşöhrətli məzunlarının olduğunu deyən rektor indiyədək universiteti 150 minədək məzunun bitirdiyini bildirib. Onu da qeyd edib ki, cəmi 2 fakültə ilə  fəaliyyətə başlayan universitetin hazırda humanitar, fundamental və təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 65 ixtisas,  210 ixtisaslaşma üzrə 22 mindən artıq tələbə 3 dildə- Azərbaycan, rus və ingilis dillərində təhsil alır.

Suraxanı rayonundan olan BDU məzunları  Elşad Həsənov, Məhluqə Əzizova və Oktay Səmədov,  BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi Nərminə Nəzərli çıxış ediblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

 

 



22.02.2018 | 11:00