İşıqlı gələcək vəd edən şagird

Yol üstəyik. Tovuza gedirik. Orda, rayon mərkəzindən cəmi 22 kilometr uzaqlıqda bir kənd var, Əyyublu kəndi. Tovuzun qədim kəndlərindəndir. Həm qədim, həm də böyük. Deyilənə görə, ərazisinə və əhalisinin sayına görə ölkəmizin ən böyük ikinci kəndidir. Ziyalıları ilə tanınan, oxumuş insanları ilə öyünən kənd bu günlərdə sadəcə alim, ziyalı yox, sözün əsl mənasında, insan, vətəndaş yetişdirdiyini təsdiq elədi. Hələ yetişməkdə olan bir nəslin nümayəndəsi, bir məktəbli insanlığa dair göstərdiyi nümunəvi davranışı ilə ölkədə böyük rezonans yaratdı. Söhbətin İdrisdən getdiyini artıq hər kəs anladı. Qarşısına çıxan pul qabını içində nə qədər pul olduğuna belə baxmadan sahibinə qaytararaq ona verilən pul mükafatından imtina edən Tovuz məktəblisi yaşıdlarına örnək oldu.

 

Pulu deyil, insanlığı seçən şagirdi təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif etdi. Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələrini və “Təşəkkürnamə”sini çatdırmaq da qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Jalə Məmmədliyə tapşırıldı.

 

İdrisi biz də tanımaq istədik. Odur ki, üzü Tovuza sarı yola çıxdıq.

 

Budəfəki məktəb zəngi İdris üçün səsləndi

 

Məktəbdə qələbəlikdir. Xeyli şagird və müəllim məktəbin həyətinə toplaşıb. Bir azdan İdris təhsil nazirinin ona göndərdiyi hədiyyələri məktəb kollektivinin - müəllimlərinin və şagird yoldaşlarının iştirakı ilə qəbul edəcək. Hazırlıqlar tamamlanıb. Məktəbin direktoru da yerə-göyə sığmır. Təşkilati işlərdən görünür ki, bütün kollektiv bu görüşə çox həvəslə hazırlaşıb. Dərsdə, sinif otaqlarında olan hər kəsi məktəbin həyətinə gəlməyə çağıran zəng səsi eşidilir. Hamı bilir ki, bu zəng İdris üçün səslənir.

 

Budur, artıq burdadırlar, məktəbin həyətində. İdrisin sinif yoldaşları, müəllimləri, hətta valideynləri belə ondan daha həyəcanlı görünürlər. Maraq dolu baxışlar məktəbin qonaqlarına dikilib.

 

Sözə rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova başladı. Rayonda təhsilin səviyyəsindən danışaraq, ötən ilin uğurlarına nəzər saldı. Ötən il olduğu kimi, bu il də 600-700 bal toplayan məktəblilərin olacağına əminliyini vurğuladı. Ancaq təhsil sadəcə məktəblərin akademik göstəriciləri ilə ölçülə bilməz. Bir məktəbin, ya da bir rayonun təhsilinin ən böyük uğuru onun yetişdirdiyi insanların sayı ilə ölçülməlidir.

 

Tovuz məktəblisi göstərdi ki, rayonda təhsil məqsədinə gedən yoldan kənara çıxmayıb: “İdrisin nümunəvi davranışı nəinki 720 şagirdi olan Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbi üçün, bütövlükdə 23 minlik Tovuz məktəbliləri üçün örnəkdir”.

 

Məktəbin direktoru Nizami Məmmədov deyir ki, İdrisin babası İdris də bu məktəbdə oxuyub və o da mərd, halal insan idi. Sonra atası, 2010-cu ildən isə İdris bu məktəbin şagirdi olub. İdrisi fərqləndirən cəhətlərdən danışan N.Məmmədov şagirdi ilə bir dialoqunu xatırladıb: “Bir gün istədim ona tövsiyə verəm. Ondan soruşdum ki, ay bala, axı, sən niyə oxumursan? Oxumağın üstünlüklərindən danışdım ona. Təhsilin hər kəs üçün nə qədər lazımlı olduğunu başa salmağa çalışdım. Həmin söhbətdə verdiyi cavablar məni o qədər təəccübləndirdi ki. Dedi ki, müəllim, hamı oxumaz ki. “Mən sənətkar olacağam”, - deyə planlarından danışdı. O danışdıqca mənə elə gəlirdi ki, sanki uşaqla yox, böyük bir adamla danışıram”.

 

İdrisin sinif rəhbəri Nüşabə Əhmədova da şagirdindən razıdır. Nizam-intizamı, davamiyyəti, tərbiyəsi ilə müəlliminin sevimlisi olan İdrisin artıq bütün ölkədə sevilməsi  onu heç təəccübləndirməyib: “Bütün fənlərə qarşı həvəsli olmasa da, dərslərdə, mövzuların müzakirəsində iştirakı, sinif və ümumiyyətlə, məktəb yoldaşlarıyla münasibəti onu əksəriyyətin sevimlisinə çevirib”.

 

İdrisin Ramiz babası nəvəsi ilə qürur duyduğunu deyib: “Heç öz uğurlarıma bu qədər sevinib, qürurlanmamışam. Atası, anası uşaqlarına həmişə deyir. Uşaqlar da bilirlər ki, heç kimin haqqını yemək olmaz”.

 

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin əməkdaşı Jalə Məmmədli etibar, güvən, dürüstlük nümayiş etdirdiyinə görə İdrisi dəyərləndirib: “İdris yəqin təəccüblənir ki, hər kəs onun davranışına niyə təəccüblənib. Axı, o, doğru olanı, hamının eləməli olduğunu edib. Ancaq təəssüf ki, heç də hər kəs onun kimi davranmır. Ona görə də artıq bir neçə gündür ki, evdə, işdə, mətbuatda ancaq İdrisdən danışırlar. Biz onun ailəsinə, müəllimlərinə, məktəbinə təşəkkür edirik ki, vətənə, millətə, dövlətə, sözün əsl mənasında, layiqli vətəndaş yetişdirirlər. Həyatının bundan sonrakı mərhələsində də İdrisin ancaq yaxşı sorağını eşidəcəyimizə şübhə etmirik. İdris kimi etibarlı, dəyərli insanlar indiyədək də yetişib. Amma bundan sonra onların sayı artacaq. Çünki müasir Azərbaycanın təhsil sisteminin qarşısına qoyduğu məqsəd məhz budur: vətənə cəsarətli əsgər, millətə onu sevən övlad, dövlətə layiqli vətəndaş yetişdirmək. İdris göstərdi ki, doğru yoldayıq”.

 

J.Məmmədli bildirib ki, təhsil naziri Ceyhun Bayramov İdrisə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə yanaşı, planşet və kitablar da hədiyyə edib. Həmin hədiyyələri təqdim edərək İdrisin üzərinə məsuliyyət qoyub: “Amma İdrisdən başqa gözləntilərimiz də var. Təhsilində də nəticələrini yaxşılaşdırmasını gözləyirik. Biz inanırıq ki, o, bunun da öhdəsindən gələ bilər”.

 

İdris çox halal uşaqdır

 

Anası İradə Məmmədovanı söhbətə tuturuq. Ancaq bu elə də asan deyil. Təbiətcə çox sakit görünən ana oğlunu öyməyi belə özünə rəva görmür. Niyə də öysün ki. Onun tərbiyə etdiyi uşaqdan bütün ölkə danışır. İradə xanımın İdrisdən başqa iki övladı da var. Onlar İdrisdən yaşca balacadır. Amma üçü də yaxşı bilir ki, başqasına aid olan heç nəyə əl vurmaq olmaz: “İdris özü də çox halal uşaqdı. Kiminsə haqqı olana göz dikməz. Atası da, mən də həmişə demişik. İnsan kasıb ola bilər, ancaq ona aid olmayana əl vurmaz. Oxumaya da bilər, ancaq insanlığını itirməməlidir”.

 

“Sənətkar olacağam”

 

İdris hədiyyələrini çox bəyənib. Deyir ki, nazirin göndərdiyi kitabların hamısını oxuyacaq. Dərsə gəlincə,  müəllimləri onun qiymətlərindən narazı olsa da, özü vəziyyətindən razı görünür. Azərbaycan dili fənnini oxuyur. Tarix dərslərinə də maraq göstərir. Di gəl, riyaziyyat heç onluq deyil, deyəsən. Görəsən, məktəb direktoruna “Sənətkar olacağam”, - deyən məşhur məktəblimizin fikrində nə var? Hansı peşəni seçmək, hansı sənətə yiyələnmək istəyir. Cavab təəccüblüdür. Sevmədiyi fənlərlə birbaşa əlaqəsi olan bir peşə seçib özünə: elektrik.

 

Evləri işıqlandırmaq istəyir. Dediyinə görə, heç kimi qaranlıqda qoymayacaq. Kumiri də dayısıdır: “Dayım elektrikdir, mən də elektrik olacağam. Ondan öyrənəcəyəm”.

 

Geri qayıdırıq. Şübhə etmirik ki, İdris bir davranışı ilə sinif yoldaşlarının, dostlarının, hətta bütün tay-tuşlarının düşüncələrində bir suala aydınlıq gətirdi. Artıq çoxları tapdığı sahibsiz əşya ilə necə davransa, hərəkəti təqdir olunacağını bilir. Bu gün düşüncələri aydınlandıran uşaq sabah evləri işıqlandıracaq. Yolun uğurlu olsun, Azərbaycan məktəblisi. Bizim də səndən gözlədiyimiz məhz budur: bu gün davranışınla, sabah işinlə, uğurlarınla, qazandığın nailiyyətlərlə gələcəyimizi işıqlandır!

 

Ruhiyyə DAŞSALAHLI

Bakı-Tovuz-Bakı

 

 

 



04.05.2018 | 12:50