İnklüziv təhsil və kitabxanalar

Arzu MƏMMƏDOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin baş biblioqrafı

 

Çağdaş mərhələdə inklüziv təhsil xüsusi önəm təşkil edir. Müxtəlif mənbələrdə inklüziv təhsil belə xarakterizə olunur: “İnklüziv təhsil  ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir”.

Müxtəlif əqli və fiziki bacarıqlı uşaqların təhsil prosesinə inteqrasiyası kimi tanınan inklüziv təhsil əslində “hamı üçün təhsil” strategiyasının məntiqi davamıdır. İnklüziv təhsilin müasir anlamı xüsusi ehtiyacı və ya məhdud fiziki imkanları olan uşaqların ümumi təhsil prosesinə inteqrasiyası haqqında ənənəvi təsəvvürlərdən bir qədər fərqlidir. Burada söhbət əslində ən müxtəlif xüsusiyyətləri və ehtiyacları olan (fiziki, sosial, intellektual və digər mənalarda) uşaqların birgə tədrisə cəlb edilməsindən gedir. UNESCO-nun müəyyən etdiyi inklüziv təhsilin əsas prinsipinə əsasən, məktəblər maddi, əqli, sosial, emosional və digər vəziyyətlərindən asılı olmayaraq bütün uşaqların ehtiyaclarını qarşılamalıdır: həm əlilliyi olan uşaqları, həm də xüsusi istedadlı uşaqları, kimsəsiz və işləmək məcburiyyətində qalan uşaqları, uzaq ərazilərdən və köçəri ailələrdən gələn uşaqları, etnik və mədəni azlıqların uşaqlarını, eləcə də əlverişsiz şəraitdə yaşayan və ya əhalinin həssas qruplarına aid olan uşaqları bərabər qaydada əhatə etməlidir.

Müasir cəmiyyətimizin qarşısında duran ən mühüm məsələlərdən biri də müxtəlif müstəvilərdə aktual müzakirə olunan mövzulardan olan fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyasıdır. Belə  gənclər üçün təhsil bir neçə  mərhələdə  aparılmalıdır.

Qeyd etmək istərdik ki,  inklüziv təhsil sistemi hazırkı postsovet məkanında 50-ci illərdən sonra yaranmağa başlamışdır. Çünki uzun müddət  sovet cəmiyyətinin qüsursuzluğu, burada yalnız sağlam gənclərin olması, xalqın firavan və xoşbəxt yaşaması təbliğ olunurdu. Valideynlər fiziki məhdudiyyətli övladlarını evdən kənara qoya bilmirdilər, hətta belə ailələr cəmiyyətdən müəyyən qədər təcrid olunmaq məcburiyyətində qalırdı.

Tədqiqatlar göstərir ki, inklüziv təhsildə kitabxanalar mühüm rol oynayır. Ümumiyyətlə təhsilin, elmin, mədəniyyətin inkişafında kitabxanaların rolu danılmazdır. Bu gün kitabxanalar təlim-tərbiyə və elmi-tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin, bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir”. İnformasiya-kommunikasiya texnlogiyalarının, konkret desək, internetin meydana gəlməsinə qədərki dövr üçün kitabxanaların mahiyyəti və rolu fərqli olmuşdur. Belə ki, kitabxanalar maddi-texniki imkanlarından asılı olaraq özündə insanların asudə vaxtlarını səmərəli keçirməsi, istirahət etməklə bilik əldə etməsi, əylənməsi, intellektual inkişafa xidmət edən müsabiqə, debat, yarışların keçirilməsi, sərgi və təqdimatların nümayiş etdirilməsi və s. funksiyaları da özündə ehtiva edə bilmişdir.

Təbii ki, həm klassik kitabxanaların, həm də müasir dövrün tələblərinə müvafiq olan kitabxanaların sosial-ictimai baxımdan çox böyük əhəmiyyəti vardır. İlk növbədə ona görə ki, kitabxana  bilik və informasiya mənbəyidir.  Eyni  zamanda  kitabxana  həm də tələbə və gənclərin görüşdüyü, sosiallaşdığı məkan kimi də xarakterizə oluna bilər. 

Fiziki məhdudiyyətli gənclərin təhsilə inteqrasiyasında kitabxanaların rolunu həm psixoloji, həm də mənəvi ilkin kimi dəyərləndirmək olar.

İnklüziv kitabxana mövzusu bu gün əksər mütəxəssislər üçün diskussiyadan çox apriori məsələ kimi qəbul olunur. Bir tərəfdə “oturuşmuş” ənənəvi kitabxana sistemi, digər tərəfdə hələ indi vüsət almağa başlamış müasir kitabxana kompleksləri üçün bu problem yenidir. Qarşıya qoyulan sual isə belədir: sosial institut statusu daşıyan bu günün kitabxanaları inklüziv olmalıdırmı?

Qeyd etmək lazımdır ki, biz də postsovet ölkələrindən biri kimi Rusiyanın  əlilliyi olan şəxslərə dövlət qayğısı siyasətində eyni inkişaf yolunu keçmişik. Bu inkişaf sxemini belə göstərmək olar: sosial  eksklüziya (bir qrup insanın sosial və vətəndaş hüquqlarından məhrum edilməsi   ilə  cəmiyyətdəki sosial aktivliyinə məhdudiyyət qoyulması); sosial seqreqasiya (bir qrup insanın cəmiyyət həyatındakı  standartlara uyğun gəlməyən bəzi əlamətlərinə görə (yaş, cins, qeyri-ümumi hərəkət, sağlamlıq və s.) kənarlaşdırılması); diskriminasiya - inteqrasiya - inklüziya. 

Sovet  İttifaqında  əlilliyi  olan şəxslər sosial eksklüziyaya  məhkum idilər, yəni ya tamamilə, ya da qismən cəmiyyətin ictimai, mədəni və digər fəaliyyət sferalarından kənarda qalırdılar. Məhz  bunun zəminində müstəqil  dövlətimiz tərəfindən   seqreqasiya  siyasətinin  həyata  keçirilməsinə  başlandı. Səhhətinə və digər əlamətlərinə görə cəmiyyət standartlarına cavab verməyən şəxslər üçün xüsusi məktəb, kitabxana, tibb müəssisələri yaradıldı, eyni  zamanda  bəzi əlillər kateqoriyası üçün kitabxanalar təşkil edildi.

Problemin  dərindən  araşdırılması  üçün yenidən  yaxın  tarixi  keçmişə nəzər salaq. 1935-ci ildə korlar (əvvəllər yalnız bu terminlər istifadə olunurdu - A.M.) üçün əyalət kitabxanalarının yaradılması, mərkəzdən kənarda yaşayanlara isə kitabxanalararası abonement vasitəsilə xidmət göstərilməsi barədə dövlət qərar çıxarır. 50-ci illərdən isə korlar üçün dövlət kitabxana xidməti sistemi yaradılır. Daha sonralar Korlar üçün Respublika Mərkəzi Kitabxanası (hazırda Rusiya Dövlət Gözdən Əlillər Kitabxanası)  fəaliyyətə başlayır. Elə həmin illərdə klublarda bir şöbə kimi eşitmə məhdudiyyətlilər üçün kitabxanalar da açılır. Bununla belə, əhalinin əlil nümayəndələri onlar üçün nəzərdə tutulan xüsusi təhsil və tibb müəssisələrinin tərkibindəki kitabxanalardan da yararlana bilirdilər. Kütləvi kitabxanalara isə o əlillər gələ bilirdilər ki, buna fiziki imkanları çatırdı.

Nəticədə həmin illərdə Sovetlər Birliyindəki kitabxana xidmətini həm eksklüziv, həm də seqreqiv (yəni məhdudlaşdırılmış və kənarlaşdırılmış) adlandırmaq olar.

Əlillərin seqreqiv kitabxana xidmətinin əsas mənfi tərəfi bir qrup insanın cəmiyyətdən, ictimaiyyətdən avtomatik ayrılmasına gətirir ki, bu da özlüyündə fiziki məhdudiyyətlilər, onların problemləri, onlara hansı yardımın edilə biləcəyi və s. haqqında təsəvvürün belə olmamasına gətirib çıxarırdı. Sonucda bu insanlar cəmiyyətdən təcrid edilərək, diskriminasiyaya məruz qalırdılar.

Xüsusilə təhsildə daha çox öz əksini tapmış inklüziv proseslər hər bir vətəndaşın cəmiyyətdə, o cümlədən də mədəni sferada bərabərliyi əhəmiyyətini daşıyır. Təhsil-təlim sferası ictimaiyyətin mədəni mühitinin tərkib hissəsidir. Təhsil mühitindəki dəyişikliklər digər sferalara birbaşa təsir edərək, bu mühiti transformasiya edir, dəyişdirir.

Yetmiş il əsarətində olduğumuz imperiyadan qurtulmaq və müstəqillik yolunda mübarizələr, Qarabağ müharibəsi xalqımızın gənc bir zümrəsini əlillərə çevirdi. Həmçinin Qarabağ dəhşətlərini yaşamış, streslərə, qorxulara məruz qalmış  gənc xanım-analarımızın   müxtəlif  fiziki məhdudiyyətli övladlar  dünyaya gətirməsinə səbəb oldu.

Bu gün həmin fiziki məhdudiyyətli gənclərin hamı ilə bərabər həm təhsilə, həm elmi fəaliyyətə, həm də əyləncəyə hüququ var.  Bir çox təcrübə proqramlarına nəzər salsaq qeyd edə bilərik ki, bu proses üç  mərhələdə həyata keçir: İnteqrasiya - İnklüziya - İnklüziv kitabxana.

Hazırda Azərbaycan kitabxana şəbəkəsi bu prosesin birinci mərhələsini - İnteqrasiya mərhələsini yaşayır. Bu istiqamətdə görülən işləri heç də dolğun saymaq olmaz. Ona  görə  ki:

1. Kitabxanaların arxitektura və informasiya təminatı tam həll olunmayıb;

2. Bir çox kitabxana əməkdaşları fiziki məhdudiyyəti olan insanların problemlərini bilmir, onların kitabxana xidməti haqqında məlumatları yoxdur;

3. Bu  gün fiziki məhdudiyyəti olan əksər  şəxslər kitabxanaya rahat gəlmək kimi psixoloji maneəni keçə bilməyiblər.

Bu mərhələni maksimum səylə  keçdikdən  sonra  inteqrasiya mərhələsi, yəni həmin şəxslərin kitabxana məkanına cəlb edilməsi məsələsinin   həll edilməsi  və  inklüziv kitabxana mühitinin  formalaşdırılması  barədə əminliklə fikir  yürütmək  olar.  Ona  görə  də  inklüziv kitabxana mühitinə  xas olan  aşağıdakı  məsələlər  öz  həllini  tapmalıdır:

* İstifadəçilərə xidmətin yüksək səviyyədə təşkili və çatışmazlıqların qısa  müddətdə  aradan qaldırılması;

* Fiziki məhdudiyyəti olan şəxslərə doğma münasibət bəslənilməsi;

* Hamıya eyni, bərabər xidmət göstərilməsi;

* Kitabxana xidmətlərinin özəlliklə təyin edilməsi.

Qeyd olunan məsələlərin uğurla həll edilməsi üçün mövcud kitabxanalar şəbəkəsinin yenidən qurulmasına ehtiyac vardır. Təəssüflə qeyd etmək olar ki, respublikamızda fəaliyyət göstərən kitabxanalar keyfiyyət və kəmiyyət baxımından müasir tələblərə cavab vermir. Son iyirmi ildə təkcə Bakı şəhərində kitabxanaların sayı təxminən 3 dəfə azalmışdır. Bu da kitabxana xidmətlərindən istifadə səviyyəsini minimuma endirir. Ona görə də şəhər və rayonların bir sıra yerlərində müasir kitabxanaların istifadəyə verilməsi, onların xidmətlərindən xüsusən uşaqların və fiziki məhdudiyyətli vətəndaşların yararlanması üçün əlverişli şərait yaradılmalıdır. Bir sözlə, inklüziv inkişafı şərtləndirən amillərdən biri kimi kitabxanaçılıq işinin təkmilləşdirilməsi perspektiv dövrün prioritetləri sırasında olmalıdır.  

Sonda onu da demək olar ki, artıq inkişafın yeni mərhələsinə qədəm qoymuş ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan gənclərin və onların ailələrinin təhsil problemlərinin həlli  istiqamətində mühüm addımlar atılır və onlar cəmiyyət tərəfindən dəstəklənir. 



08.02.2018 | 18:20