Universitet idmançılarını mükafatlandırıb

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişib, idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müstəqil Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət alıb.  Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün də uğurla davam və inkişaf etdirilir. Azərbaycanın bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi artıq ölkəmizin idman ölkəsi kimi tanıdılmasında mühüm rol oynayır.

 

Universitetin idman klubunun rəhbəri, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” kafedrasının müdiri Məmmədəli Rəhimov universitetdə idmanın inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, hər ilin oktyabr-noyabr aylarında idman klubu ilə tələbə idman şurası tərəfindən birinci kurs tələbələri arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilir, qabiliyyətli idmançılar aşkara çıxarılır və universitet komandalarına cəlb olunur.

 

Sonra beynəlxlaq turnirlərdə, muxtar respublika çempionatında, universitet yarışlarında fərqlənən tələbələrin adları açıqlanıb.

 

Qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 



13.05.2018 | 10:05