Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Noyabr 2009 - ¹44

 
Dünya universitetləri:

London Universitet Kolleci

 
  Yerləşir: Böyük Britaniya, Mərkəzi London, Blumsberi rayonu  
Yaranma tarixi: 1826-cı il
Tipi: Dövlət
Rektoru: Malkolm Qrant
İşçi heyəti: 8000 (4000 professor) nəfər
Tələbələrin sayı: 11970 nəfər
Aspirantların sayı: 9650 nəfər
Rəsmi saytı: www.ucl.ac.uk

       London Universitet Kolleci (University College London) Londonun mərkəzində Qover küçəsində yerləşir və hazırda London Universitetinin tərkibində fəaliyyət göstərir. Kollec Birləşmiş Krallığın ən aparıcı ali təhsil  ocaqlarından biridir. Artıq neçə on illər ərzində "Times" və "Guardian" qəzetləri tərəfindən aparılan Böyük Britaniya universitetlərinin reytinqinə əsasən bu kollec beşinci yerdən aşağı enməyib. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitet Kolleci (LUK) Oksford və Kembriclə birlikdə "Qızıl üçbucaq" adlı  üçlük yaradır.  

Tarixi 

London Universitet Kolleci 1826-cı ildə "London Universiteti" adı altında yaranıb. Kollecin yaranmasını filosof Ceremi Bentamın adı ilə bağlayırlar. C.Bentamın bu prosesdə iştirak etməsinə baxmayaraq, onun təhsil və cəmiyyət haqqında irəli sürdüyü radikal ideyalar kollecin yaradıcılarını, xüsusilə şotlandiyalı Ceyms Mil və Henri Brumu ruhlandırıb. Kollecin əsas binası 1827-28-ci illərdə Tomas Hosmer Şeferd tərəfindən inşa edilib. 1836-cı ildən London Universiteti  London Universitet Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Bu təhsil ocağı yarandığı gündən bütün təbəqələrə, irqlərə və dinlərə aid olan tələbələri qəbul edib. 1878-ci ildən kollecə qız tələbələr götürülüb. 1893-cü ildə İngiltərədə ilk tələbə təşkilatı məhz burada yaradılıb.

1907-ci ildə yeni Kral nizamnaməsi qəbul edilir və bütün institutlar London Universitetində birləşdirilir. Nizamnaməyə əsasən, institutlar müstəqil olaraq elmi dərəcələr vermək hüququnu itirir, yalnız London Universiteti bu hüquqa malik olur. Bu, 1977-ci ilədək davam edir və yeni nizamnamə kollecin müstəqilliyini bərpa edir. 2005-ci ildən başlayaraq LUK müstəqil olaraq tələbələrinə elmi dərəcələr verir. Bununla yanaşı, kollec London Universiteti ilə də sıx əlaqələr qurur.

2008-ci ildə LUK Britaniya universitetləri arasında ilk olaraq Avstraliya ilə bu ölkənin ərazisində Energetika və Resurs Məktəbinin yaradılması haqqında müqavilə bağlayır.  

Universitet bu gün 

Hazırda London Universitet Kolleci London Universitetinin tərkibində böyük bir institutdur. Kollecin əsas kampusu Qover və Qordon küçələrində yerləşir, lakin Londonun bütün ərazisində kollecin binaları mövcuddur. Əsas kampusun ərazisində "Euston meydanı", "Uorren küçəsi", "Rassel meydanı" və "Quc küçəsi" metro stansiyaları var. Kampusun ətrafında Britaniya Kitabxanası, Britaniya Muzeyi, Kral İncəsənət Akademiyası, Britaniya Tibb Assosiasiyası, London Universiteti, Təhsil İnstitutu kimi məşhur müəssisələr yerləşir.

London Universitet Kollecində İncəsənət və Humanitar, Biotibbi, Həyat və Tibb, Bəşəriyyət, Mühəndislik, Riyaziyyat və Fiziki, İctimai və Tarixi Elmlər, Bertlett Memarlıq-İnşaat, Dizayn və Planlaşdırma, Hüquq, Slavyan və Şərqi Avropa Mədəniyyəti, Ətraf Mühitin Mühafizəsi məktəbləri, İdarələrarası və qarşılıqlı fakültə tədqiqat qrupları və tədqiqat mərkəzi fəaliyyət göstərir. Bu məktəblərin hər birində ayrılıqda onlarca fakültə mövcuddur.

LUK Tibb Məktəbində altı il təhsil aldıqdan sonra elmi dərəcə almaq mümkündür. Tibb kursları burada 1825-ci ildən yaradılıb. Tibb Məktəbi bir-birilə əlaqəli olan 11 hospital ilə birgə fəaliyyət göstərir. Kollec tərəfindən maliyyələşən  Universitet Kolleci, Kral Müstəqil və Vittinqton hospitalları Londonun ən böyük mərkəzi xəstəxanalarındandır. LUK-un xəstəxanaları, əsasən, Blumsberi rayonunun ətrafında yerləşir. 2007-ci ildən başlayaraq  Londonda yeni möhtəşəm tibb mərkəzi tikilir. Mərkəzdə 1500-dən çox alimin tibbi tədqiqatlar aparması və biotəbabət sahəsi üzrə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

ümumilikdə, LUK-un 16 müxtəlif kitabxanası var. Təhlükəsizlik məqsədilə kitabxanalara buraxılış elektron kart vasitəsilə mümkün olur. Kitabxanalar "eUCLid" (Evklid) adlanan şəbəkə-kataloq sistemilə birləşir. Ən böyük kitab kolleksiyası kollecin əsas binasında yerləşən kitabxanadadır. Otaqon binasında, kollecin mərkəzi gümbəzinin altında rəssam Con Flaksmanın sənət əsərlərindən ibarət Flaksman qalereyası yerləşir. İkinci ən böyük kitabxana LUK Elmi kitabxanasıdır. Burada mühəndislik, riyaziyyat, coğrafiya, antropologiya elmlərinə aid kitab və jurnallar yığılıb. Digər kitabxanalardan tibbi kitablar toplanan Kryusiform (xaçvari), Ətraf mühitin öyrənilməsi,  Slavyan və Şərqi Avropa mədəniyyətləri kitabxanalarını qeyd etmək olar. LUK tarixi və mədəni tədqiqatlar kitabxanasi Böyük Britaniyada ilk əlyazmalar, arxiv və nadir kitablar toplanan mərkəzdir. Bu kitabxanada orta əsrlərə, XVIII-XX əsrlərə aid əlyazmalar, müxtəlif sahələri əhatə edən arxiv sənədlər qorunur. Ən qədim əlyazma 1505-ci ilə aiddir. Kolleksiyalar, adətən, şüşə rəflərdə nümayiş olunur. 2004-cü ildən başlayaraq LUK kitabxanaları "USL Eprints" adı altında İnternet şəbəkə sisteminə qoşulub. 

London Universitet Kolleci dünyanın ən böyük axtarış-tədqiqat mərkəzlərindən biridir. Bu ali təhsil ocağı elmi-tədqiqatların maliyyələşməsinə xüsusi diqqət yetirir. Kollecin nəzdində LUK Energetika İnstitutu, LUK Kompüter Elmləri, LUK Cinayətkarlıq və Təhlükəsizlik, Foton Sistemlər (Kembric Universitetilə birgə LUK elektrotexnika və elektrik mühəndisliyi), LUK Virtual mühit və vizualizasiya, molekulyar modelləşdirmə və materialşünasliq, Şəhər sabitliyi və fəlakət, Biokimya mühəndisliyi mərkəzləri fəaliyyət göstərir.  Həmin mərkəzlərdə 9000-dən çox aspirant tədqiqatlar aparır. Universitet gələcək aspirantlar üçün özünün şəbəkə səhifələrində mütəmadi məlumatlar yerləşdirir.  

London Universitet Kollecinin məşhur məzunları: 

  Çaim Herzog  İsrailin 6-cı prezidenti  
  Terri Devis  Avropa Şurasının Baş katibi  
  Yan Luder London şəhərinin meri  
  Əbdül Rəhman Əlqosaibi Səudiyyə Ərəbistanının İngiltərədəki səfiri  
  Bryan Devis İngiltərə Lordlar Palatasının üzvü  
  Con Uaytinqdeyl  Marqaret Tetçerin məsləhətçisi, parlamentin üzvü  
  Jan Vinsent-Rostovski Polşa Respublikasının maliyyə naziri  
  Juniçiro Koizumi  Yaponiyanın sabiq Baş naziri  
  Teraşima Munenori  Yaponiyanın sabiq xarici işlər naziri  
  Mahatma Qandi Hindistan Müstəqillik Hərəkatının başçısı  
  Edvin Montaqu Hindistanın sabiq dövlət katibi  
  Otto Hahn kimya üzrə Nobel mükafatı laureatı  
  Uilyam Ramsey  kimya üzrə Nobel mükafatı laureatı  
  Sir Uilyam Braqq riyaziyyat və fizika üzrə Nobel mükafatı laureatı  
  Rabindranat Taqor  ədəbiyyat üzrə Nobel mükafatı laureatı (Hindistan)  
  Ulf von Euler  tibb üzrə Nobel mükafatı laureatı  
  Endryu Huksli tibb və psixologiya üzrə Nobel mükafatı laureatı  
  Sir Bernard Katz  tibb və psixologiya üzrə Nobel mükafatı laureatı  
  Piter Medavar  tibb və psixologiya üzrə Nobel mükafatı laureatı  
  Bert Sakmann tibb və psixologiya üzrə Nobel mükafatı laureatı  
  Fransis Krik tibb və psixologiya üzrə Nobel mükafatı laureatı  

 LUK-un yeni binalarından Qordon küçəsində yerləşən London nanotexnologiyalar mərkəzini, Taviton küçəsindəki 2005-ci ildə şahzadə Anna və çexiya Respublikasının prezidenti Vanslav Klaus tərəfindən açılmış Slavyan və Şərqi Avropa mədəniyyəti məktəbinin yeni binasını, Oftalmologiya  İnstitutunu qeyd etmək olar.

LUK-un nəzdində bir neçə incəsənət və elm muzeyi fəaliyyət göstərir. Bunlardan Misir və Sudan arxeoloqlarının nadir kolleksiyaları saxlanan, daim cəmiyyət üçün açıq olan Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradilmiş geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan incəsənət əsərləri kolleksiyalari, biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun şəxsi və laboratoriya əşyaları saxlanılan Halton kolleksiyası, LUK-un fəaliyyət göstərdiyi vaxtdan burada yaranan və işlənən cihazların, alətlərin, əşyaların saxlandığı elmi kolleksiyalar muzeylərini, dünyanın müxtəlif güşələrindən tapılan, ən qədim dövrləri əhatə edən artefaktların qorunduğu Arxeologiya Kolleksiyaları İnstitutunu qeyd etmək olar.

LUK-da təhsil alan tələbələr kampusun yataqxanalarında yaşayırlar. Məşhur tələbə yataqxanalarından Artur Tattersal, Astor, Kempbel Şərq və Qərb, İvor Evans və Maks Rayn, Frensis Qardner, Con Tovell, Con Conson, Con Şafer, Ceyms Laythill, Qoldsmit rezidensiyalarını qeyd etmək olar. Evli tələbələr üçün də kollecdə lazımi şərait yaradılıb. Uşaqlı ailələr Bernard Conson, Houkric, Nil Şarp, eləcə də London Universitetinin Lilian Penson yataqxanalarında məskunlaşa bilərlər.

London Universitet Kolleci Təşkilatı 1893-cü ildə yaranıb və İngiltərənin ən qocaman tələbə təşkilatıdır. Bu təşkilat LUK-da təhsil alan tələbələrə geniş spektrdə xidmət etmək üçün fəaliyyət göstərir. Təşkilatın tərkibinə çoxlu klublar, kafelər, müxtəlif əyləncə mərkəzləri, idman kompleksləri, mağazalar və s. daxildir. Bunlardan LUK dramatik cəmiyyət, yoqa və meditasiya, qayıq, yüngül atletika, reqbi (futbolun bir növü) klublarını misal göstərmək olar.

Hazırda London Universitet Kollecində 8000-dən çox professor-müəllim heyəti çalışır.  Bu ali təhsil ocağı qadın professorların sayına görə ölkədə birinci, əcnəbi tələbələrin sayına görə isə üçüncü yerdədir. Kollecin çoxlu sayda məşhur məzunları var. Onlardan 21-i Nobel mükafatına layiq görülüb.

Uzun illər Avropa təhsil müəssisələri yüksək səviyyəli təhsilə, tələbələrin maddi baza ilə təminatına, onlara göstərilən hərtərəfli diqqətə görə dünyanın digər ölkələrinə örnək olub. Son zamanlar isə Avropa universitetləri bir qədər Amerika təhsil sistemindən geridə qalır. Bir neçə ildir ki, Amerika universitetləri dünya universitetlərinin müxtəlif reytinqləri üzrə birinci pillədə dayanır. Lakin yenə də Avropa universitetləri  arasında iddialı ali təhsil ocaqları çoxdur, bunlardan biri də  London Universitet Kollecidir. "QS-World Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə LUK 100 ən yaxşı universitetin arasında dördüncü yerdədir (Kembric Universiteti ikinci yerdədir). Bu ali təhsil müəssisəsi hələ də London Universitetinin kolleci kimi fəaliyyət göstərsə də, Britaniyanın ən nəhəng elmi-tədqiqat mərkəzlərindəndir. Burada təhsil almaq  çox prestijli hesab edilir və Kembric, Oksford universitetlərilə bir tutulur. London Universitet Kolleci və İmperial Kollec hazırda beynəlxalq təhsil bazarında aparıcı yer qazanmaq üçün birləşmək niyyətindədirlər və onların daha sonra London Universitetinin tərkibindən çıxaraq müstəqil fəaliyyət göstərəcəkləri nəzərdə tutulur.

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
13 Noyabr 2009 - ¹44
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər
 
Böyük elmə bəxş edilmiş ömür
 
"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib
 
Bilik və mənəviyyat ocağı
 
Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov