Əziz
həmvətənlər!
Sizi hamımızın sevimli Novruz bayramı
münasibətilə ürəkdən təbrik edir, hər birinizə
cansağlığı, səadət və uğurlar arzulayıram.
Xalqımız min illər ərzində təşəkkül tapmış
ənənələrə sadiq qalaraq hər il Novruz gününü
təntənə ilə bayram edir. Təbiətlə insanın
sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks
etdirən Novruz bayramı insanlarımızın yaddaşına
əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızın indiki
nəsillərə misilsiz ərməğanı olan Novruz
adət-ənənələrinin günümüzədək layiqincə
yaşadılması Azərbaycan xalqının çoxəsrlik
tariximiz qarşısında müstəsna xidmətidir.
Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramı
milli-mədəni sərvətlərimizin zənginliyini dolğun
ifadə edir. O, böyük mənəvi gücə malik olub,
insanlar arasında qarşılıqlı dostluq,
səmimiyyət, qayğıkeşlik və qardaşlıq duyğularını
gücləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş
münasibətlərin bərqərar olmasına zəmin yaradır.
Sürətlə dəyişən dünyamızda qloballaşma
proseslərinin geniş vüsət aldığı bir zamanda
Novruz bayramı daşıdığı bütün məna və rəmzləri
ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə
bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali
keyfiyyətləri özündə cəmləşdirən bayram kimi
Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni
irs nümunələri siyahısına daxil edilməsi
təqdirəlayiq haldır.
Bahar bayramının kütləvi el şənlikləri və
mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və
yurdumuzun hər bir guşəsində sonsuz sevinclə
qarşılanması milli müstəqilliyimizin bizə bəxş
etdiyi nailiyyətlərdəndir. Ölkəmizin
hüdudlarından uzaqlarda yaşayan və qəlbləri
Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz
günü bizimlə bərabər qeyd edirlər. Ümidvaram ki,
milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu
bütün azərbaycanlıları doğma Vətənimizin
inkişafı naminə daha sıx birləşdirəcəkdir.
Hamınıza bahar təravətli bayram əhval-ruhiyyəsi
arzu edirəm.
Novruz bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2010-cu il |