Müəllim... Bu müqəddəs adı şərəflə daşımaq, onu
uca tutmaq hər müəllimə nəsib olmur. O müəllim
xoşbəxtdir ki, şagirdlərinin sevimlisi olur.
Belə müəllimlərdən biri də Xırdalan şəhər 5
nömrəli orta məktəbin ibtidai sinif müəllimi
Mariya Muradxanovadır. O, 1965-ci ildə Qusar
rayonunda anadan olub. Azərbaycan Dövlət
Pedaqoji Universitetinin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsini bitirərək
pedaqoji fəaliyyətə başlamışdır.
Dərs
dediyi hər bir şagirdi öz övladı hesab edən
M.Muradxanova onların gələcəkdə yüksək
səviyyəli şəxsiyyət kimi formalaşması üçün var
gücü ilə çalışır. Peşəsini sevən və işindən zövq
alan Mariya müəllim tələbkarlığı və sadəliyi ilə
həm şagirdlərinin, həm də valideynlərin
hörmətini qazanıb. Onun gərgin əməyi şagirdlərin
yüksək nəticələr əldə etməsinə gətirib çıxarır.
Həmin şagirdlər hər zaman çevikliyi və fəal
olmaları ilə seçilirlər. M.Muradxanova bir sıra
nailiyyətlər də əldə etmişdir. Belə ki,
2007-2008-ci tədris ilində aparılan yekun test
imtahanı zamanı dərs dediyi sinif yüksək nəticə
göstərib. Bu uğurlarına görə M.Muradxanova RTŞ
tərəfindən tərifnamə və diplomla
mükafatlandırılıb.
M.Muradxanovanın dediklərindən:
- Hər bir müəllim kimi mən də çalışıram ki,
şagirdlərimə yüksək bilik və tərbiyə verəm. Bu
bizim qarşımızda duran əsas vəzifələrdən
biridir. Biz müəllimlər çalışmalıyıq ki,
gələcəyin qurucuları olan şagirdlər yüksək savad
və intellektə sahib olsunlar. Onlar nə qədər
elmli olsalar, ölkəmiz bir o qədər güclü,
qüdrətli olar. Ulu öndər Heydər Əliyev çox gözəl
qeyd edirdi ki, "Təhsil millətin gələcəyidir".
Hazırda respublikamızda bütün sahələrlə yanaşı
təhsil sahəsində də islahatlar aparılır. Belə
islahatlardan biri də kurikulum islahatıdır.
Yeni təlim metodu ilə keçdiyimiz dərslər
şagirdlər tərəfindən daha tez öyrənilir. Onlar
dərslərdə sərbəst olurlar və bu, ümumi işin
xeyrinə müsbət təsir göstərir. Onu da qeyd edim
ki, məktəbimizdə şagirdlərin yaxşı təhsil alması
ücün hər cür şərait var. Pedaqoji kollektiv bu
şəraitdən maksimum yararlanaraq şagirdlərin və
respublikamızın gələcəyi naminə var gücü ilə
çalışır. Biz arzu edirik kı, bugünkü şagirdlər
gələcəkdə beynəlxalq səviyyəli tədbirlərdə,
siyasi arenalarda ölkəmizi ləyaqətlə təmsil
etsinlər. Biz buna inanırıq və bu inam bizim
gücümüzü daha da artırır.
Niyazi RƏHİMOV |