Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - 22

 

Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim

Bookmark and Share

Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şərtidir.  Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyət yetişdirməkdir. Təlimin keyfiyyətinin yüksəldilməsi ibtidai təhsil pilləsində aparılan işdən daha çox asılıdır. Məhz ibtidai sinifdə şagirdlərdə bilik, bacarıq və vərdişlərin, milli və bəşəri dəyərlərin formalaşdırılması,  intellektual səviyyənin inkişaf etdirilməsi, nəcib insani keyfiyyətlərin aşılanması istiqamətində sistemli iş aparılır. Şagirdlərə biliklərin əsaslarını öyrədən ibtidai sinif müəllimləri çətin, məsuliyyətli, həm də şərəfli bir vəzifə yerinə yetirirlər. Dünyada yüzlərlə peşə və sənət sahibi vardır. Təhsil islahatının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim özü dəyişməli, təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən, fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır.

Bu keyfiyyətləri  özündə birləşdirən Bakı şəhərindəki BMLK-nın ibtidai sinif müəllimi Arzu Nəzərovanın  iş təcrübəsinin  maraqlı məqamları diqqəti cəlb edir.  Nəzərova Arzu Aslan qızı 1961-ci il sentyabrın 21-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuş, 1987-ci ildə  H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsini, 2000-ci ildə isə Bakı Asiya Universitetinin hüquq fakültəsini bitirmişdir. 1982-ci ildən 1986-cı ilədək Şəmkir rayonu  uşaq musiqi məktəbində forteniano müəllimi, orta məktəbdə ibtidai sinif müəllimi, 1992-ci ildən həmin məktəbdə direktor müavini, 1994-cü ildən 1998-ci ilədək direktor vəzifələrində işləmişdir. 2001-ci ildən Gəncə şəhəri Təhsil İdarəsində metodist vəzifəsində çalışan Arzu Nəzərova 2002-ci ildən Bakı şəhərindəki BMLK-də direktor müavini və ibtidai sinif müəllimi  işləyir.

 1991-ci ildə "metodist" müəllim adına layiq görülən Arzu Nəzərova 1992-ci ildə "Xalq təhsili əlaçısı" döş nişanı ilə təltif olunmuş, həmin ildə respublika üzrə keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur. 1992-ci ildə  onun qabaqcıl iş təcrübəsi respublikada yayılıb.

Arzu Nəzərova bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı olan müəllimdir. Uşaqlara qayğı, onların təlim və tərbiyəsi Arzu müəllimin həyatının mənasını təşkil edir. Belə ki o, xoş rəftarı, mehribanlığı ilə şagirdlərin qəlbinə elə  yol tapmışdır ki, onlar Arzu müəllimi özlərinin yaxın dostu, köməkçisi və məsləhətçisi sayırlar. Lakin bununla belə, təcrübəli müəllim şagirdlərlə münasibətdə hörmətlə tələbkarlığı düzgün əlaqələndirməyi də bacarır. Bu bir həqiqətdir ki, şagirdlərin bilik xəzinəsinə gedən yolu dərsdən başlayır. Dərsin yüksək səviyyədə təşkili isə müəllimin fəaliyyəti ilə bağlıdır. Bu həqiqəti yaxşı başa düşən Arzu müəllim heç vaxt biliyi ilə kifayətlənmir, dövrün tələblərinə uyğun olaraq daim düşünür, mütaliə edir, axtarır, elmi-pedaqoji fəaliyyətini yüksəltmək qayğısına qalır və qarşısına qoyduğu məqsədə nail olur.

 O,  təhsil islahatının ilk günlərindən təhsilimizdə baş verən yenilikləri izləmiş, metodik tovsiyələri, vəsaitləri diqqətlə oxumuş, işində yaradıcılıqla tətbiq etməyə  çalışmışdır. Xüsusən tədrislə bağlı məsələləri  təhlil edərək mətbuatda öz sözünü demişdir. Bütün  metodiki yazılarında və pedaqoji təcrübəsində "sözlə əməlin, elmlə təcrübənin vəhdətini" əsas götürmüşdür. Gənc nəslin təlim və tərbiyəsi işində  əldə etdiyi uğurları Arzu müəllim tədris zamanı  yeni təlim  metodlarından istifadənin səmərəli nəticəsi sayır. Şagirdlərdə öyrənmək həvəsini yaratmaq pedaqoqdan xüsusi məharət tələb edir. Əgər müəllim səmimi ünsiyyət, anlaşıqlı  nitq və hərəkətlərdən (mimika, jestlər və s.) düzgün və tələb olunan qədər istifadə edərsə, müəllim-şagird münasibətlərinin  daha dərin və davamlı olmasına nail ola bilər.

Arzu müəllimin təbirincə desək, ibtidai təhsil pilləsində yeni təlim metodlarının tətbiqi təhsil islahatının uğurundan xəbər verir. O, təhsildəki yenilikləri, yeni təlim texnologiyalarını, kurikulumun tələbinə cavab verən meyarları, müxtəlif treninqlərdə əldə etdiyi yeni bilikləri  öz pedaqoji fəaliyyətində uğurla tətbiq edir. Yeni metodlardan istifadə zamanı şagirdlərin idraki fəallığına, müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olur. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi diqqət yetirir. Bu münasibətlər şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Pedaqoji fəaliyyətin belə əməkdaşlıq əsasında qurulması hər bir şagirdin intellektual imkanları, meyil və maraqlarını daha düzgün aşkara çıxarmağa imkan verir. Müəllim hər bir şagirdin nə ilə maraqlandığını öyrənir, onun qabiliyyətinin, istedadının düzgün istiqamətləndirilməsinə və inkişafına kömək edir. Qayğıkeş münasibət şagirddə özünəinam hissi yaradır. Nəticədə şagird öz bacarığını, nəyə qadir olduğunu nümayiş etdirməyə çalışır.

Təlimdə keyfiyyətin əldə olunması  üçün şagirdlərin psixoloji xüsusiyyətlərini dərindən bilmək vacibdir. Düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Arzu müəllim yaxşı oxuyan şagirdlərin zəif şagirdlərə köməyinin təşkili, hər bir şagirdin  özünü təhsilin  bərabər hüquqlu üzvü kimi hiss etməsini  diqqətdə saxlayır. Həvəsləndirmə öz səmərəsini verir. Təlim zamanı interaktiv metodlardan bacarıqla istifadə olunur. Tədris zamanı texniki vasitələrdən istifadə məzmunun daha tez qavranmasına kömək edir. Bu cür dərslər şagirdlər tərəfindən maraqla dinlənilir və asan mənimsənilir.

Arzu müəllim əksər dərslərini fəal təlim metodları ilə aparmağa üstünlük verir. Dərsin motivasiya ilə başlanması şagirdlərdə maraq oyatmaqla bərabər, onları düşündürür, idrak qabiliyyətini yüksəldir, fəallıqlarını artırır. Təqdimat zamanı müxtəlif iş, forma və üsüllarından, o cümlədən cütlərlə, qruplarla işin təşkili, rollu oyunlar, dairəvi söhbət, diskussiya kimi üsullardan daha geniş istifadə edir.

Təlimin başlıca vəzifələrindən biri şagirdlərə öyrənməyi öyrətməkdir. Arzu müəllim deyir:

- "Çalışıram ki, öyrənməyi öyrətmək üçün şagirdlərdə elmi biliklərə əsaslanan bacarıqların formalaşmasına nail olum. Bu bacarıqlar sonra vərdişə çevrilir. İbtidai siniflərdə şagirdlərə müstəqil işləmək bacarığının aşılanması həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edir. Bacarıq və vərdişlər əsasən, tapşırıqlar nəticəsində formalaşır". Bunu əsas tutan Arzu müəllim sinifdə şagirdləri məntiqi, düşündürücü tapşırıqlar üzərində müstəqil işləməyi, düşünməyi, diqqətli olmağı, mövzunu şərh edərkən biliklərə əsaslanaraq nəticə çıxarmağı öyrədir.

Təcrübəsini öyrəndiyimiz 1 il müddətində Arzu müəllimin müxtəlif siniflərdə dəfələrlə dərsini müşahidə etmişik. Onun dərsi həmişə şagirdlərin fəal iştirakı ilə çox canlı keçir. Buna səbəb müəllimin elmi və pedaqoji hazırlığı ilə yanaşı, həm də dərsdə yeni metod və üsullardan, əyani vəsaitlərdən düzgün və kompleks şəkildə istifadə etməsidir. Arzu müəllimin gərgin əməyinin, yuxusuz gecələrinin nəticəsidir ki, dərs dediyi  şagirdlərin çoxu "4" və "5" qiymətlərlə oxuyur. Bütün bunlarla yanaşı, Arzu müəllim öz təcrübəsini gənc müəllimlərə həvəslə öyrədir. Bu məqsədlə  məktəb və rayon üzrə dəfələrlə "açıq dərs"lər vermişdir. Arzu müəllimin iş təcrübəsində diqqəti cəlb edən maraqlı məqamlardan biri də  metodiki hazırlığa daha çox önəm verməsidir.

2008-2009-cu tədris ilindən başlayaraq orta ümumtəhsil məktəblərinin I siniflərində yeni kurikulum tətbiq edilir. Məqsəd şagirdlərə müstəqil   həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünün inkişaf etdirilməsi, öz fikrini müstəqil bildirmək və hüququnu qorumaq bacarığının aşılanmasıdır. Arzu müəllim qeyd edir ki, I sinif şagirdlərinin qiymətləndirilməsində ən yaxşı vasitələrdən biri sözdür. Verbal (sözlə) aparılan qiymətləndirmə şagirdlər üçün olduqca maraqlıdır. Azyaşlı uşaqlar daim təriflənməyi, alqışlanmağı xoşladıqları üçün sözlə qiymətləndirmə onların fəallığını daha çox artırır. Nəticədə onların özünəinamı artır.

Müəllim şagirdin nəyi "kəşf" edəcəyini, buna hansı üsullardan istifadə etməklə nail olacağını qabaqcadan bilir və onları buna istiqamətləndirir. Şagird maraqlarının nəzərə alınması, onların həyati tələbatları ilə bağlı qurulan dərs daha yaxşı nəticələr verir. Müəllim şagirdlərin marağını diqqət mərkəzində saxlamalı, yeri gəldikcə onların qarşısında gücləri çatan  və həll edə bildikləri problemlər qoymalıdır. Şagirdlər bu problemin həlli ilə əlaqədar yeni və faydalı biliklər əldə edirlər.

Arzu müəllim sinifdə əlverişli təlim şəraiti yaradır, dərslərini interaktivlik prinsipinə uyğun qurur. O çalışır ki, dərs zamanı şagird marağı təmin olunsun, onlar mövcud biliklərdən istifadə edərək yeni biliklər qazansınlar, təhlil, müqayisə və nəticə çıxarmaq bacarığına yiyələnsinlər, bir-biri ilə əməkdaşlıq etməyi bacarsınlar. Arzu  Nəzərova   şagirdlərin həyati əhəmiyyətli bilik, bacarıq və vərdişlər qazanmalarına, onların şəxsiyyətinin formalaşması üçün praktik işlərin həyata keçirilməsinə daha çox vaxt ayırır. Şagirdlərin qarşılıqlı əlaqəsi, ünsiyyət prosesi olan interaktiv təlimin rolunu nəzərə alan müəllim dərslərində bu metodların tətbiqinə geniş yer verir. Şagirdlərdə gözəlliyi duymaq, yaratmaq, estetik təsir vasitələrilə təmasda olmaq qabiliyyətinin inkişaf etdirilməsi diqqətdə saxlanılır. Emosional hisslər şagirdlərdə dərsə marağı artırır, qavramanı, yaddasaxlamanı, təfəkkürü möhkəmləndirir, fəallaşdırır, - deyən Arzu müəllim dərs zamanı çalışır ki, bütün vasitələrdən - şifahi xalq ədəbiyyatı, bədii ədəbiyyatın gözəl incilərindən, əyanilikdən, həyəcanlandırıcı musiqidən  istifadə etsin. Tədris prosesində emosional yaddaşa təsir etdikdə hər bir müəllim biliyin şüurlu mənimsənilməsinə və bütövlükdə şəxsiyyətin tərbiyəsinə nail olur. Təbii ki, emosional yaddaş məntiqi yaddaşa güclü təsir göstərir və qavramanı asanlaşdırır. Diqqət, qavrama, müstəqil idrak fəaliyyəti yüksək olduqda, həmçinin aydın məqsəd, maraq və emosional təsir olduqda optimal nəticə almaq asanlaşır.      

İradə HƏSƏNOVA,
AMİ-nin "Təhsildə innovasiya"
kabinetinin   metodisti

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - 22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov