Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Biliklər iqtisadiyyatı və innovasiya

Bookmark and Share

Bu gün yaratdığımız dünyanın problemləri, bu problemləri yaradarkən düşündüyümüz şəkildə düşünərsək çözülməz.

Albert Eynşteyn 

Uğurlu innovasiya fərqli düşünmək və fərqli fəaliyyətlə gerçəkləşir. Bu gün Azərbaycan elminin qarşısında duran strateji hədəflərə çatmaq üçün biliklər iqtisadiyyatı haqqında çox danışılır. Bəs biliklər iqtisadiyyatı nədir? Bu anlayışın innovasiya ilə kəsişmə xətti harada yerləşir? İlk baxışdan bizim üçün məchul görünən, ancaq dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq öz bəhrəsini verən bu strateji fəlsəfə haqqında müəyyən araşdırma aparmaq və ölkəmizin bu hədəfə çatmaq üçün nələri etməli olduğuna diqqət yetirmək maraqlı olardı. İlk növbədə, bir şeyi qeyd edək ki, bilgi istehsalı və biliyi dəyərə çevirə bilmək innovasiya ilə mümkün olur. Artıq bu düşüncə dünyanın inkişaf etmiş ölkələrində öz aprobasiyasını tapıb ki, "biliklər iqtisadiyyatının əsası innovasiyadır". Biz bu fikri əsaslandırmaq üçün Finlandiya örnəyinə müraciət edə bilərik. Belə ki, ötən əsrin sonuncu onilliyindən başlayaraq bu ölkədə elmin, innovasiyaların və təhsilin maliyyələşdirilməsinə böyük vəsaitlər ayrılmışdır. XXI əsrin ilk illərindən isə bu ölkədə elmə, innovasiyalara və təhsilə ayrılan vəsaitlər ÜDM-ın 3,5 faizini təşkil edərək 5 milyard avroya çatmış, təhsilə ayrılan vəsaitlər isə ÜDM-ın 4,9 faizini təşkil etmiş, yaxud 7,4 milyard olmuşdur. Nəticədə, Finlandiya bir neçə ildir ki rəqabətqabiliyyətlilik indeksi üzrə dünyanın ən qabaqcıl ölkələri sırasında möhkəmlənmişdir. Finlərin uğurunun əsasında üç düstur durur: təhsilin yüksək səviyyəsi, elmə vəsaitin müsabiqə prinsipi ilə ayrılması və inkişaf etmiş innovasiya infrastrukturu.

Biz yeni əsrin tələblərinə tez uyğunlaşmağa və sərt rəqabətə hazır olmalıyıq. Lakin qarşımızda duran vəzifələri dərindən başa düşmək üçün əvvəlcə bu gün qlobal dünyanın nə olduğunu bilməkdən başlamaq və qloballaşma özü ilə nə gətirir sualına cavab axtarmaq lazımdır?

Müasir dünya qloballaşma dövrünü - bəşəriyyətin vahid informasiya və kommunikasiya məkanında hərtərəfli birləşməsi, bütün planetin vahid iqtisadi bazara çevrilməsi epoxasını yaşayır. Qlobal cəmiyyət daha açıq cəmiyyətə çevrilir: kapitalın, maliyyənin, informasiyanın sərbəst hərəkəti müasir "sərhədsiz dünya" konsepsiyasının əsası olmuşdur. Bəs qloballaşmaya hansı faktorlar kömək edir?

İlk növbədə bu, əmtəələrin ölkələr və iqtisadi sektorlar arasında hərəkətidir. Bilirik ki, ticarətin inkişafı iqtisadiyyatın inkişafı və artımı baxımından strateji zərurətdir. Əgər 70-ci illərdə beynəlxalq ticarətin həcmi dünya ÜDM-ın həcminin yalnız 30%-ni təşkil edirdisə, son 20-30 ildə bu rəqəm artıq 60%-ə çatmışdır.

Qloballaşmanın yolunda ikinci addım- kapitalın sərbəst hərəkətidir. Məsələn, son 20 ildə inkişaf etmiş ölkələrə birbaşa xarici investisiya axını yüz dəfələrlə artmışdır. Bu gün təkcə Çin hər il 60 milyard dollar birbaşa xarici investisiya cəlb edir, başqa Asiya ölkələri hər il 172 milyard dollar, Latın Amerikası 72 milyard dollar investisiya qəbul edirlər.

Üçüncüsü, insanların maneəsiz miqrasiyası. Bu gün dünyada ciddi miqrasiya prosesləri gedir. Qərb ölkələrinə, xüsusilə Avropa İttifaqına, ABŞ-a, Kanadaya miqrantların axını güclənmişdir.

Qərb ölkələrində olarkən bir məhəllədə Asiyanın, Avropanın, Amerikanın bir çox dövlətlərindən gəlmiş, bir yerdə işləyib yaşayan miqrantların şahidi olursan. Əmək miqrantlarının cəlbediciliyi baxımdan Azərbaycan da istisna deyil. Çünki bu gün Azərbaycanda başqa ölkələrdən olan təxminən 5 minə yaxın imiqrant çalışır.

Dördüncü, qloballaşmanın faktorlarından biri beynəlxalq birjalarda valyuta əməliyyatlarının sürətlə inkişafıdır. Nəticədə, xarici bazarlar haqqında məlumatların keyfiyyəti yaxşılaşmış, yeni maliyyə alətləri meydana gəlmişdir.

Beşinci, qloballaşmanın faktorlarından və eyni zamanda nəticələrindən biri informasiyanın, intellektual məhsulların və ideyaların sərbəst hərəkətidir.

İnternetin, elektron poçtun, maya dəyərinə görə aşağı olan beynəlxalq telefon xidmətinin, mobil telefonların və elektron konfransların yayılması ilə dünyada qarşılıqlı təmas bağları daha da sıxlaşmışdır. Eyni zamanda peyk televiziyası və elektron media əsl qlobal dördölçülü fəza mühiti yaratmışdır. Hələ 20-30 il bundan əvvəl bu cür texniki imkanları təsəvvürə gətirmək belə mümkün deyildi. Bununla yanaşı, qloballaşma müasir dünyaya zəiflik və kövrəklik gətirmişdir. Terrorizm, narkotika, insan alveri, informasiya müharibələri, epidemiyalar, ekoloji fəlakətlər sərhəd bilmir və bəşəriyyət üçün qlobal təhdidlərə çevrilmişdir. Dünyanın heç bir dövləti bu təhdidlərə qarşı müstəqil, təkbaşına mübarizə apara bilməz. Dünyada qeyri-bərabər sosial iqtisadi inkişaf güclənmişdir. Qloballaşmanın müsbət səmərəsini hələ ki, dünyanın daha çox inkişaf etmiş ölkələri hiss edirlər. Ümumdünya qloballaşmanın sosial aspektləri üzrə komissiyasının rəyinə görə, 1962-ci ildə ən varlı və ən yoxsul iyirmi ölkə arasında əhalinin adambaşına düşən ÜDM göstəriciləri arasında fərq 53:1 təşkil etmişdir və 40 il ərzində bu fərq iki dəfədən çox artmış və 2009-cu ildə bu tənasüb 125:1 olmuşdur.

Dünya Bankının məlumatına görə, bu gün dünyada 800 milyon insan aclıqdan və ərzaq qıtlığından əziyyət çəkir, 1 milyard 300 milyon insan gündə 1 dollardan az gəlirlə yaşayır. 1,5 milyard insan üçün təmiz su əlçatmazdır. 80 faiz yoxsul ölkə dünya nemətlərinin yalnız 20 faizinə əli çatır. Ümumi "çiçəklənmə məkanın"ın əvəzinə bir sıra regionlarda "yoxsulluq məkanı" və sosial deqradasiya mühiti genişlənir ki, bu da beynəlxalq təhlükəsizliyə təhdid yaradan beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotika, silah alveri kimi bəlalar üçün münbit şərait yaradır. Beləliklə, beynəlxalq rəqabətin artması ilə , iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələr daha az inkişaf etmiş rəqiblərini sıxışdırırlar.

Yuxarıda deyilənləri Nobel mükafatı laureti Cosef Stiqlitsin sözləri ilə yekunlaşdırmaq olar : "Qloballaşmanın tərəfdarları israr edirlər ki, qloballaşma labüddür və onun nemətlərini reklam edirlər, əleyhdarları isə onun arzuedilməz nəticələrini çox parlaq şəkildə bütün təfərrüatı ilə təsvir edərək bu prosesin dayandırılmasını tələb edirlər. Ancaq belə düşünmək olar ki, qloballaşmanın insanların, o cümlədən inkişaf etmiş ölkələrdə, həyatını yaxşılaşdırmaq üçün böyük potensialı vardır və müəyyən aspektlərdə bu iş görülməkdədir. Məsələn, biliklərin qloballaşması səhiyyənin təkmilləşdirilməsinə, insan ömrünün uzadılmasına gətirib çıxarmışdır" .

Belə bir mülahizə ilə razılaşmaq olar ki, qloballaşma ciddi, ağıllı tənzimlənmə və idarəetmə obyekti olmalıdır. Etiraf edilməlidir ki, müəyyən neqativ tərəfləri ilə yanaşı qloballaşma özündə böyük imkanları ehtiva edir. Lakin onlardan istifadə etmək üçün ölkənin rəqabət qabiliyyətini artırmaq lazımdır. Bəs qloballaşma şəraitində rəqabətqabiliyyətlilik uğurun səbəbi ola bilərmi?

Qloballaşma - milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi qarşısında olduqca yüksək tələblər qoyur. Bu gün ölkənin rəqabətqabiliyyəti qlobal iqtisadiyyatda və siyasətdə ən nüfuzlu konsepsiyalardan biridir, çünki o, təkcə sırf iqtisadi göstərişləri əhatə etmir, həmçinin mühüm qeyri-iqtisadi hadisələrin iqtisadi nəticələrini qiymətləndirir. Ölkənin rəqabət qabiliyyətini necə ölçmək olar? Bu ölçünün ən sadə vasitəsi ümumi adambaşına düşən daxili məhsulun göstəricisidir. Bu göstərici nə qədər yüksəkdirsə, ölkə və onun əhalisi də bir o qədər varlı, həyat keyfiyyəti də yüksəkdir. Sevindirici haldır ki, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində Ermənistandan da, Gürcüstandan da öndədir. Ümumdünya İqtisadi Forumunun 2009-2010-cu ildə qlobal rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan reytinqdə 51-ci, Gürcüstan 90, Ermənistan isə 97-cidir.

Bu göstərici üzrə birinci yerdə İsveçrə dayanır, maliyyə bazarlarının və makroiqtisadi sabitliyin zəifləməsinə görə ABŞ ikinci yerə düşüb. Top beşlikdə növbəti yerləri Sinqapur, İsveç və Danimarka tutur.

Lakin rəqabət qabiliyyəti ölkənin yüksək iqtisadi artım tempinə nail olmaq və bunu saxlamaq qabiliyyəti ilə məhdudlaşmır. Rəqabət qabiliyyətinin başlıca göstəricisi əhalinin yüksək və keyfiyyətli həyatıdır. Mərkəzi ofisi Lozannada yerləşən Menecment İnkişaf İnstitutu ölkələr üzrə illik rəqabət qabiliyyətinə həsr olunmuş 320-dən artıq göstərici və ekspert qiymətləndirmələrini, o cümlədən 82 iqtisadi göstəricisini, hökümətin və idarəetmənin 77 göstəricisini, 69 biznes effektliliyi göstəricisini, 94 infrastruktur göstəricisini təhlil etmişdir. Ölkənin rəqabətqabiliyyəti məhz bütün yuxarıda sadalanan meyarların və faktorlarının qarşılıqlı təsiri ilə müəyyən edilir. Bunlardan bəzilərinin xüsusi rolunu qeyd etmək yerinə düşər.

Birincisi, təhsilin səviyyəsi. Mahiyyət bundadır ki, millətlər təkcə əmtəələr və xidmətlərlə rəqabət aparmırlar - onlar ictimai dəyərlər sistemi və təhsil sistemi ilə rəqabət aparırlar. İkincisi, insan kapitalının inkişafı. Müasir iqtisadiyyatda maddi əmtəələrdən və xidmətlərdən daha çox, intellektual potensiala diqqət yetirilir. Millətin müasir və səmərəli təhsil sistemini dəstəkləmək, təlim vasitəsilə işçi qüvvəsinin intellektual potensialını artırmaq qabiliyyəti rəqabətə tab gətirmək üçün son dərəcə vacibdir.

Üçüncüsü, innovasiya inkişafı. Rəqabət qabiliyyətinin bir hissəsi olan "texnologiyalar indeksi" innovasiya inkişafının səviyyəsindən, informasiya və kommunikasiya texnologiyalarının inkişafından, elmi tədqiqatlara və araşdırmalara, bu sahədə bizneslə universitetlərin əməkdaşlığına sərf olunan investisiyaların həcminin qiymətləndirilməsindən asılıdır. Qeyd edək ki, bu gün dünyada R&D üçün ayrılan vəsaitlər yüksələn trendlərlə artır. Məsələn, Yaponiyada bu 3,3% (2005-ci il), AB-də 1,7% (2005-ci il) olub, ABŞ-da (2006-cı il) 2,6%-dır. Türkiyə isə 2007-ci ildə R&D üçün ayrılan 0,71% vəsaitlə bir çox ölkələrdən geri qalır. Məqsədyönlü R&D üçün ayrılan vəsaitlərin önəmini daha erkən qavramış ölkələr müasir dünyada texnologiya istehsal edə bilir və bunun ixracını gerçəkləşdirir.

Dördüncüsü, icra keyfiyyəti. Yaponiya, Sinqapur, Almaniya, İsveçrə qlobal iqtisadiyyatda ideya və texnologiyaların uzaqgörənliklə konkret məhsula və xidmətə konvertasiyası - çevrilməsi sayəsində inkişaf etmiş ölkələrin nümunələridir.

Və nəhayət, siyasi iradə və milli konsensus. Yüksək rəqabət qabiliyyətinə can atan hər bir ölkənin siyasi rəhbərliyi üçün ən çətin məsələ təkcə  siyasi  iradəni  elan etmək deyil, hər şeydən əvvəl,  zəruri  dəyişikliklərin  həyata  keçirilməsi üçün  insanları  və  institutları  səfərbər  etməkdir.

Son 10-15 il ərzində rəqabətqabiliyyəti sahəsində yeni ölçü meydana gəlmişdir: qlobal iqtisadiyyatın yeni keyfiyyətə - "bilik iqtisadiyyatına" keçidi vurğulanır. Çox maraqlı rəqəmdir: müasir Qərb dünyasında fəal əhalinin yalnız 15%-inin əmtəə istehsalına birbaşa aidiyyəti var, qalan 85% yaradıcılıq, menecment və informasiyanın ötürülməsi prosesinə cəlb olunub. (Qeyd - burada cəlb olunub dedikdə əhalinin yüksək təhsil səviyyəsi və daim öz biliklərinin artırması qeyd olunan sahələrdə onların daha yüksək məvaciblə işləməsini şərtləndirir).

Məlum olduğu kimi, rəqabət qabiliyyəti nəzəriyyəsi daha kompleks şəkildə professor Maykl Porterin əsərlərində tədqiq olunmuşdur. Porterin nəzəriyyəsi milli rəqabət qabiliyyətini formalaşdıran determinantlara əsaslanır. Porter XXI əsrdə daha çox inkişaf etmiş ölkələrin təcrübəsini ümumiləşdirir. Onun fikrincə, ən mühüm nəticələr bundan ibarətdir: Birinci,milli çiçəklənmə irsən keçmir, onu yaratmaq lazımdır, ikinci, ölkələrin və regionların rəqabət qabiliyyəti daha çox onlardan necə səmərəli istifadə ilə müəyyən edilir.

Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, ölkənin iqtisadi səviyyəsi və onun dünyada rəqabət mövqeyi, ilk növbədə, onun insanlarının keyfiyyətindən - insan kapitalından asılıdır. Bəs niyə elm və təhsil, yeni texnologiyalar rəqabətqabiliyyətinin ən mühüm faktorlarıdır?

Biz yaxın 10 ildə ölkəmizi dünyanın daha rəqabətəqabil 30 ölkəsi sırasına çıxarmaq kimi strateji vəzifəni qoyarkən, gərək elm və texnologiyaların və təhsilin inkişafının qlobal meyillərini izləyək. Bu meyillər hansılardır?

Ekspertlərin rəyinə görə, 2010-cu ildə dünyada İnternetdən istifadə edənlərin sayı 2 milyardı keçəcəkdir. Tədricən qabaqcıl ölkələrin prioritet hesab etdiyi dünya səviyyəli tənqidi texnologiyalar formalaşmağa başlayır. Belə prioritetlərə, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları, əvvəlcədən verilmiş xüsusiyyətləri ilə yeni texnologiyaların, biotexnologiyaların əldə edilməsi, enerji təminatı, alternativ enerji mənbələrinin yaradılması aiddir.

Bu gün qlobal elmyüklü məhsullar bazarı olduqca yüksək templə inkişaf edir: burada son 20 il ərzində satışın həcmi beş dəfə artaraq 1 trilyon avronu keçmişdir. Beynəlxalq əmək bölgüsünün formalaşması ölkələrə imkan vermişdir ki, onlar resursları daha inkişaf etmiş potensiala malik olan elm və texnologiyalar istiqamətində cəmləşdirsinlər. Belə ki, hesablama və ofis texnikası istehsalının həcminə görə ABŞ, Yaponiya mütləq liderdir. Aviakosmik məhsullarının böyük ixracatçıları ABŞ, Böyük Britaniya və Fransadır. Son illərdə proqram təminatı istehsalı sahəsində dünya liderliyinə can atan Hindistanın nümunəsi çox təqdirəlayiqdir. Hindistan fenomeni bu sürətlə davam etsə, böyük xarüqələr yaradacaq. Belə ki, 2004-cü ildə Hindistan 17 milyard dollarlıq informasiya məhsulunu ixrac etmişdir. Bu gün hind mütəxəssislərinə İT kampaniyalarında böyük ehtiyac var və onlar Microsoftun əməkdaşlarının 34 faizini, Ay-Bi-Em-in işçilərinin 28 faizini, "İntel" kompaniyasının əməkdaşlarının 17 faizini təşkil edirlər.

Qloballaşmanın mühüm elementlərindən biri dünya elmi- texnoloji məkanının formalaşmasıdır. Beynəlxalq elmi-innovasiya infrastrukturunun tərkib hissəsi olan standartların, sertifikasiya sisteminin, intellektual mülkiyyət hüquqlarını qorumaq mexanizmlərinin unifikasiyası sahəsində mühüm addımlar atılmışdır.

Qlobal çevrədə alimlərin və elmi qurumların fəaliyyəti daha çox dərəcədə ümumdünya praktikasına söykənir, vahid beynəlxalq meyarlarla qiymətləndirilir və beləliklə, mütəxəssislərin beynəlxalq mübadiləsi geniş miqyasda artmışdır. Gələcək onillikdə yeni texnoloji nizamın başlıca inkişaf istiqamətləri olan bio və nanotexnologiyalar, süni intellekt sistemləri, qlobal informasiya şəbəkələri və yüksək sürətli nəqliyyat sistemləri, enerji qoruyan texnologiyalar, xüsusiyyətləri əvvəlcə verilmiş konstruksiya materiallarının istehsalı, nüvə energetikası daha da inkişaf edəcəkdir. İstehsalın daha çox intellektuallaşması, fasiləsiz innovasiya prosesinə keçid baş verəcəkdir. Tədricən biliklərə əsaslanan yeni cəmiyyətə keçid başa çatacaqdır. Azərbaycanın rəqabət qabiliyyətini artırmaq strategiyası reallaşdırılarkən bütün bunlar diqqət mərkəsində olmalıdır.

Təhsil sistemində qloballaşma həmçinin bir sıra meyillərlə səciyyəvidir. Qordon Draydenin və Canet Vosun "Təhsil inqilabı" (2003) əsərində təhsil sahəsində müasir dünyanın bir çox dövlətləri üçün xas olan problemlər geniş miqyasda təsvir edilmişdir: "Dünya elə sürətlə dəyişir ki, təhsil sistemləri isə elə süst və ətalətlidir ki, sanki zamanın tələsinə düşərək çoxdan başa çatmış keçmiş epoxaya xidmət göstərirlər".

Bunu bizim ünvanımıza da deyilmiş mülahizə kimi qəbul etmək olar. İnformasiya cəmiyyətində biliklər əsas dəyər mənbəyinə çevrilməkdədir. Bu baxımdan əsas gəlir mənbəyi kimi daha çox biliklər, innovasiyalar və onların praktik tətbiqi vasitələri çıxış edirlər. Yeni iqtisadi inkişaf tipi əmək qabiliyyətli insan üçün həyat boyu ixtisası, peşəni bir neçə dəfə dəyişmək, öz ixtisasını daim təkmilləşdirmək imkanları yaradır.

Təhsil sistemi informasiya cəmiyyətində iqtisadi sistemlə xeyli çulğalaşır, təhsil fəaliyyəti iqtisadi inkişafının ən mühüm komponentinə, geriliyin aradan qaldırılması faktoruna çevrilir.

Təhsil anlayışının özü transformasiyaya uğrayır və genişlənir. Getdikcə təhsil daha formal məktəb, hətta ali məktəb təlimi ilə daha az eyniləşdirilir. Funksional hazırlıq konsepsiyasından şəxsiyyətin inkişafı konsepsiyasına keçid baş verir. Yeni konsepsiya hər bir insanın imkanlarını nəzərə alan və onun özünü reallaşdırmasına və inkişafına kömək edən fərdiləşdirilmiş xarakterli təhsilə üstünlük verir.

Fasiləsiz təhsil, yaşlıların təhsili daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Hələ yaxın keçmişdə yaxşı xətti, yəni yazı yazmaq qocalana qədər rahat və təmin olunmuş həyat təminatı kimi çıxış edirdi. Son onilliklər insan fəaliyyətinin müxtəlif sahələrində texnologiyaların və biliklərin sürətlə yenilənməsi ilə səciyyəvidir. Hətta ali məktəb təhsilində qazanılmış biliklərin ömrü çox olmur. "General Motors" korporasiyasının prezidenti bu barədə belə deyir: "Bizə dördillik, hətta altıillik təhsilli yox, qırxillik təhsilli mütəxəssislər lazımdır".

Nəhayət, təhsilin beynəlxalq inteqrasiyası baş verir. Təhsilin inkişafının mühüm cəhəti onun qloballaşmasıdır. Bu cəhət müasir dünyada inteqrasiya proseslərinin mövcudluğunu, dövlətlər arasında ictimai həyatın müxtəlif sahələrində intensiv qarşılıqlı əlaqələri əks etdirir. Təhsil milli prioritet kateqoriyasından dünya prioritetləri kateqoriyasına çevrilir. Sadaladığımız meyillər Azərbaycanda elm və təhsil sisteminin əsas istiqamətlərini müəyyənləşdirməlidir.

Qlobal dünyada Azərbaycanın strategiyası: innovasiyaların və təhsilin inkişafı vasitəsilə biliklər iqtisadiyyatına doğru.

Nəyə nail olmuşuq və nəyə can atırıq?

Biz sistemli iqtisadi islahatların mürəkkəb yolunu keçərək bir çox cəhətdən MDB ölkələrini geridə qoymuşuq. Bu gün Azərbaycanda azad bazar iqtisadiyyatının inkişafı üçün münbit zəmin yaradılmışdır. Həyata keçirilmiş islahatların nəticələri göz qabağındadır. Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardandır. Biz başa düşürük ki, ölkəmizdə iqtisadi artım əsasən hasilat sektoru ilə bağlıdır. Lakin ümidverici meyillər də mövcuddur, çünki digər sahələrdə, məsələn emal sənayesi, tikinti, nəqliyyat və informasiya texnologiyaları sahəsində yüksək artım templəri nümayiş etdirilir.

Etiraf etmək vacibdir ki, bizim iqtisadiyyatımız əsasən ekstensiv inkişaf edir. Əgər biz indidən gələcəyə, postneft dövrünə boylanmasaq, 20-25 ildən sonra Azərbaycan dünya iqtisadiyyatının periferiyasında qala bilər. Ona görə də bu gün bizim qarşımızda yeni, rəqabətəqabil istehsalı inkişaf etdirmək vəzifəsi durur. Buna isə yeni texnologiyalarsız, qlobal rəqabətli bazarlar şəraitində işə yönümlənmiş müasir menecment modellərini tətbiq etmədən nail olmaq mümkün deyildir.

Ekspertlərin rəyinə görə, Azərbaycan hazırda iqtisadiyyatın sənaye inkişafı fazasına daxil olmuşdur. Lakin biz növbəti mərhələ, sənaye cəmiyyəti haqqında fikirləşməliyik - bu, innovasiyaların və texnologiyaların inkişafı dövrüdür.

Biz çalışmalıyıq ki, Azərbaycanda həyat keyfiyyətini və standartlarını 30 daha çox rəqabətəqabil ölkənin səviyyəsinə çatdıraq. Dünya bazarında Azərbaycanı rəqabətə tab gətirmək üstünlüyü yüksək ixtisaslı, mobil insan kapitalından və daim innovasiyaları tətbiq etməkdən ibarət olmalıdır. Bununla da ölkənin rəqabət qabiliyyətini artırmağın prioritet sahələri seçilməlidir.

Bu gün dünya yüksək texnologiyalar bazarı ildə 2,5 trilyon dollar həcmində qiymətləndirilir. Bunun 39 faizi ABŞ-ın, 30 faizi Yaponiyanın, 16 faizi Almaniyanın payına düşür. Dünyanın yerdə qalan dövlətlərinin payına isə qalan 15 faiz düşür. Bizim başlıca vəzifəmiz mümkün qədər tez bir vaxtda buraya daxil olub öz yerimizi tutmaqdır.

Ölkənin coğrafi mövqeyi Azərbaycanın perspektivdə regionun servis-texnoloji mərkəz kimi yüksək texnoloji istehsalı inkişaf etdirməyə imkan verir.

İnnovasiya iqtisadiyyatının cövhəri olan rəqabətqabiliyyətli texnologiyalar öz-özündən yaranmır. Bu, elmi tədqiqatın mürəkkəb və məsrəfli eksperimentlərindən və nəhayət, alimlərin ideya ruhundan qaynaqlanan çox çətin başa gələn məhsuludur. Yüksək brendli əmtəələrin istehsalı üçün, əlbəttə ki, xarici texnologiyanı əldə etmək lazımdır. Lakin unutmamalıyıq ki, heç bir özünə hörmət edən ölkə yeni texnologiyaları və istehsal sirlərini satmaq istəməz.

Bundan əlavə, əgər yalnız başqalarından götürəcəyimiz texnologiyalara arxayın olsaq, onda biz texnoloji geriliyimizi aradan qaldırıb, texnologiya və elmi sonradan inkişaf etmiş ölkələrdən asılı vəziyyətə düşə bilərik. Ona görə də öz elmimizi inkişaf etdirmək vacibdir. Bundan ötrü biz ölkənin elmi-texniki potensialını səfərbər etməli, elmin inkişafının prioritet istiqamətlərində toplanmış resursları bir yerə yığmalı, onun nailiyyətlərini istehsala fəal tətbiq etmək üçün şərait yaratmalıyıq.

Yeni elmi-texniki istiqamətlər -biotexnologiyalar, nanotexnologiyalar, informasiya-kommunikasiya texnologiyaları - bütün bu sahələrdə bizim vətən və transmilli bizneslə tərəfdaşlıq şəraitində konkret nəticələrə nail olmaq şansımız vardır. Yaxın gələcəkdə məhz bu istiqamətlərdə bizə minlərlə yüksək ixtisaslı mütəxəssis və diplomlu alimlər lazım olacaqdır.

Bəs elm və yeni texnologiyaları necə inkişaf etdirəcəyik?

Aydındır ki, elmin inkişafı iri maliyyə yatırımı tələb edir və ən yaxın illərdə biz bu sahəyə xeyli investisiya qoymalıyıq. Dövlət səviyyəsində biz 2015-ci ilədək elmi strateji hədəflərlə investisiya qoymağı planlaşdırmışıq.

Bu gün biz başa düşməliyik ki, elmə sərmayə qoymaqla iş bitmir, ölkənin elmi inkişafının idarəolunması sistemində struktur dəyişiklikləri tələb olunur. Elmin idarə edilməsində yeni mərhələyə - elmi müəssisələrin idarə olunmasından elmi tədqiqatların idarə edilməsi mərhələsinə keçmək lazımdır.

Təhsil sahəsində prioritetlərimiz.

Yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə elmi araşdırmalar sistemində elmi komplekslər olan, təkcə mütəxəssislərə təlim verməklə deyil, həmçinin texniki, təbiətşünaslıq və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlarla məşğul olan universitetlər böyük rol oynayır. Bunu ali məktəb elminə ayrılan yüksək payda maliyyələşdirmə sübut edir. Məsələn, ABŞ-da və Böyük Britaniyada ali məktəblərə elmə ayrılan sərmayənin 11-12 %-ə qədəri, Fransada və Yaponiyada 15-16%-i sərf olunur. Bütövlükdə, ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın, Yaponiyanın ən yaxşı universitetləri böyük elmi mərkəzlərdir. Universitet alimlərinin əsərləri dünyada nüfuzlu elmi ədəbiyyatın üçdə ikisindən çox hissəsini təşkil edir.

Zaman sürətlə irəliləyir, o, yeni qaydalar diktə edir və heç kəsi gözləmir. Azərbaycanın qabaqcıl ölkələrdən geri qalmağa haqqı yoxdur. Azərbaycan üçün sənaye ilə sıx bağlı olan iri təhsil, tədqiqat və elmi-istehsalat kompleksləri olan elitar universitetlər lazımdır.

Bunun üçün bütün ali məktəblərdə riyaziyyat istiqamətli tətbiqi kafedralarda tədrisin səviyyəsini keyfiyyətcə dəyişmək lazımdır. Çünki məlumatların riyazi metodlarla təhlilini hamı - mühəndislər, iqtisadçılar, hüquqşünaslar, inşaatçılar, dövlət xadimləri bacarmalıdır.

Dünya təcrübəsinin göstərdiyi kimi, kadrların riyazi hazırlığının yüksək səviyyəsi bütün sahələrdə irəliyə doğru keyfiyyət sıçrayışını təmin edə bilər. Təhsil sistemində islahatın mərkəzi vəzifəsi geniş miqyasda tətbiq olunan müasir informasiya texnologiyalarının təhsil proseslərinə tətbiq olunmasıdır.

Bu mərhələdə müəllimlərin hazırlığına və ixtisasının artırılmasının vacibliyinə xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, tədris proqramlarının beynəlxalq standartlara və müasir dünyanın tələblərinə uyğunlaşdırılması məsələsinə yenidən baxmaq zəruridir.

Bunun üçün biz xarici mütəxəssislərdən öyrənməli, onların təcrübəsinə yiyələnməliyik. Rəqabət qabiliyyəti məsələsi, hər şeydən əvvəl, keyfiyyət məsələsidir. Ölkənin ali məktəblərinin qabaqcıl dünya praktikasını nəzərə almaq şərtilə reytinqini tərtib etmək meyarları barədə dərindən düşünülməlidir. Reytinqin müəyyən edilməsi çox mühüm məqamdır. Yalnız rəqabət əsasında işləyən ali məktəb həqiqi rəqabətqabiliyyətli mütəxəssislər hazırlamağa qabildir.

Bu yanaşmada yeni tələbə, yeni gənc fəlsəfəsinə böyük ehtiyac var. Çünki Azərbaycan gəncinin dünyanın virtual sürətini izləmək üçün o qədər də geniş zamanı yoxdur. Bizə passiv, vaxt keçirən gənclik yox, öyrənən, düşünən gənclik lazımdır. Hər bir müəllim nə qədər yaxşı və peşəkar olsa da, öyrəncinin, tələbənin özü öyrənməyə səy göstərmirsə, müəllim ona heç bir şey verə bilməz. Bu o deməkdir ki, daim yeni biliklər əldə etmək, öz üzərində işləmək lazımdır. Yalnız bu yolla uğurlu insan olmaq mümkündür.

Müasir dünyada biliklərin və vərdişlərin "həyat tsikli" çox qısadır. Bunun nəticəsi olaraq təhsilin fasiləsizliyi və müntəzəm olaraq ixtisası artırmağın əhəmiyyəti getdikcə artır.

ABŞ-ın elmi ədəbiyyatında, məsələn, mütəxəssisin biliyinin köhnəlməsinin - "səriştəliliyin yarımitirilməsi dövrü" deyilən xüsusi ölçü vahidi mövcuddur.

Nüvə fizikasından əxz edilmiş bu termin indiki halda ali məktəbi bitirdikdən sonra yeni informasiyanın əldə edilməsi ilə qavranılmış biliklərin köhnəlməsi nəticəsində mütəxəssisin səriştəliliyinin 50 % aşağı düşməsini bildirir.

80-90-cı illərin ayrıcında qabaqcıl texnologiyalı müəssisələrdə çalışan mühəndislər üçün bu dövr 5-6 ildir, tibb işçiləri və bioloqlar üçün isə 3-4 ildir. Bu gün isə yeni biliklərə aramsız olaraq yiyələnmək mütəxəssisin öz ixtisas keyfiyyətini saxlamaq üçün birinci dərəcəli şərtdir. İnformasiya cəmiyyətində nə kompüterlər, nə də dəzgahlar deyil, biliklər və təfəkkürün yaradıcı potensialı, bu gün deyildiyi kimi, kreativlik həlledici əhəmiyyət kəsb edəcəkdir. Con Kennedinin dediyi kimi, "Bizə heç vaxt olmamış haqqında arzu edən insanlar lazımdır".

Hər on ildən bir insan biliklərinin həcmi ikiqat artır. Nəticədə biliklər daha dəyərli olur və həmişə tələb olunan resursa çevrilir. Azərbaycanın dünyanın daha çox rəqabətqabiliyyətli ölkələri sırasına çıxması o zaman mümkün olar ki, bu vəzifəni elm yüklü texnologiyaların biliklərinə, idarəetmə vərdişlərinə malik, yüksək ixtisaslı mütəxəssislər həyata keçirsinlər. Məsələn, əgər müasir mühəndisin işinə nəzər salsaq o saat aydın olar ki, o nəinki geniş həcmdə texniki biliklərə, həm də menecer vərdişlərinə malik olmalıdır. Axı o, texniki ideyanın yaranmasından, onun işləməsindən, layihələndirilməsindən, iqtisadi əsaslandırılmasından, ekoloji nəticələrinin qiymətləndirilməsindən hazır məhsulun buraxılışınadək hansı yolu keçəcəyi barədə təsəvvürə malik olmalıdır. Texniki sahədə yaxşı peşə hazırlığı iqtisadi istehsal sahəsində mötəbər biliklərə və onun idarə olunmasına söykənməlidir. Bununla yanaşı, xarici dilləri, makroiqtisadiyyatı və başqa ölkələrin hüquq sistemlərini bilmək tələb olunur.

Təhsilli, savadlı insanlar XXI əsrdə bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. İnkişaf etmək istəməyən, irəli getməyən, öz yerini başqasına rəqabətə daha qabil mütəxəssisə verməlidir. Necə deyərlər, "ya irəli getməlisən, ya da kənara çəkilməlisən". Müasir rəqabətli dünyanı məhz bu prinsip idarə edir. Və bu prinsip bizim həyat mövqeyimizi daha çox müəyyən etməlidir.

Bu gün özünə inanan, arzusu olan və bunu həyata keçirmək iradəsinə malik olan istedadlı, enerjili insanların dövrü, zamanıdır. Qüvvəni əsirgəmədən işləməlisən, öz üzərində çalışmalısan ki, niyyət etdiyinə nail olasan. XXI əsrin ilk illərindən ictimai inkişafı təmin edən dəyər prioritetlərinin dəyişməsi meyili daha aydın görünür. Bəşəriyyətin növbəti əsrə transformasiyası ilə üst-üstə düşən inkişaf təkcə insan fəaliyyətinin və onun müvafiq təşkili vasitələrinin dəyişməsini şərtləndirmir. Təhsildə innovasiya bütövlükdə təhsil sisteminin strukturunu, məzmununu və təşkilini dəyişməyə imkan verən təhsilin inkişafının idarə olunmasının spesifik formasıdır. Nəticədə idarəetmə mədəniyyətinin özü də transformasiyaya məruz qalır.

Cəsarət VALEHOV,
İctimai TV-nin "Açıq dərs" proqramının moderatoru,

AMEA-nın doktorantı

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov