Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Avqust 2010 - 30

 

İxtisasartırma günün tələbidir

Bookmark and Share

Hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını təmin etmək üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq naminə hər bir müəllimin professional səviyyəsini, peşə ustalığını artırmaq ixtisasartırma müəssisələrinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 oktyabr 2009-cu il tarixli kollegiya iclasında "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif olunan yeni model" mövzusunda hörmətli nazir Misir Mərdanovun məruzəsi AMİ-nin rəhbərliyi tərəfindən hərtərəfli təhlil edilmiş, yol verilən nöqsanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilmişdir.

Bu vacib vəzifəni Azərbaycan Müəllimlər İnstitutu, onun 11 filialı və digər müəssisələr həyata keçirirlər.   

Bu gün Azərbaycan Müəllimlər İnstitutunda bir neçə formada ixtisasartırma təhsili həyata keçirilir. Ali məktəbin professor-müəllim heyətinin üçaylıq, orta ixtisas təhsili müəssisələrinin ixtisas fənn müəllimlərinin 2 ay müddətinə olmaqla hər iki kateqoriyanın ixtisasartırma təhsili 2 mərhələdən ibarətdir. Birinci mərhələ elmi-nəzəri biliklər mərhələsidir. Hər iki kateqoriya bu mərhələni Azərbaycan Müəllimlər İnstitutunda başa vurur. İkinci mərhələ peşə-ixtisas hazırlığı mərhələsidir ki, bu mərhələ ayrı-ayrı universitetlərin baza kafedralarında, elmi-tədqiqat institutlarında həyata keçirilir. Peşə məktəbləri və peşə liseylərinin, ümumtəhsil, məktəbəqədər tərbiyə müəssisələrinin bütün əməkdaşlarının ixtisasartırma təhsilinin müddəti 12-24 gündür. İxtisasartırma təhsilini həyata keçirmək üçün institutun müvafiq kafedraları ilə birlikdə hazırlanmış 63 adda tədris-tematik plan elmi-metodiki şurada müzakirə olunaraq təsdiq edilmişdir. Bu tədris-tematik planlarda ilk dəfə olaraq dinləyicilərin arzu və istəklərini nəzərə almaq üçün 6 saat sərbəst vaxt ayrılmışdır.

İxtisasartırma təhsilində demokratik prinsiplərə əməl olunmadan onu təkmilləşdirmək olmaz. Odur ki, ixtisasartırma təhsilinə gələn dinləyicilərin arzu və istəkləri bir neçə üsulla öyrənilir, həyata keçirilir. İlk növbədə dinləyicilər tədris-tematik planla tanış olurlar. Orada nəzərdə tutulan mövzulardan əlavə nəyi öyrənmək istədiklərini müəyyənləşdirmək üçün kurs başlayandan 3 gün sonra giriş anket sorğusu keçirilir. Sorğuya əsasən müəllimlərin tələbatlarına uyğun çevik proqramlar tətbiq edilir.

Beləliklə, dinləyicilərin tələbatı öyrənilir və onlara tədris-tematik planda nəzərdə tutulan mövzularla yanaşı, arzu etdikləri mövzular da müəyyənləşdirilir və tədris olunur. İxtisasartırma təhsilinin yekununda arzu olunan mövzular və təhsildəki yeniliklər üzrə mənimsəmə səviyyələrini müəyyənləşdirmək məqsədilə çıxış anket sorğusu keçirilir. Bununla yanaşı, kursun sonunda məqbul və test vasitəsilə dinləyicilərin biliyi qiymətləndirilir.

İxtisasartırma təhsili dövründə institutun rəhbərliyi mütəmadi olaraq dinləyicilərlə görüşərək onlara mühazirə oxuyan müəllimlərin təlim keyfiyyətinin effektliyi, məzmunca müasirliyi və təcrübə saatlarının Bakı şəhərində yerləşən ən müasir və qabaqcıl məktəblərdə təcrübə mübadiləsi aparılması məsələlərini öyrənir. Bu məqsədlə 2009-2010-cu dərs ilində institut rəhbərliyi Təhsil Nazirliyinin 19 aprel 2010-cu il tarixli 445 nömrəli əmrinə uyğun olaraq 23 təhsil müəssisəsində ilkin müəllim hazırlığı, ixtisasartırma, təkmilləşdirmə və yenidənhazırlanma  təhsilinin həyata keçirilməsi və bu təhsil ocaqlarında təcrübə mübadilələrinin aparılmasına nail olmuşdur. Hətta böyük pedaqoji təcrübəsi olan dinləyicilərin özlərinə də mühazirə oxumaq üçün müraciət olunur. Bütün bunlar ixtisasartırma təhsilinin keyfiyyətinin yüksəlməsinə və dinləyicilərin razılığına müsbət təsir edir.

Azərbaycan Müəllimlər İnstitutunda və onun filiallarında təkcə 2007-2008-ci tədris ilində 11 min təhsil işçisi ixtisasını artırmışdır. Təlimata uyğun olaraq təhsil işçiləri 5 ildən bir ixtisasartırma təhsilindən keçməlidirlər. Təhsil sahəsində isə durmadan yeniliklər meydana çıxır.

Son vaxtlar təhsil sistemində Boloniya prosesi, Kurikulum, Fəal/interaktiv təlim üsulları, İnkluziv təhsil, Klinik müşahidə, İKT-nin tədrisə tətbiqi və s. kimi yeniliklər meydana gəlmişdir. Onları vaxtında müəllimlərə öyrətmək müasir təhsilimizin keyfiyyətini yüksəltmək üçün vacibdir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Müəllim 10-15-20 il bundan öncəki səviyyəsi ilə bizim bugünkü yüksək təhsilimizi təmin edə bilməz. Gərək müəllim öz üzərində daim işləsin, dünyanın texniki, elmi-tərəqqi nailiyyətlərindən xəbərdar olsun və onları tələbələrə, gənclərə, uşaqlara çatdırsın".

Əlbəttə, bütün bu yenilikləri təkcə Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının vasitəsilə vaxtında yerlərə çatdırmaq çox çətindir. Odur ki, yerlərdə dayaq məntəqələri vasitəsilə və "Kaskad" üsulu ilə xüsusi seminarlar təşkiletmə metodlarından istifadə olunur.

Yerlərdə seminarları aparmaq üçün dayaq məntəqə rəhbərləri ilə "Öyrədənlərin öyrədəni", "Kaskad" üsulu ilə seminar aparmaq üçün mühazirələrin hazırlanması məqsədilə xüsusi kurslar təşkil olunur.

"Kaskad" üsulu ilə yerli seminarlar aparan mühazirəçilər üçün 6 günlük, dayaq məntəqə rəhbərləri üçün isə 3 mərhələdən (modul, hərəsi 36 saat) ibarət seminarlar təşkil olunur. Birinci və ikinci mərhələnin iştirakçılarına arayış, üçüncü mərhələni bitirənlərə isə sertifikat verilir.

Müxtəlif kateqoriyalar üzrə sertifikat alan müəllimlər dayaq məntəqələrinə rəhbərlik edir, yerlərdə seminarların, treninqlərin təşkilatçısı, əsas iştirakçıları olurlar. Qeyd edək ki, təkcə 2009-2010-cu dərs ilində 423 nəfərin iştirakı ilə  "Öyrədənlərin öyrədəni" proqramı üzrə 3 mərhələdə həftəlik seminarlar təşkil edilmişdir. Onlardan 187 nəfəri birinci mərhələnin, 161 nəfəri ikinci mərhələnin, 75 nəfəri isə üçüncü mərhələnin iştirakçısı olmuşdur. Ümumilikdə götürəndə təhsildə olan yeniliklərin pedaqoji kollektivlərə çatdırılması üçün bu rəqəmlər o qədər də yetərli deyil. "Öyrədənlərin öyrədəni" təlimində əsas birinci mərhələdir ki, bu təlimə göndərilən müəllimləri yerli təhsil orqanları müəyyənləşdirir və həmin tərkib sonrakı üç mərhələni də keçir. Təəssüflə qeyd edək ki, birinci mərhələyə göndərilənlərin bir çoxu əsasən yaşlı, təcrübəsiz və təlimdə o qədər də yüksək fəaliyyəti olmayan müəllimlər olurlar. Eyni zamanda göndərilən müəllimlərin ezamiyyə haqqının ödənilməsi məsələsi də xeyli çətinlik törədir. Yaxşı olar ki, yerli təhsil orqanları ilə maliyyə orqanları bu məsələni vaxtında müsbət həll etsinlər.

"Kaskad" üsulu ilə seminarlar da 6 günlük proqram əsasında həyata keçirilir. Müxtəlif kateqoriyadan olan müəllimlər bu seminarları keçərək yerli mühazirəçi statusu alırlar. Onlardan nə dərəcədə istifadə olunması məsuliyyəti isə yerli təhsil orqanlarının və məktəb rəhbərlərinin üzərinə düşür.

Məlum olduğu kimi, Azərbaycan hökuməti və Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış II kredit sazişinə əsasən ölkəmizdə 5 komponent üzrə 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişaf Layihəsi həyata keçirilir. Təhsil Sektorunun İnkişaf Layihəsinin əsas istiqamətlərindən biri kimi "Ümumi təhsilin keyfiyyətinə real tələbatlar uyğunluğu" komponentinin tərkib hissəsi olan "Kurikulum islahatı" alt-komponenti bilavasitə ümumi təhsilin məzmununun yeniləşməsi sahəsində aparılan islahatyönümlü tədbirləri əhatə edir. Həmin layihə çərçivəsində "Milli Kurikulum" üzrə məşqçilərin hazırlanmasına ehtiyac duyulurdu. Odur ki, Təhsil Nazirliyi ilk növbədə məşqçilərin hazırlanmasına dair seminar keçirdi. Həmin məşqçilərin əksəriyyəti Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarıdır. İndi demək olar ki, Azərbaycan Müəllimlər İnstitutunda "Fəal/interaktiv təlim üsulları" və "Milli Kurikulum" üzrə seminarlardan keçən milli məşqçi statusu alan Emiliya Kərimova, Zöhrə Əliyeva, Xuraman Nağıyeva, Solmayə Əmrəliyeva, Mətanət Abbasova, Arzu Kərimova və bu sətirlərin müəllifindən ibarət işçi qrupu yaradılmışdır. Yeri gəlmişkən, qeyd edək ki, belə öyrədici seminarların keçirilməsi və məşqçilər hazırlanması prosesi davam etdirilir. Təhsil Nazirliyinin təşkil etdiyi seminarlarda məşqçi kimi fəal iştirak etmək üçün yeni tərkib hazırlanır. Eyni zamanda onların köməyilə Azərbaycan Müəllimlər İnstitutunda çalışan bütün professor-müəllim heyəti üçün ardıcıl olaraq "Fəal/interaktiv təlim üsulları" və "Milli Kurikulum"a dair seminarlar keçirilir.

İnstitut bu kurslardan təkcə öz əməkdaşları üçün deyil, institutun filiallarında və onların dislokasiyalarına daxil olan R(Ş)TŞ-ların metodistlərinin iştirakı ilə də seminarlar təşkil edir. 2009-cu ilin aprel-may aylarında 11 filialın hamısının bazasında belə seminarlar təşkil edilmiş və dinləyicilərə sertifikatlar verilmişdir.

2008-2009-cu dərs ilindən başlayaraq respublikamızın bütün məktəblərində I sinifdə dərs deyən müəllimlər üçün "Kurikulum" təlimi üzrə seminar təşkil edilir. İnstitutumuzun 8 nəfər əməkdaşı respublikamızın müxtəlif rayon və şəhərlərində belə seminarların təşkilində fəal iştirak edirlər. Ölkəmizin təhsil siyasətinə uyğun olaraq institutumuzda təxirəsalınmaz məqsədyönlü işlər aparılır.

Bunu nəzərə alaraq, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı çox mühüm təklif irəli sürüb. Bakalavr pilləsinin IV kurslarında "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə təhsil alan tələbələrə "Kurikulum" öyrədilərək onlara diplomla yanaşı "Kurikulum"a dair sertifikat da verilir. Bu, gənc müəllimlərin hazırlıq səviyyəsinə müsbət təsir göstərir və onların yenidən kurs keçmələrinə ehtiyac qalmır. Artıq ikinci ildir ki, bakalavr pilləsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə IV kurs tələbələri təcrübədən sonra "Yeni fənn kurikulumların öyrədilməsi" üzrə seminarlarda fəal iştirak edərək bu təlimi öyrənməklə istehsalata göndərilmişlər. 2008-2009-cu dərs ilində 142 nəfər, 2009-2010-cu dərs ilində 65 nəfər sertifikat almışdır. Bütün bu seminarları aparanlar institutumuzun "Kurikulum" təlimini bilən və tətbiq edən öz əməkdaşlarımızdır.

Hər iki dərs ilində kurikulumların tətbiqi üzrə yekun məşğələsində Təhsil naziri Misir Mərdanov iştirak etmiş və tələbələrə Təhsil Nazirliyinin sertifikatını təqdim edərkən bu təlimə görə institut rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Kurikulum təliminin daha effektli öyrədilməsi üçün institut rektorluğu respublikada fəaliyyət göstərən pedaqoji institutların bakalavr pilləsində "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə təhsil alan tələbələrin digər fənlər kimi Kurikulumun öyrənilməsi üçün tədris planına "Milli Kurikulum"un bir fənn kimi daxil olunmasını təklif edir. Bu da məzunların bu sahədə lazımi biliklərə yiyələnməsinə və onların işlə təmin olunmasına kömək göstərir.

Hər il AMİ və onun  filiallarında 11-12 mindən çox müəllim ixtisasartırma təhsilindən keçir. Artıq həmin təhsilə cəlb edilən rəhbər və digər kateqoriyadan olan pedaqoji işçilərə kurikulum təlimi öyrətmək üçün yeni tədris-tematik planlar hazırlanır və 10-12 saatlıq kurikulum təlimi keçməsi planlaşdırılır.

Aparılmış araşdırmalar göstərir ki, bütün kateqoriyadan olan pedaqoji işçilərin kurikulum təlimini öyrənməyə böyük ehtiyacı vardır. 

Belə qənaətə gəlmək olar ki, indiki mərhələdə pedaqoji kadrları yeni təlim üsulları ilə silahlandırmaq, təhsil sahəsində baş verən yenilikləri müasir tələbatlara uyğun olaraq onlara öyrətmək üçün ixtisasartırma kurslarının imkanları çox genişdir. Belə ki, AMİ-nin rəhbərliyi əlavə təhsil sahəsində müasirliyi təmin etmək məqsədi ilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi sahəsində də araşdırmalar aparır və yeniliyi tətbiq etmək üçün bir sıra inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir. Son iki ildə institut əməkdaşları Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Türkiyə və Fransa respublikalarında təcrübə mübadilələri aparmışlar.

Rahim ƏZİZOV,
AMİ-nin Əlavə təhsil
üzrə prorektoru

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

6 Avqust 2010 - 30

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunmuş tələbələrlə görüş keçirilib
 
Yunanıstanda Heydər Əliyev adına təqaüd təsis ediləcək
 
"İnformatika" dərsliyi istifadəyə veriləcək
 
Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb
 
"Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-da təhsil alacaqlar
 
Mingəçevirdə 3 yeni məktəb binası tikilib
 
"Xalq kompüteri" layihəsinin ikinci mərhələsi üzrə 7 min 893 kompüter satılıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Müasir dövrdə təhsilin məzmunu və onun idarə edilməsi
 
İxtisasartırma günün tələbidir
 
Süleyman Rüstəmin "Təbrizim" şeirinin tədrisi
 
Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
 
Şagird məhəbbəti qazanan müəllim
 
Pedaqoji kollektivin sevinci
 
XX uluslararası Akçaabat musiqi və xalq oyunları festivalı
 
Uşaqlar yay istirahətlərini maraqlı keçirirlər
 
Təhsilə həsr edilən ömür
 
"Tarixi və çağdaş ədəbi prosesə  dair araşdırmalar"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov