Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Avqust 2010 - 33

 

2010-2011-ci dərs ili qarşısında

Bookmark and Share

Müstəqil Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatı sürətlə dəyişir, bütün  sahələrdə uğurla başlanmış islahatlar davam etdirilir. Bu islahatlar cəsarətli olduğu kimi, həm də möhtəşəm və əzəmətlidir. Çünki onun özülü, bünövrəsi çox yüksək peşəkarlıqla qoyulmuşdur. Ulu öndər Heydər Əliyev təhsil islahatlarının başlandığı vaxtdan xeyli keçdikdən sonra bu hadisələrə yüksək qiymət verərək demişdir: "Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır". Təhsil sahəsində başlanmış islahatlar möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi sahəsində yüksək nailiyyətlər əldə olunur.

Bu gün müstəqil bir ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır. Artıq neçə illərdir ki, təhsilin mümkün olan zəruri, hüquqi bazası yaradılmış, təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülmüşdür. Xüsusən bu günlərdə Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq, "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədi hazırlanmış və 03 iyun 2010-cu il tarixdə hökumət tərəfindən təsdiq olunmuşdur.

Bu sənəd ölkəmizin təhsil tarixində ilk dəfə hazırlanmış və 2006-cı ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" əsasında işlənmişdir. Sənəddə ümumi təhsilin səviyyələri və fənlər üzrə ümumi təlim nəticələri bir daha təkmilləşdirilmişdir. "Ümumi təhsilin idarə olunması", "Ümumi təhsilin infrastrukturu", "Ümumi təhsilin maddi-texniki və tədris bazası", "Ümumi təhsil pilləsində təhsil verənlərin keyfiyyət göstəriciləri" və s. kimi zəruri olan yeni məsələlər sənədə daxil edilmişdir.

Qarşıdan gələn ənənəvi sentyabr konfranslarında ölkənin təhsil həyatında aparılan bu dəyişikliklərlə bağlı konkret faktlara diqqət yönəltmək, müzakirələrdə daha inandırıcı söhbətlərə üstünlük vermək tövsiyə olunur. Çox yaxşı olar ki, artıq ənənə halını almış "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri barəsində müzakirələr açılsın və bu hadisə ölkə miqyasında təhsilə göstərilən böyük diqqət və qayğı kimi dəyərləndirilsin. Hər rayon özünün həmin müsabiqədə iştirakı baxımından nailiyyətlərini və çatışmazlıqlarını qeyd etməlidir.

Ölkədə aparılan təhsil islahatlarında maddi-texniki bazanın möhkəmləndirilməsi xüsusi istiqamət kimi diqqəti cəlb edir. Bu vaxta qədər xeyli sayda dünya standartlarına uyğun məktəb binası tikilmişdir. Yalnız 2010-cu ildə respublikada 12380 yerlik 34 belə yeni məktəb binası inşa edilmiş, 25 məktəbin isə inşasına başlanılmışdır. 64 rayon 27414 parta, 2315 yazı lövhəsi, 4313 yazı masası və 7662 müəllim stolu ilə təmin olunmuşdur. 115 məktəbdə müasir fizika və kimya laboratoriyaları quraşdırılmış, 66 məktəb kitabxanası zəruri avadanlıqlarla təchiz olunmuşdur.

Bunlardan əlavə, məktəbin İKT sahəsində inkişafı ilə bağlı da xeyli tədbirlər həyata keçirilmişdir. Belə ki, 73 məktəbə 200 proyektor, "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbə 300 kompüter, 336 noutbuk verilmiş, 20 min müəllim, 4 min inzibati və 600 texniki heyət işçisi İKT üzrə öyrədici kurslardan keçmişdir.

2010-2011-ci dərs ili üçün 111 adda 4 milyon 506 min 650 nüsxə dərslik və müəllim üçün vəsait çap olunaraq yerlərə göndərilmişdir. Bunlardan 40 adda 1 milyon 888 min 250 dərslik və metodik vəsait yeni fənn kurikulumları ilə işləyəcək III siniflər üçün nəzərdə tutulmuşdur.

Həmçinin Təhsil Sektorunun  İnkişafı üzrə İkinci Layihənin  "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponenti çərçivəsində tədbirlər həyata keçirilməyə başlanmışdır. İlk olaraq I siniflərdə dərs deyəcək müəllimlərlə müvafiq qaydada iş aparılmış, 9 minə qədər ibtidai sinif müəllimi təlim kurslarına cəlb olunmuş, onların peşəkarlığının artırılması istiqamətində işlər görülmüşdür. Ötən il yalnız Bakı şəhərində 230 təhsil işçisi və müəllim yeni kurikulumlarla bağlı təlim kursundan keçərək məşqçi müəllim statusu almışdır.

Eyni zamanda respublikanın rayon və şəhərlərində yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı araşdırmalar aparılmış, mövcud vəziyyət öyrənilmiş, ümumiləşdirilərək təhlil edilmişdir. Heç şübhəsiz, sadalanan bu işlər istiqamətində hər bir rayon və şəhərdə də müvafiq işlər görülmüşdür. Konfranslarda bu məsələlərin də ümumiləşdirilərək müzakirə edilməsi, yaranmış problemlər ətrafında fikir mübadilələrinin aparılması məqsədəuyğun hesab edilir.

"Kurikulum" müasir təhsil modelini ifadə edən termin və pedaqoji anlayış kimi ölkədə həyata keçirilən təhsil islahatı ilə əlaqədar işlənməyə başlamışdır. Hər bir ölkənin təhsil modeli müəyyən sənədlərdə təsbit olunur. Təhsil modelinin bu və ya digər səviyyədə əks olunduğu sənədlər kurikulum adlanır. Artıq ölkəmizdə orijinal kurikulum nümunələri yaradılmışdır. Həmin kurikulumlarda ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər, ibtidai, ümumi orta və tam orta təhsilin məqsədləri, bu pillələrdə tədris olunan fənlərin məqsədləri (ümumi təlim nəticələri şəklində), bu məqsədlərin həyata keçirilməsini təmin edən pedaqoji prosesin təşkili, idarəetmənin prinsipləri, şagird nailiyyətlərinin qiymətləndirilməsinin mexanizmləri müəyyən olunmuşdur.

Fənn kurikulumları işlənib  hazırlanmışdır. Məlum olduğu kimi, ibtidai siniflər üçün fənn kurikulumları artıq istifadəyə verilmişdir. Hər bir fənn kurikulumu Milli Kurikulumda onun qarşısında qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində bütün zəruri fəaliyyətlərin modelini əks etdirir. Burada fənnin təhsil pillələri və siniflər üzrə məqsədləri, bu məqsədlərin həyata keçirilməsini təmin edən məzmun, təlimin strategiyaları, təlimin təşkilinə verilən tələblər, təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr, müəllimlərin təlim fəaliyyətinin planlaşdırılmasına aid nümunələr, habelə şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartları, qiymətləndirmə vasitələrinə aid nümunələr öz əksini tapmışdır.

Hər bir fənn kurikulumunun nüvəsini onun məzmun standartları təşkil edir. Məzmun standartları fənnin məzmununun yığcam ifadəsidir. Onun əsasında dərsliklər və digər tədris vəsaitləri (metodik vəsaitlər, didaktik materiallar) tərtib olunur, qiymətləndirmə standartları və bunların da əsasında qiymətləndirmə  vasitələri hazırlanır. Bütün bunlar məzmun standartlarına nail olunmağa xidmət edir.

Hazırda ibtidai təhsilin davamı olaraq ümumi orta və tam orta təhsil səviyyələri üçün də fənlər üzrə standart hazırlanmaqdadır. Artıq on fənn üzrə standartlar layihəsi çap olunaraq ictimaiyyətin müzakirəsinə verilmişdir. Maraqlananlar həmin layihələrlə İnternet vasitəsilə www.kurikulum.az portalında da tanış ola bilərlər.

Fənn kurikulumlarının hazırlanması işi davam etməkdədir. Lakin önəmli olan bu məsələyə diqqət yetirmək, onu ciddi müzakirə  obyektinə çevirməkdən ibarətdir. Müasir pedaqoji yanaşmalardan biri olan kurikulum məsələsinə sadəcə yeni bir termin kimi deyil, təhsilin yeni məzmununu, texnologiyalarını, qiymətləndirmə mexanizmlərini və s. əhatə edən anlayış kimi yanaşılmalı, qlobal dünyanın təhsil aləmindəki uyğunluqların bir cəhəti kimi şərh olunmalıdır.

Müşahidələr göstərir ki, müəllimlər təhsildə standart anlayışının işlənməsinə birmənalı yanaşmırlar. Bu terminin daha çox texniki və texnoloji sahələrə aidliyi barədə fikirlər söyləyirlər. Təcrübələr göstərir ki, standart anlayışına  bəzən birtərəfli münasibət bildirilməklə onun mənasında təhriflərə yol verilir.

Fikrimizcə, təhsil haqqında yeni qanundan irəli gələn vəzifələrdən biri təhsil standartlarının mahiyyəti məsələsidir. Təhsil standartı bir pedaqoji anlayış kimi ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda normativ-hüquqi sənədlərdə işlənməyə başlamış və bu gün Azərbaycan Respublikasının yeni Təhsil Qanununda özünə geniş yer tutaraq hüquqi status qazanmışdır. Qeyd olunmuşdur ki, "Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsil verənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir". Ona görə də ümumi təhsilin bütün səviyyələri üçün hazırlanmış təhsil standartlarını diqqətlə öyrənmək, öz fəaliyyətlərini onların tələbinə uyğun olaraq qurmaq hər bir təhsil işçisinin təxirəsalınmaz vəzifəsi kimi müzakirə olunmalıdır.

Bu baxımdan ölkəmizin yeni qəbul olunmuş "Təhsil haqqında" Qanunundan irəli gələn vəzifə kimi yeni təhsil sənədlərindən birinin 2010-cu il iyunun 3-də hökumətin təsdiq etdiyi  "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədində öz əksini tapmış milli standartların üzərində xüsusi olaraq dayanmaq vacib hesab edilir. 14 bölmədən ibarət olan bu sənədin ən geniş hissəsi təhsilin məzmununu əks etdirir ki, orada təhsil səviyyələri üzrə fənlərin nəticələri verilmişdir. Bu nəticələr şagirdlərin ümumi təhsilin hər bir səviyyəsi üzrə inkişafını müəyyən edən standartlardır. Əslində mahiyyət etibarı ilə bu nəticələr dövlətin təhsil müəssisələri qarşısında qoyduğu milli səviyyəli standartlardır ki, onlar təhsilin keyfiyyət göstəriciləri olmaqla həm də idarəolunmanın mühüm vasitəsi kimi çıxış edir.

Ümumi təhsil sistemində çalışanların müzakirə obyektində dayanan təhsil standartları mahiyyət etibarı ilə məzmun standartları və qiymətləndirmə standartlarından ibarət olduğundan və bu məsələlər respublikamızda hazırlanan kurikulum sənədlərində, xüsusən ibtidai siniflərdə əhatə olunduğundan onların ətrafında müzakirələrin dərinləşməsi faydalı hesab edilir. Çünki müasir təhsil yanaşmalarına görə, təhsilin məzmunu anlayışı özünün ənənəvi mahiyyətini mühüm parametrlərinə görə dəyişir. Təhsil standartları təhsilin məzmununa çevrilir.

Müəllimlər sentyabr konfranslarında müzakirələrini məhz bu məsələyə yönəltməklə həm nəzəri səviyyələrini yüksəldəcək, həm də gündəlik praktik fəaliyyətlərini təşkil etmək üçün düzgün istiqamət müəyyənləşdirə biləcəklər.

Nəzərə almaq lazımdır ki, dərs problemi ilə bağlı vacib məsələ həmişə müəllimlərin diqqət mərkəzində olmuşdur. Bu, hər dərs üçün müvafiq təlim məqsədinin müəyyən olunmasıdır. Təcrübə onu göstərir ki, bu məsələ illər boyu müəllimin gündəlik dərsini planlaşdırmasına formal olaraq yanaşması səviyyəsində qalmışdır. Dərsin məqsədi kimi müəyyənləşdirilən həmin elementə o qədər də ciddi əhəmiyyət verilməmiş, müəllimlər də onu necə gəldi yerinə yetirmişlər.

Şəxsiyyətin inkişafını təmin edən müasir təhsilin qurulmasında təlim standartları hər bir təhsil işçisindən, xüsusən də müəllimlərdən təlim prosesində fəaliyyətlərini konkret və aydın məqsəd ətrafında qurmağı tələb edir. Şagirdlərin irəliləyişləri, əldə etdiyi nailiyyətləri müəllimlərin fəaliyyətinin keyfiyyət göstəricisi kimi qiymətləndirilir.

Müzakirələrdə dərslik problemi də müəllimlərin müzakirə obyektinə çevrilməlidir. Bunu ötən illərin bölmə iclaslarında əldə olunmuş nəticələr də təsdiq edir.

Məlum olduğu kimi, bu gün respublika məktəblərinin istifadəsinə iki tipdən olan dərsliklər verilmişdir. Onlardan birincisi ümumtəhsil məktəblərinin proqramlarına  uyğun olaraq IV-XI siniflər üçün hazırlanmış dərsliklərdir. İkincisi isə ibtidai təhsilin I-III sinifləri üçün işlənmiş dərslik komplektləridir. Mübaliğəsiz demək olar ki, bu gün ölkəmizdə dərsliklərin hazırlanması sahəsində böyük təcrübə qazanılmışdır. Hazırda bu təcrübənin dünyanın inkişaf etmiş təhsil sistemlərinin ən qabaqcıl ənənələri əsasında daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Son dövrlərdə ölkəmizdə ümumi təhsil sistemində dərslik siyasətinin qəbul edilməsi də məhz dərsliklərin daha da yaxşılaşdırılması istiqamətində yerinə yetirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilir. Heç şübhəsiz, təlim prosesində dərsliklərin rolu əvəzedilməzdir. Alimlər də özlərinin elmi-nəzəri araşdırmalarında getdikcə dərslik amilinin artdığını və onun xüsusi  olaraq nəzərə alınmasını qeyd etmişlər. Təbii, biz də şəxsiyyətyönümlü müasir Azərbaycan təhsilinin formalaşdığı hazırkı mərhələdə belə bir fikrin tərəfdarıyıq: "Şagird şəxsiyyətinin formalaşdırılmasında dərsliklərin rolunun hər vasitə ilə artırılması zəruridir" (Ə.Ə.Əlizadə).

Lakin o da danılmaz bir faktdır ki, təlim prosesinin qarşılıqlı fəaliyyət əsasında qurulmasında istifadə olunan bütün materiallar , o cümlədən dərsliklər də ən zəruri təlim vasitələrindən biridir. Müəllim öz məqsədinə nail olmaq üçün dərsliklərə, yaxud hər hansı tədris vasitələrinə müraciət edir.

İnformasiyaların bolluğu şəraitində yaşadığımızdan dərsliklər zamanın informasiya axınını qabaqlamaqda istər-istəməz geri qalırlar. Başqa sözlə, dərsliklərdə bu missiyanı tamamilə ödəmək olmur. Ona görə də dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq etməli,onu tədqiqatçılığa istiqamətləndirməlidir. Belə olan halda dərsliyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş ənənəyə söykənən funksiyası arxa plana keçir. Bütün bunlar isə müəllimlərin müxtəlif situasiyaya uyğun olaraq dərsliklərə yaradıcı yanaşmalarını, standartın tələblərinə uyğun nəticələrə gəlmək üçün mövcud olan bütün vasitələrdən istifadə etmələrini tələb edir. Dərsliklərdən istifadə edənlər subyektiv mülahizələrinə və sinfin səviyyəsinə uyğun olaraq dərslikdəki çatışmazlıqları söyləməyi özünün fəaliyyətinin nailiyyəti deyil, nəticəsinə çevirməli, əlavə materiallardan istifadə etməklə dərsini zənginləşdirməli, gözlənilən nəticələri reallaşdırmalıdır.

Ciddi müzakirə obyektinə çevrilən məsələlərdən biri də müasir dərs və onun təşkili problemləri olmalıdır. Pedaqoji fikir tarixində belə bir mülahizə mövcuddur ki, müasir dərs həmişə olmuşdur. Bu, doğrudan da belədir. Hər dövrün tələbi o dövr üçün yeni və  həmin tələblərə cavab verən dərslər də müasir dərs hesab olunur. Bəs bu gün hansı dərs müasir dərs hesab edilir?

Bölmə iclaslarında müəllimlərin diqqəti bu suallara cəlb edilməklə, onlar fikir mübadilələri aparmağa sövq olunmalı, fəal təlim prosesində qazanılmış nəticələr üzərində dayanılmalıdır. İnteraktivlikdən, onun əsasında formalaşmış metodlardan danışılmalı, təcrübə nümunələri göstərilməlidir. Müasir dərsin demokratik prinsiplərə söykənməsi, qeyri-standart dərslərin arealının genişlənməsi diqqət mərkəzində saxlanılmalı, bütün hallarda məqsədin düzgün müəyyən olunması və məzmunun, formanın ona uyğun seçilməsinin zəruriliyi vurğulanmalıdır.

Bu gün pedaqoji mətbuatda, eləcə də müəllimlərin təcrübəsində bir dərs üçün üç, dörd, bəzən də daha çox məqsədin müəyyənləşdirildiyi müşahidə olunur. Yaxud dərsin məqsədinin müəyyən olunmasında müxtəlif üslublara müraciət edilir:  1) məqsədi ifadə edən fikir məsdərdə təqdim olunur; 2) məqsədi ifadə edən fikir indiki zamanda ifadə olunur.

İstifadə olunan belə paralellərin yaranması yeni pedaqoji texnologiyaların tətbiqi prosesində təbii hesab edilir. Onların ətrafında müzakirələrin keçirilməsi, təkliflərin verilməsi tövsiyə olunur.

Demokratik cəmiyyətin demokratik təhsil sisteminin qurulduğu bir şəraitdə təlimin təşkilat forması olan dərsin standart qəliblərdə, mərhələlərdə olması barədə mülahizələr yürüdülür, tövsiyələr verilir. Ümumiyyətlə, müəllimlərin peşəkarlığını yüksəltmək, plan qurmaq sahəsində səriştələrini artırmaq üçün onlara nümunələr hazırlamaq, təqdim etmək sınaqdan çıxmış üsullardır. Uzun illər bu üsullardan istifadə etməklə müəllimlərə metodik kömək göstərilmişdir. Təcrübə göstərir ki, müəllimlər, eləcə də təhsili idarə edənlər çox hallarda bu planlaşdırma nümunələrinə standart tələb kimi yanaşaraq ona əməl etməyi vacib keyfiyyət kimi dəyərləndirmişlər. Təəssüf ki, bu yanaşma tərzi bir çox hallarda indi də davam etməkdədir.

Hansı məktəbə verilməsindən asılı olmayaraq istər tematik, istərsə də cari planlaşdırma nümunələri tövsiyə xarakteri daşıyır. Müəllim həmin tövsiyələri nəzərdən keçirməli, onlar üzərində təcrübi tapşırıqlar yerinə yetirməli, lakin nəticədə sinfinin səviyyəsinə, şəraitinə, potensial imkanlarına uyğun olaraq özünün illik, yaxud gündəlik fəaliyyətini planlaşdırmalıdır. Çünki hər bir müəllimin planlaşdırması onun şəxsi sənədidir. O, həmin planlaşdırmanı özünün və sinfinin imkanlarını nəzərə almaqla hazırlayır. Başqasının planını tətbiq etmək heç kim üçün məqbul sayılmır.

Ona görə də sentyabr konfranslarında müəllimlərin tematik və gündəlik planlaşdırma bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı praktik işlərin təşkili də gündəmdə dayanmalı və müzakirə edilməlidir.

Kurikulumların meydana gəlməsi yeni qiymətləndirmə sisteminin yaranması ilə nəticələnmişdir. Bu, ölkəmizdə tamamilə yeni bir hadisədir. Təbii ki, indiyə qədər təhsil prosesində şagirdlərin fəaliyyəti qiymətləndirilmişdir. Onların cavabları müəyyən formada dəyərləndirilmişdir. Lakin şagird nailiyyətlərinin qiymətləndirilməsinin müəyyən bir sistemi olmamışdır.

"Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası", "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)", "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları" sənədləri təsdiq olunmaqla ölkəmizdə şagird nailiyyətlərinin qiymətləndirilməsinin hüquqi bazası yaradılmışdır. Bu sənədlərdə  qiymətləndirmənin əhəmiyyəti, prinsipləri, üsulları, istiqamətləri verilmişdir. Ayrı-ayrı istiqamətlərin, xüsusən məktəbdaxili qiymətləndirmənin mahiyyəti açıqlanmışdır. Sonrakı dövrlərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi qaydalarının hazırlanması ilə hüquqi baza bir daha möhkəmləndirilmiş, qiymətləndirmə mexanizmləri daha da zənginləşdirilmişdir.

Bu gün ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumlarına daxil edilmiş qiymətləndirmə standartları yenidir. Onları hazırlamaqla qiymətləndirmənin məzmununu yaratmaq başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.

Hazırda yeni fənn kurikulumları ilə işləyən I-II sinif müəllimləri şagird nailiyyətlərinin qiymətləndirilməsində məktəbdaxili qiymətləndirmənin komponentlərindən istifadə edirlər. Doğrudur, araşdırmalar onu göstərir ki, bəzi müəllimlər yeni qiymətləndirmə sisteminin tətbiqində çətinliklərlə də rastlaşırlar. Onlar, xüsusən summativ qiymətləndirmənin növlərindən yerli-yerində  istifadə edərkən, müvafiq qiymətləndirmə vasitələrini hazırlayarkən belə çətinliklərlə daha çox üzləşirlər. Lakin yaxşı cəhət odur ki, müəllimlər yeni qiymətləndirmə siyasətinə yaxından bələd olduqca onun fəlsəfəsini daha çox bəyənir, müasir ümumi təhsildəki rol və əhəmiyyətini daha aydın başa düşürlər. Şagird nailiyyətlərinin qiymətləndirilməsindən inzibati idarəetmə sisteminin vasitəsi kimi deyil, şagirdlərin inkişafını izləmək, onu istiqamətləndirmək üçün istifadə edirlər.

Konfransda müəllimlərin müzakirəsini yuxarıda qeyd olunan bu məsələyə də yönəltmək vacib hesab edilir. Çünki təcrübələr göstərir ki, yeni kurikulumlarla işləyən müəllimlər, təhsil işçiləri müasir dövrdə qiymətləndirmə siyasətinin mahiyyətini və məzmununu mənimsəməkdə çətinlik çəkirlər. Bu da onların işinə mənfi təsir göstərir.

Müzakirələr zamanı müəllimlərin maarifləndirilməsi, inkişaf etdirilməsi məsələlərinə,  müəllim hazırlığı, istərsə də müəllimlərin ixtisasının artırılması, peşəkarlıqlarının yüksəldilməsi məsələlərinə münasibət bildirilməli və ixtisasartırmanın yeni modul tipli modellərinin tətbiqi ilə bağlı nazirliyin kollegiya iclasının qərarının yerinə yetirilməsi, müəllimlərin ehtiyaclarının ödənilməsi ilə bağlı rayon (şəhər) təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən metodik kabinetlərin Resurs məktəblərinə çevrilməsinə dair müzakirələr aparılmalıdır. 

Məlum olduğu kimi, islahatlar təhsilin bütün pillələrində aparılır. Xüsusən pedaqoji təhsil verən bütün müəssisələrdə tələbələrin pedaqoji peşə bacarığının formalaşdırılmasına diqqət yetirilir. Müşahidələr onu göstərir ki, ali məktəbi bitirib dərs deməyə gələn müəllimlərdə yeni texnologiyalarla işləmək bacarığı tələb olunan səviyyədə olmur. Onlar yeni təlim texnologiyalarından baş çıxara bilmirlər. Bu isə həmin məktəblərdə müəllim hazırlığının təkmilləşdirilməsinə ehtiyacın olmasını göstərir. Ona görə də pedaqoji ixtisas üzrə kadrlar yetişdirən ali və orta peşə ixtisas məktəblərinin tədris planlarında dəyişikliklər aparılmalı, onlar yeni təlim strategiyalarının tələblərinə uyğunlaşdırılmalıdır. Pedaqogika kurslarının məzmunu yeni pedaqoji yanaşmaların fonunda müasirləşdirilməli, ən son təhsil innovasiyaları əsasında zənginləşdirilməlidir. Bu prosesin daha uğurla yerinə yetirilməsi üçün cəmiyyətin sosial sifarişi kimi müəllimlərin sentyabr konfranslarındakı müzakirələr daha  əhəmiyyətli rol oynaya bilər.

Tədqiqatçılıq müasir təhsil sistemində işləyən müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir. İnformasiyaların sürətlə artdığı bir zamanda onu ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz işinin gedişatına gətirmək indiki müəllimlər üçün əsas keyfiyyət kimi dəyərləndirilir. Fəaliyyətini belə yaradıcı xarakterdə qura bilməyən müəllimlər zamanın informasiya axınından geri qalmaqla fəaliyyətinin maraq amili ilə bağlı üstünlüklərini itirir. Nəticədə onların işinin keyfiyyəti aşağı düşür.

Axtarışlar aparmaq, fəaliyyətini tədqiqatçılıq prinsipləri üzərində qurmaqda hər müəllimin özünəməxsus potensial imkanı, iş təcrübəsi vardır. Onların öyrənilməsi, digər müəllimlər tərəfindən tətbiq olunması, pedaqoji innovasiyaların ümumiləşdirilərək geniş yayılması baxımından əhəmiyyət daşıyır. Bölmə iclaslarında belə müəllimlərin məruzə və çıxışlarına yer ayrılmalı, onların təqdimatları müzakirə obyektinə çevrilməlidir. Təcrübələr göstərir ki, belə müzakirələri dərslərdən çəkilmiş fraqmentlər əsasında qurmaq daha yaxşı, inandırıcı təsir bağışlayır, müəllimlərin marağına səbəb olur. Müasir məktəb özünün məzmun və strukturu ilə yanaşı, həm də idarəetmə mexanizmləri ilə də fərqlənir. Heç də təsadüfi deyildir ki, bu yaxın vaxtlarda təsdiq olunmuş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədində "Ümumi təhsilin idarə olunması" ilə bağlı bölmə verilmişdir. Orada ümumi təhsilin idarə olunması sisteminin qurulmasının ən ümumi məsələləri əhatə olunmuşdur. Eyni zamanda idarəetmənin prinsipləri, dövlət-ictimai xarakteri, demokratikliyi, şəffaflığı və sair məsələlər şərh olunmuşdur. Müzakirələrdə ümumi təhsilin idarə olunmasının yuxarıda qeyd olunan məsələləri ilə yanaşı, kollegiallığın təmin olunmasından, bunun üçün ictimai əsaslarla fəaliyyət göstərən qurumların yaradılması təcrübəsindən danişmaq faydalı hesab edilir.

Konfranslarda hazırda Azərbaycan təhsil sistemində, tədris-təlim prosesinin müxtəlif problemləri ilə bağlı 16 Dövlət Proqramının yerinə yetirilməsi məsələləri də geniş müzakirə obyektinə çevrilməlidir. Xüsusi halda təhsil sisteminin informatlaşdırılması Proqramı (2008-2013-cü illər) ilə bağlı müzakirələr keçirilməlidir. Tədris prosesində İKT-dən istifadənin özünəməxsus xüsusiyyəti təhlil edilməli, burada kompüterin təkcə müəllim əməyini yüngülləşdirən, onu daha səmərəli edən bir vasitə olmaqdan əlavə, həm də bir öyrənmə obyekti olduğu önə çəkilməlidir. "Elektron məktəb" layihəsi, informatika fənni üzrə yeni standartlar, proqram və dərsliklər haqqında da bölmə iclaslarında müzakirələr aparılmalıdır.  

Müəllimlərin sentyabr konfransları geniş və canlı müzakirələr tələb edir. Bir tövsiyə xarakterli məqalədə oradakı məsələləri tamamilə əhatə etmək imkan xaricindədir. Biz yalnız onlardan ən zəruri hesab etdiklərimizə toxunduq. Əminik ki, müəllimlər müzakirələrə daha ciddi qoşulacaq, razı qaldıqları və onları narahat edən məsələlərlə bağlı təkliflərini Təhsil Problemləri İnstitutuna göndərəcəklər.

Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun direktoru, professor,

Ənvər ABBASOV,
TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru, dosent

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

27 Avqust 2010 - 33

B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Sosial iş" ixtisası üzrə yenidənhazırlanma təhsilinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Çoxşaxəli fəaliyyətin istiqamətləri
 
Daha 500 məktəbin vahid təhsil şəbəkəsi vasitəsilə İnternetə çıxışı təmin ediləcəkdir
 
Xarici ölkələrin nüfuzlu  ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi
 
Türk dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi Bakıda keçiriləcək
 
Təhsil naziri Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın deputatını qəbul edib
 
Təhsil naziri İraqın Azərbaycandakı səfiri ilə görüşüb
 
Azərbaycan Dillər Universitetinin layihəsi Avropa İttifaqının TEMPUS üzrə müsabiqəsində qalib gəlib
 
Sabah bu gündən başlanır
 
Xalqın sevgisini qazanmış sənətkar
 
2010-2011-ci dərs ili qarşısında
 
İlk peşə-ixtisas təhsilinin statusunun yüksəldilməsinə hər bir peşə təhsili müəssisəsi öz töhfəsini verməlidir
 
Yeni dərs ilinə hazırlıq işləri görülür
 
Pedaqoji şura: idarəetmə və əlaqələndirmə forması
 
Ali məktəbə qəbul olmuş tələbələrlə görüş
 
Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti
 
Fəal təlim yaradıcı axtarışlar tələb edir
 
60 il əvvəl I sinfə gedən yol
 
Təbiəti qoruyaq
 
Uşaqların gigiyenası: sağlamlığın vacib şərti
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni planetar sistem kəsf olunub
 
"Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri"
 
"Qoruq və yasaqlıqlarımız"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov