Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 

Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik

Bookmark and Share

Kurikulum - qloballaşmanın yetirməsi 

Qərbdə kurikulumlar daha çox "aşağıdan yuxarı" prinsipi ilə formalaşıb. Orada bineyi-qədimdən müəllimlər şagirdlərin nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif çalışma modelləri düşünür və tətbiq edirdilər. Sonra rasionalist Qərb aqilləri bu fəaliyyət modellərinin nəyə xidmət etdiyi haqda düşünməyə başladılar. Beləliklə, təlim məqsədləri formalaşdı. Bu məqsədlər müəyyən məzmun standartları altında qruplaşdırıldı. Nəhayət, məzmun standartları əsasında strateji məzmun xətləri müəyyənləşdirildi. Orada kurikulum belə yarandı. 

Bizdə bu proses bir qədər fərqli şəkildə baş verdi. Çünki kurikulumdan əvvəl təhsilimizin məzmunu, fəlsəfəsi tamam fərqli idi: biz nitq bacarıqlarını yox, dilçiliyi, ədəbiyyatı yox, ədəbiyyatşünaslığı öyrədirdik. Lakin zaman yetişdi, dünya təhsilində baş verən qloballaşma bizi də ağuşuna aldı. Təhsilin konsepsiyası dəyişildi, yeni məzmun xətləri - strateji məqsədlər elan olundu. Onların əsasında hər bir sinif üçün məzmun standartları təsbit olundu. Bir sözlə, Milli Kurikulum yarandı.

Artıq Azərbaycan məktəblərinin 1-3-cü siniflərində tədris kurikulum üzrə yazılmış dərsliklər əsasında aparılır. Lakin kurikulum standartlarının təhsilə daxil olması o qədər də rahat baş vermir.

Təhsil strateqləri məzmun standartlarını elan etdilər. Taktiki məsələlər - standartların tədrisdə reallaşdırılması yolları dərslik müəlliflərinin və müəllimlərin öhdəsinə buraxıldı. Standartların mahiyyətini dərk etmək, onlara uyğun çalışma modelləri düşünüb tapmaq, hər bir dərsin təlim məqsədini müvafiq standartla və bütün bunları müasir təlim texnologiyaları ilə uzlaşdırmaq o qədər də asan məsələ deyil. Dərslik müəllifi buna müvəffəq olsa belə, bəzən müəllimlər bu və ya digər çalışmanın hansı standarta xidmət etdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Halbuki məqsədi aydınlaşdırmadan göstərilən fəaliyyət səmərəli nəticə verə bilməz. 

Dilin tədrisində "dörd dirək" prinsipi 

Əslinə qalsa, fənn kurikulumları keçmiş tədris proqramlarından daha sadə, doğma və həyatidir. Sadəcə olaraq məzmun standartlarının mahiyyətinə varmaq, onların son nəticədə nəyə xidmət etdiyini dərk etmək lazımdır.

Orta məktəbdə Azərbaycan dili tədrisinin son məqsədi nədir?

Bir cümlə ilə bu suala belə cavab vermək olar: hər bir azərbaycanlı üçün onun doğma cəmiyyətində ünsiyyət rahatlığını təmin etmək. Başqa sözlə, cəmiyyətin hər bir üzvü çətinlik çəkmədən başqalarından məlumat qəbul etmək, öz hiss və düşüncələrini onlara çatdırmaq bacarığına malik olmalıdır. İnformasiya qəbul etmək və informasiya ötürmək prosesi yazılı və şifahi yolla baş verir. Biz dinləməklə və oxumaqla informasiya alırıq, danışmaqla və yazmaqla informasiya ötürürük. Beləliklə, ünsiyyət prosesində dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.

Milli Kurikulumun qaynaqlandığı Qərb yanaşmasında dilin tədrisi bu dörd dirək üzərində qurulub. Bu yanaşmaya görə, sözügedən dörd bacarıq sadəcə dil fənninə aid olan komponentlər deyil, metabacarıqlardır, yəni elmin və praktikanın bütün sahələrində istifadə olunan vasitələrdir. Təsadüfi deyil ki, ABŞ və Avropa universitetlərinin bir çoxu əcnəbiləri TOEFL və IELTS imtahanlarının nəticələri əsasında qəbul edir. Bu imtahanlar məhz nitq bacarıqlarının yoxlanması üzərində qurulur. Qəliz elmi-kütləvi mətni oxuyub qavradığını nümayiş etdirmək, səlis və maraqlı danışmaq, ədəbi dilin normalarına uyğun yazmaq, dinlədiyini təfərrüatı ilə anlamaq və öz fikrini bildirmək - bütün bunlar intellekt göstəriciləridir. Qərb pedaqoqları belə hesab edirlər ki, bu dörd bacarığa yüksək səviyyədə yiyələnmiş hər bir şəxs elmin istənilən sahəsində uğur qazana bilər.

Bizə elə gəlir ki, bu bacarıqlara malikik. Oxuya da bilirik, yaza da; danışmağımıza söz ola bilməz; dinləməyə də nə var ki. Məişət səviyyəsində, bəlkə də, belədir. Lakin kurikulumda bu bacarıqlarla bağlı daha yüksək tələblər qoyulur.  

Oxu 

Hər bir şəxsin intellekti, ilk növbədə, onun oxu bacarığı əsasında qiymətləndirilir. Gəlin razılaşaq ki, 10-cu sinif şagirdinin oxuyub anladığı mətnləri  2-ci sinif şagirdi anlaya bilməz.

Bir neçə il bundan əvvəl mərkəzi qərargahı Avstraliyada yerləşən Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi 14-15 yaşlı məktəblilərin riyazi biliklərini və oxu bacarığını yoxlamaq üçün dünyanın 57 ölkəsində test imtahanları keçirdi. Riyaziyyat üzrə orta yerlərdə qərarlaşan Azərbaycan oxu üzrə 55-ci yeri tutdu. (Sonuncu iki yer Qırğızıstan və Qətər respublikalarına nəsib oldu).

Bu faktda təəccüblü bir şey yoxdur. Heç kimi də qınaq obyekti etmək olmaz. Sadəcə olaraq, bu vaxta qədər orta məktəbimizdə Azərbaycan dilinin tədrisi nitq bacarıqları üzərində deyil, dilçilik üzərində qurulmuşdu. Biz oxu bacarığını inkişaf etdirməyin və qiymətləndirməyin yollarını bilməmişik.

İllər boyu bizdə oxu bacarığı dedikdə, oxu texnikasının səviyyəsi nəzərdə tutulub. Düşünürdük ki, əgər şagird səlis oxuya bilirsə, deməli, oxu bacarığına yiyələnib. Oxuyub qavrama bacarığını yoxlama texnologiyası isə milli təhsilimizdə çox zəif olub. Ən yaxşı halda verilmiş mətndən hər hansı nəqli cümlə çıxarılıb, sual cümləsi şəklində tapşırıq kimi qoyulurdu.

Müasir metodika oxuyub anlamanı inkişaf etdirmək və yoxlamaq üçün çoxlu miqdarda rəngarəng çalışma modelləri təqdim edir: mətndən çıxarılmış cümlənin (abzasın) mətndəki yerini tapmaq,  qeyri-ardıcıl verilmiş mətnin ardıcıllığını bərpa etmək, mətndəki hadisələrin səbəb-nəticə əlaqələrini müəyyən etmək, mətnə və onun hissələrinə başlıq vermək, mətndəki elmi məlumatları qrafik informasiya şəklində təqdim etmək və s. Onlarla belə model var ki, şagirdin tənqidi, analitik, yaradıcı təfəkkürünü formalaşdırır. Düşünülmüş metodika üzərində qurulan mütaliə insanın dünyagörüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir, nitq mədəniyyətini inkişaf etdirir.  

Dinləmə 

Elm və texnikanın inkişaf etdiyi, audiokitab və dərsliklərin geniş yayıldığı bir dövrdə biz çox vaxt məlumatları səsli informasiya şəklində qəbul etməli oluruq. Ali məktəbdə mühazirələrə qulaq asır, diskussiya və debatlarda opponenti dinləyib ona münasibət bildiririk. Odur ki, dinləyib anlama bacarığının həyatımızda rolu getdikcə artır.

Oxu kimi, dinləmənin də məqsədi informasiya qəbul etmək, anlamaqdır. Lakin oxu ilə müqayisədə dinləmə çox yüksək səviyyədə diqqətcillik tələb edir. Burada informasiyanın anlaşılmaz hissəsinə dəfələrlə qayıtmaq imkanı yoxdur. Mətni bir dəfə dinlədikdən sonra ona adekvat reaksiya vermək lazım gəlir.

Əgər kurikuluma qədərki dövrdə oxu və yazı bacarıqlarına az-çox diqqət yetirilirdisə, şifahi nitq bacarıqları - dinləmə və danışma ümumiyyətlə diqqətdən kənarda qalmışdı. Bu bacarıqların inkişaf etdirilməsi və qiymətləndirilməsi metodikası yalnız kurikulum meydana gəldikdən sonra formalaşmağa başladı. 

Danışma 

Azərbaycanlı uşaqların və yeniyetmələrin əksəriyyəti hətta doğma dildə belə öz fikrini səlis ifadə etməkdə çətinlik çəkir və bu mənada ingilis, fransız, türk həmyaşıdlarından geri qalır.

Bir neçə il əvvəl Ankarada olarkən hər yerdə gözümə "dershane" reklamları dəyirdi. O vaxt bunun nə olduğunu bilmirdim. Kitab mağazalarının birində 11-12 yaşlı bir uşağın satıcıdan "Maltepe dershanesi"nin kitablarını istədiyini eşitdim. Fürsətdən istifadə edib uşaqdan "dershane"nin nə demək olduğunu soruşdum.

- Dershanemi, efendim? - deyə o, bir qədər təəccüblə üzümə baxdı.

Hiss olunurdu ki, bu ritorik sualı fikrini toplamaq üçün verir. Bunun ardınca o duruxmadan, çaşmadan "dershane"nin dəqiq tərifini səsləndirdi:

- Öyrəncilərin okul dışında sınava hazırlıq yapdıqları yerə dərshanə deyilir, əfəndim.

"Aha, deməli, dərshanə bizim hazırlıq kursları kimi bir şeydir", - deyə düşündüm və birdən ağlıma gəldi ki, görəsən bizim şagirdlərdən hazırlıq kursunun nə olduğunu soruşsam, bu türk balası kimi səlis və dəqiq tərif verə bilərlərmi.

Danışma bacarığı o zaman inkişaf edir ki, insan ÖZ fikirlərini ifadə etməyə çalışır. Müəllimin dediklərini və ya dərslikdə oxuduqlarını mexaniki olaraq təkrar etməyə çalışan şagird danışmır, tutuquşuluq edir və onda heç vaxt anlatma vərdişləri inkişaf edə bilməz. Nitq bacarıqları tənqidi təfəkkürlə və sərbəst ünsiyyətlə üzvi surətdə bağlıdır. 

Yazı  

Yazı da özünüifadə bacarığıdır. Danışma kimi, onun da əsas məqsədi hiss və düşüncələri, məlumatları başqalarına çatdırmaqdır. Lakin danışma ilə müqayisədə yazıda ədəbi dilin normalarına daha çox diqqət yetirilir.

Orta məktəbdə yazı bacarığının inkişafı bir neçə mərhələdən ibarətdir: 1) hüsnxət normalarına riayət etmək, 2) orfoqrafik normalara uyğun yazmaq, 3) alınmış məlumatı öz sözləri ilə ifadə etmək, 4) hiss və düşüncələrini yazıda ifadə etmək. Bunun üçün üzündən köçürmə, imla, ifadə, inşa və ya esse kimi formalardan istifadə edilir.

Yazı bacarığında ən çətin mərhələ 4-cü mərhələdir. Əslinə qalsa, fikirləri ədəbi dilin normalarına uyğun yazılı ifadə etmək, bu, bacarıq üzrə son məqsəddir. Buna görə də onun rüşeymlərini lap aşağı səviyyələrdə yaratmaq lazımdır. Bunun geniş yayılmış növü essedir. Lakin təəssüf ki, bizdə esse üçün çox zaman mücərrəd mövzular seçilir. İstənilən fəaliyyət növündə olduğu kimi, inşa yazısı da motivasiyadan başlamalıdır. İnşa yazmağa hazırlaşan şagirddə yatmış fikirləri oyatmaq, verilmiş mövzu ilə bağlı onun beynini və duyğularını qıcıqlandırmaq lazımdır. Şagirdi elə bir vəziyyətə gətirmək lazımdır ki, onda öz fikirlərini ifadə etmək zərurəti yaransın.

Yazı fəaliyyəti çox zaman digər məzmun standartları ilə inteqrasiya olunur. Məsələn, ifadə - dinləmə ilə yazının inteqrasiyasıdır. Esse də oxu ilə inteqrasiya olunsa, daha yaxşı nəticələr əldə etmək olar. Bu zaman oxunmuş mətn yazı fəaliyyəti üçün motivasiya rolunu oynaya bilər. Əsərin qəhrəmanına məktub yazmaq, mətnin müəyyən hissəsini oxuduqdan sonra davamı ilə bağlı öz variantını yazmaq və s. yazıda özünüifadə bacarığını inkişaf etdirən maraqlı üsullardır.  

5-ci dirək, yoxsa bünövrə? 

Ana dili kurikulumunda əsas məzmun xətlərindən biri də dil qaydalarıdır. Bu xətt mahiyyət etibarilə digər məzmun xətlərindən fərqlidir, çünki dil qaydaları, adından da göründüyü kimi, bacarıq deyil, qaydalar toplusudur. Lakin onu da qeyd etmək lazımdır ki, kurikulum bu qaydaların sadəcə olaraq əzbərlənməsini deyil, nitqə tətbiq olunmasını tələb edir. Bu mənada dil qaydaları nitq bacarıqlarını inkişaf etdirmək üçün bir vasitədir, obrazlı desək, dörd dirək üçün bünövrədir və ya onların üzərində qurulmuş damdır.

Dil qaydalarını nitq bacarıqlarına dair məzmun standartlarının içində "əritmək" də olardı. Məsələn, "Deyilişi və yazılışı fərqlənən sözləri orfoqrafik normalara uyğun yazır" standartı "Yazı" məzmun xəttinə, "Sözün kökündən asılı olaraq cəm şəkilçisini düzgün tələffüz edir" standartı isə "Danışma" məzmun xəttinə aid edilə bilərdi.

Mən kurikulumda dil qaydalarının ayrıca məzmun xətti kimi verilməsinin əleyhinə deyiləm. Əksinə, zənnimcə, orta məktəbdə başqa elmlərin əsasları kimi, dilçiliyin də əsasları öyrədilməlidir. Lakin bu zaman həmişə bir təhlükəni göz önünə almaq lazımdır: əvvəllər olduğu kimi, yenə də dərsliklərin ifrat dərəcədə akademik biliklərlə yüklənməsi. Dərslik müəllifləri və müəllimlər şagirdlərin dil duyumunu inkişaf etdirən, nitqi ədəbi dilin normalarına uyğun qurmağa kömək edən qaydalara üstünlük verməlidirlər. 

Nəyi qiymətləndirməliyik? 

Tədris həmişə qiymətləndirməyə yönəlir. Çox zaman müəllimlər summativ qiymətləndirmənin tələblərini bildikdən sonra tədrisi ona uyğun qururlar. Bu o deməkdir ki, qiymətləndirmənin məzmunu təhsilin məzmununa çox güclü təsir göstərir.

Məlumdur ki, kütləvi imtahanların ən optimal yolu test üsuludur. Biz dil qaydalarını testləşdirməyin yollarını yaxşı bilirik. Bəs nitq bacarıqlarını - dinləməni, danışmanı, oxunu, yazını necə qiymətləndirmək olar? Axı istənilən fənn üzrə qiymətləndirmənin əsas məqsədi məzmun standartlarının nə dərəcədə reallaşdığını yoxlamaqdır.

Bir çox məktəblərdə summativ qiymətləndirmə zamanı testlər dil qaydaları və dərslikdəki mətnlərdə öz əksini tapmış faktoloji məlumatlar üzərində qurulur. Bu, kurikulumun tələblərinə tamamilə ziddir. Belə yanaşma, əvvəllər olduğu kimi, tədrisin əzbərçilik, fakt və məlumatların yaddaşa köçürülməsi üzərində qurulmasına gətirib çıxarır. 

Danışma bacarığını testləşdirmək mümkün deyil. Bu bacarıq il boyu müşahidə əsasında qiymətləndirilməli və yekun nəticə summativ qiymətləndirmədə öz əksini tapmalıdır. Yazını imla vasitəsilə qiymətləndirmək olar. Lakin bu zaman yalnız hüsnxəti və orfoqrafiyanı qiymətləndirmiş oluruq. İnşa yazısı isə həm hüsnxət, həm orfoqrafiya, həm qrammatika, həm də yazılı özünüifadə bacarığını yoxlamaq imkanı verir.

İbtidai siniflərdə summativ qiymətləndirməni dinləmə mətni və onunla bağlı beş test sualı, kiçik oxu mətni və onunla bağlı beş test sualı və dil qaydaları üzrə on test sualı (cəmi 20 sual) əsasında aparmaq daha düzgün olardı. Beləliklə, hər bir nitq bacarığı üzrə ayrıca, eləcə də ümumilikdə Azərbaycan dili üzrə şagirdin səviyyəsini qiymətləndirmiş olarıq. 

Kurikulum: dəyişikliklərə ehtiyac varmı? 

Bütün dövrlər üçün yazılmış əbədi qaydalar toplusu yoxdur. Hətta ölkə qanunvericiliyi və Konstitusiya da vaxtaşırı təftişə məruz qalır. Hazırkı Milli Kurikulumu müasir dünya təhsil standartlarına doğru ilk addım hesab etmək olar və bu statusda o öz funksiyasını layiqincə yerinə yetirir.

Kurikulum əsasında dərslik yazan bəzi müəlliflər deyirlər ki, bu sənəd müəyyən məqamlarda onlara əl-qol açmağa imkan vermir. Doğrudan da, baxırsan ki, müəllif maraqlı bir çalışma modeli düşünüb, onu dərslikdə tətbiq etmək istəyir. Bu model müvafiq yaş səviyyəsinə uyğundur, cəlbedicidir, fəal təlimə zəmin yaradır; əsas məsələ isə odur ki, kurikulumda təsbit olunmuş ümumi məzmun xəttinə müvafiqdir. Lakin sənəddə bu təlim məqsədinə uyğun alt-standart yoxdur.

Azərbaycan dili üzrə çox geniş mövzu dairəsini əhatə edən alt-standartlarla yanaşı bir dərsin təlim məqsədi səviyyəsində olan alt-standartlar sinifdən-sinfə təkrar olunur. Məzmun standartlarında dinləmə bacarığının "dinləyib anlama", danışma bacarığının isə "şifahi nitq bacarığı" kimi təqdim olunması da çaşqınlıq yaradır. Belə təsəvvür yaranır ki, dinləmə şifahi nitq bacarığı deyil.

Dərsliyin qüsurları tədris prosesində ortaya çıxdığı kimi, kurikulumun da çatışmazlıqları dərslik yazarkən aşkarlanır. Zənnimcə, bu çatışmazlıqlar kurikulumun "yuxarıdan aşağı" prinsipi ilə tərtib olunmasından irəli gəlir. Əvvəlki dərsliklər konsepsiya baxımından fərqli olduğundan kurikulum yazarları aşağıdan qaynaqlana bilmədilər. Onlar, ilk növbədə, qabaqcıl dünya təhsilindəki strateji məqsədləri əsas götürüb ona uyğun da məzmun standartları formalaşdırdılar.

Lakin yetər ki, ortaya qoyulan iş konseptual cəhətdən düzgün olsun. Bizim Kurikulum isə bu mənada düzgün sənəddir. O, dünya təcrübəsində sınaqdan keçmiş məzmun standartlarını özündə əks etdirir. Kiçik qüsurları isə həmişə aradan qaldırmaq olar. Bunun üçün Təhsil Nazirliyinin, dərslik müəlliflərinin, qabaqcıl müəllimlərin və Kurikulum Mərkəzi əməkdaşlarının müntəzəm işbirliyinə ehtiyac var. 

Artıq nəşriyyatlar 4-cü sinif dərsliklərinin nəşri üzrə müsabiqəyə qoşulublar. Gələn il dairə qapanır, 1-4-cü siniflər üçün dərslik komplektləri hazır olur. Artıq indidən Kurikulum Mərkəzi fənlər üzrə seminarlar təşkil edib, kurikulumla bağlı dərslik müəlliflərini və müəllimləri narahat edən məsələləri araşdırsa, bunun ümumi işimiz üçün böyük faydası olar. Bu müzakirələr kurikuluma aşağıdan yuxarı nəzər salmağa, həm fənn kurikulumlarının təkmilləşdirilməsinə, həm də daha kamil dərsliklərin ortaya çıxmasına imkan verər. 

Rafiq İSMAYILOV,
filologiya elmləri namizədi,
Azərbaycan dili dərsliklərinin həmmüəllifi
 

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov