Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

1 Oktyabr 2010 - 38

 
Dünya universitetləri:

Yeni Cənubi Uels Universiteti

Bookmark and Share
  Yerləşir: Avstraliya, Yeni Cənubi Uels ştatı, Kensinqton şəhərətrafı qəsəbəsi  
Yaranma tarixi: 1949-cu il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 6014 nəfər
Tələbələrin ümumi sayı: 46630 nəfər
İllik gəlirləri: 11344787 Avstraliya dolları
İllik xərcləri: 11817091 Avstraliya dolları
Rəsmi saytı: www.unsw.edu.au

Yeni Cənubi Uels Universiteti (University of New South Wales) Avstraliyanın Yeni Cənubi Uels ştatında, Sidneyin şəhərətrafı qəsəbəsi olan Kensinqtonda yerləşir və qitənin aparıcı ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Yeni Cənubi Uels Universiteti 100 ən yaxşı ali məktəb arasında Seul Milli Universiteti ilə birgə 47-ci yerdə olub. "QS World University Rankings"in 2010-cu ildə keçirdiyi reytinqə əsasən isə Yeni Cənubi Uels Universiteti dünyanın ən nüfuzlu ali məktəbləri arasında 46-cı, Avstraliya universitetləri arasında isə 5-ci yerlərə layiq görülüb.

Yeni Cənubi Uels Universiteti Avstraliyanın "Böyük Səkkizlik" qrupunun, "Universitetlər 21" Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının üzvüdür. 

Tarixi 

II Dünya müharibəsindən sonra dövlətin bərpa və inkişafı üçün əsas rol elm və texnologiyanın güclənməsindən asılı olduğu üçün Yeni Cənubi Uels ştatı hökuməti yüksək səviyyəli mühəndis və texnologiya üzrə mütəxəssis hazırlayan ali məktəb yaratmaq qərarına gəlir. 9 iyul 1946-cı ildə Yeni Cənubi Uels ştatının təhsil naziri Bob Heffron texnologiya institutunun yaradılması haqqında sənəd imzalayır. Bununla belə, ştat hökuməti yeni ali məktəb yaratmaqdansa, mövcud olan Sidney Texniki Kollecini genişləndirmək qərarına gəlir.

Ştatın parlamenti tərəfindən 1949-cu ildə qəbul edilən qanundan sonra  ali məktəb Yeni Cənubi Uels Texnologiya Universiteti adlandırılır. Yeni Cənubi Uels Texnologiya Universitetinin birinci prezidenti sonradan ali məktəbin inkişafında önəmli xidmətləri olmuş Artur Denninq təyin edilir. İlk vaxtlar burada dəqiq, texniki elmlər öyrədilsə də, sonradan humanitar sahələr əlavə edilir. Ali məktəbin binası (hazırda Sidney Texnologiya Universiteti) Sidneyin mərkəzi hissəsində, Ultimo şəhərətrafı qəsəbəsində yerləşir. Lakin 1951-ci ildə Yeni Cənubi Uels ştatı parlamenti Kensinqtonda ali məktəbin yeni binalarının tikilməsi barədə qanun qəbul edir. 1958-ci ildə Kensinqtonda yerləşən universitet Texnologiya Universitetindən tamamilə ayrılmaq məqsədi ilə Yeni Cənubi Uels Universiteti adlandırılır. 1960-cı ildə ali təhsil ocağı tədris proqramını genişləndirərək burada incəsənət və tibb, 1971-ci ildə isə hüquq fakültəsi açır. 1951-ci ildə Nyu-Kaslda,  1961-ci ildə isə Vullonqonqda Yeni Cənubi Uels Universitetinin kollecləri yaradılır, sonradan bu kolleclər müstəqil universitetlərə çevrilir.

2009-cu ildə Yeni Cənubi Uels Universiteti yaranmasının 60 illik yubileyini qeyd edir. 2010-cu il mayın 28-də universitetdə Loui Onkoloji Elmi Mərkəzi açılır. Mərkəz layihənin həyata keçirilməsi üçün 10 milyon dollar xərcləyən biznesmen Frenk Louinin şərəfinə adlandırılıb və ölkədə xərçəng tədqiqatları üzrə ən böyük müəssisələrdən biridir. Burada 400-dən çox tədqiqatçı çalışır. 

Büdcə və təhsil haqqı 

2009-2010-cu tədris ilində Yeni Cənubi Uels Universitetinin gəlirləri 11344787 Avstraliya dolları olub. Bu məbləğin 5907210 dolları əmtəə satışları, 2130000 dolları maliyyə sazişləri, 437659 dolları sponsorların yardımı, 684996 dolları gildiya, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.

Həmin tədris ilində ali məktəbin xərcləri isə ümumilikdə 11817091 Avstraliya dollarına bərabər olub. Xərclərin 4460838 dollarını işçilərin əməkhaqqı, 3725967 dollarını satılmış əmtəə qiyməti, 1058136 dollarını amortizasiya, 320064 dollarını kommunal xidmətlər, 219681 dollarını mühafizə, qalanlarını isə başqa məsrəflər təşkil edib.  

Yeni Cənubi Uels Universitetində, dünyanın digər universitetlərində olduğu kimi, tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq dəyişir. Hər il burada təhsil haqqı artırılır. 2010-2011-ci tədris ilində əcnəbi tələbələrin təhsil haqqı təxminən 18800-35000 Avstraliya dolları arasında dəyişir.

Yeni Cənubi Uels Universitetinin hesablamasına əsasən, tələbəyə 1 il Sidneydə qalmaq üçün (təhsil haqqını çıxmaq şərti ilə) orta hesabla 18000-20000 Avstraliya dolları tələb olunur.

Yeni Cənubi Uels Universitetində müxtəlif təqaüdlər mövcuddur. Yeni Cənubi Uels Universiteti kooperativinin təklif etdiyi əsas təqaüdün məbləği ildə 15000 Avstraliya dolları təşkil edir. Burada 1000-25000 Avstraliya dollarına qədər məbləğdə təqaüd proqramları var (yerli əhali, əcnəbi ölkələrin təmsilçiləri, maliyyə durumu çətin olan tələbələr üçün və s.). Avstraliyanın bölgələrindən olan tələbələr üçün universitet 20-yə yaxın təqaüd proqramı təklif edir, təqaüdün orta məbləği isə 9500 Avstraliya dollarıdır.  

Universitet bu gün 

Yeni Cənubi Uels Universitetinin əsas kampusu Kensinqton şəhərətrafı qəsəbəsində 38 hektar ərazidə yerləşir. Universitet məşhur Sidney çimərliklərindən cəmi 5 km məsafədədir. Universitetin Təsviri İncəsənət Kolleci Paddinqton şəhərətrafı qəsəbəsində, Avstraliya Müdafiə Qüvvələri Akademiyası isə Kanberra şəhərindədir. Ali məktəbin COFA, Randvik, Kudji, Botani, Litl-Bey, Di-Uay, Kouen, Manli-Veyl və Foulers-Qep ərazilərində əlavə kampusları  mövcuddur.

Əsas kampus coğrafi mövqeyinə görə yuxarı və aşağı hissələrə bölünüb. Həmin iki yerə bölünmüş hissənin mərkəzində keçidi xatırladan qeyri-adi Jon Niland Scient tikilisi yerləşir. Tikilinin bir başından o biri başına piyada keçmək üçün 15 dəqiqəlik yol var. Universitet haqqında dərc olunan yazıların əksəriyyətində bu tikilinin şəkli göstərilir.

Yeni Cənubi Uels Universitetində tələbələrin məskunlaşması üçün Filipp Bakster, Basseru, Qoldşteyn, Yeni, Uorreyn, Beynəlxalq, Şalom, Kreston rezidensiya-kollecləri mövcuddur. Bu kolleclərin hər biri, öz növbəsində, bir neçə yataqxana binası, idman kompleksi və meydançaları, mağaza, bərbərxana, bank,  restoran və kafelərdən ibarətdir. Yataqxanalarda tələbələr ən müasir şəraitə malik, mebel və avadanlıqlarla təchiz olunmuş otaqlarla təmin edilirlər. Burada tələbənin sağlamlığı, təhlükəsizliyi, daşınması üçün hər bir şərait yaradılıb.

Yeni Cənubi Uels Universitetində aşağıdakı fakültə və məktəblər fəaliyyət göstərir.

İncəsənət və ictimai elmlər fakültəsi universitetin əsas hissəsindən biridir və Təhsil, İngilis dili, Media və İfaçılıq incəsənəti, Tarix və Fəlsəfə, Dillər və linqvistika, İctimai elmlər və Beynəlxalq tədqiqatlar məktəblərindən ibarətdir.

Təsviri incəsənət fakültəsi İncəsənət, İncəsənət təhsili, Tarix və İncəsənət nəzəriyyəsi, Dizayn tədqiqatları, Media incəsənəti məktəblərindən, eləcə də COFA onlayn akademik bölməsindən ibarətdir.

Ətraf mühit quruculuğu fakültəsi arxitektura hesablaması, arxitektura tədqiqatları, tikinti layihələrinin idarəolunması, sənaye dizaynı, interyer arxitekturası, planlaşdırma, landşaft arxitekturası ixtisasları üzrə bakalavr, memarlıq, daşınmaz əmlak/mülkiyyət və inkişaf, planlaşdırma ixtisasları üzrə magistratura və doktorantura proqramları təklif edir.

Mühəndislik fakültəsində Biotibbi, Kimya, Vətəndaş və Ətraf mühit, Kompüter elmləri, Mexanika və Maşınqayırma, Neft işlənməsi, Fotoqalvanik və Yenilənə bilən enerji, Dağ-mədən, Araşdırma və Məkan informasiya sistemləri (əvvəllər Geodeziya) mühəndisliyi, Elektrotexnika və Telekommunikasiya məktəbləri mövcuddur. Bu, universitetin ən böyük fakültəsidir və mütəmadi olaraq kompüter elmləri üzrə keçirilən müxtəlif reytinqlərdə qabaqcıl yerlərdə dayanır. Bu fakültənin tələbələri dünya üzrə bir sıra məşhur layihələrdə iştirak edib ("RoboCup" standart platforma liqası ("rUNSWift" 2006 və 2010-cu illər), "Sunswift" günəş avtomobili, "SAE-Racing" formula avtomobilləri, "BLUEsat" peyki və s.). Yeni Cənubi Uels Universitetinin Mühəndislik fakültəsi Asiya-Sakit okean regionunun bu sahə üzrə ən nüfuzlu təhsil mərkəzidir.

Dəqiq elmlər fakültəsi Aviasiya, Material elmlər və mühəndislik, Psixologiya, Biologiya, Yer və Ərtaf mühit elmləri, Riyaziyyat və Statistika, Risk və Təhlükəsizlik elmləri, Biotexnologiya və Biomolekulyar elmlər, Optometriya və Görmə elmi, Kimya, Fizika məktəblərindən ibarətdir və universitetin ikinci ən böyük fakültəsidir. Fizika məktəbinin nəzdində Kvant Kompüter Texnologiyaları Mərkəzi, Kimya məktəbinin yanında isə Analitik mərkəz fəaliyyət göstərir.

Hüquq fakültəsi Hüquq və Vergilər məktəblərindən, Avstraliya Hüquq İnformasiyası İnstitutu, Kinqsford Hüquq, Qilbert-Tobin İctimai Hüquq, İnsan hüquqları, Yerli Xalqların Hüquqları, Hüquq təhsilinin davam etdirilməsi və s. mərkəzlərdən ibarətdir. Fakültənin Hüquq cəmiyyəti və Qanun Revyu Cəmiyyəti adlı tələbə təşkilatları mövcuddur.

Tibb fakültəsinə Tibbi elmlər, Psixiatriya, Səhiyyə, Qadın və Uşaq Sağlamlığı, Şahzadə Uels Kliniki, Kənd rayonları Kliniki, Müqəddəs Georq, Müqəddəs Vinsent, Cənub-Qərbi Sidney Kliniki məktəbləri, eləcə də 4 xəstəxana daxildir. 

Biznes Məktəbinin nəzdində Mühasibatlıq, Sığorta tədqiqatları, Bank işi və Maliyyə, Biznes qanunu və Vergilər, İqtisadiyyat, İnformasiya sistemləri, Texnologiya və Menecment, Marketinq, Təşkilatçılıq və İdarəçilik, Strategiya və Sahibkarlıq məktəbləri, eləcə də 10 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Məktəb AGSM MBA, AGSM Executive (İcraedici), biznes və texnologiya üzrə magistr proqramları təklif edir və bu proqramlar Avstraliyada ən yaxşılardan hesab olunur.

Avstraliya Müdafiə Qüvvələri Akademiyasının kampusu Kanberra şəhərinin Kempbell şəhərətrafı qəsəbəsində yerləşir.  Akademiya Avstraliyanın  müdafiə, hərbi hava, hərbi dəniz qüvvələrinin  kiçik  zabitlərinə  ali  hərbi  və  akademik təhsil verir. Ali məktəbdə bakalavr, magistr və doktorluq dərəcələri təklif olunur. Avstraliya Müdafiə Qüvvələri Akademiyası 1967-ci ildə Avstraliya Müdafiə Nazirliyi və  Yeni  Cənubi Uels Universitetinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb. 1998-2006-cı illərdə akademiyanın tələbə və əməkdaşları bir  sıra  hadisələrə  görə  ictimaiyyətin  ittihamları ilə üzləşmişdilər.  Həmin andan ali  məktəb  əvvəlki etibarını qazanmağa səy  göstərir.

Yeni Cənubi Uels Universitetində 69-dan çox elmi-tədqiqat mərkəzi mövcuddur. Onlardan ən nəhəngi 5 milli tədqiqat mərkəzidir (Kvant hesablaması, Milli İnformasiya və Kommunikasiya Texnologiyaları, Görmə üzrə, Fotoelektrik və Fotonika, Narkotik vasitələr və Alkoqolizm milli tədqiqat mərkəzləri). Həmçinin universitetdə 6 institut, 4 xəstəxana fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, bu ali məktəbdə YUNESKO Membran Elmi və Texnologiyası, Uzaqdan hissetmə və Coğrafi Sistemlər beynəlxalq elmi-tədqiqat müəssisələri yerləşir. Yeni Cənubi Uels Universitetinin kitabxana sistemi 3 milyona yaxın kitab və digər materiallara malikdir.

Yeni Cənubi Uels Universitetinin prezidenti 2006-cı ildən bu vəzifədə çalışan professor Frederik Hilmerdir. Prezidentin 3 vitse-kansler müavini və 4 pro-vitse-kansler köməkçisi var. Fakültə və məktəblər dekanlar tərəfindən idarə olunur. Bu ali təhsil ocağında ümumilikdə 6014 nəfər işçi çalışır. Onların 2497 nəfərini akademik, qalanlarını isə inzibati heyət təşkil edir.

2009-2010-cu tədris ilində universitetdə tələbələrin ümumi sayı 46630 nəfər olub. Tələbələrin 25000-nə qədərini bakalavr, qalan hissəsini isə magistrant, doktorant və tədqiqatçılar təşkil ediblər. Ali məktəbdə dünyanın 177 ölkəsini təmsil edən 11686 gənc qeydə alınıb. Dünya üzrə universitetin 210200-dən çox məzunu var. Yeni Cənubi Uels Universiteti dünya təhsilindən təcrübələnməyə xüsusi diqqət ayırır. Bu məqsədlə burada dünyanın 32 ölkəsinin 190 universiteti ilə mübadilə proqramları təşkil olunub.

Yeni Cənubi Uels Universiteti tədrisin və innovativ tədqiqatların təşkilinə görə beynəlxalq elmi dairələrdə yüksək nüfuz əldə edib. Bu ali təhsil ocağında alim və tələbələr əməkdaşlıq edərək yeni-yeni elmi tədqiqatlar həyata keçirirlər. Bununla yanaşı, müəllim və tələbələr dərsdən sonra bir sıra təşkilat və tədbirlərdə bir araya gələrək cəmiyyət üçün yararlı olmağa çalışır, köməyə ehtiyacı olan ailə və şəxslərə hərtərəfli yardım göstərirlər (insan hüquqları, sağlamlığı, ətraf mühitin mühafizəsi, mədəni və maarifləndirici tədbirlər və s).

Yeni Cənubi Uels Universitetinin şüarı belə səslənir: "Əl və ağılla elm".  Ali məktəb fəaliyyəti və nailiyyətləri ilə bu şüarı doğrultmaqdadır.  

Universitetin məşhur məzunları 

  Mah Bou Tan  Sinqapurun milli inkişaf naziri  
  Rodjer Korbett   Avstraliya Ehtiyat Bankının sədri  
  Lüsi Ternbull     Sidney şəhərinin sabiq meri  
  Monika Attard   Avstraliya Radioyayım Korporasiyasının sahibi  
  Duqlas Daft      "Coca-Cola" şirkətinin sabiq icraçı direktoru  
  Uol Kinq  "Leighton Holdings"in baş direktoru  
  Adam Kennedi  texnologiya üzrə alim, ixtiraçı proqramçı  
  Metyu Reyli    yazıçı  
  Druzilla Moceska yazıçı  
  Maykl Venden   üzgüçülük üzrə olimpiya çempionu  
  Ceyn Sevill  qaçış üzrə olimpiya çempionu  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
1 Oktyabr 2010 - 38
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər təhsilin inkişafına böyük diqqət yetirilir
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub
 
İğdırdakı liseyə ulu öndər Heydər Əliyevin adı veriləcək
 
"Elektron məktəb" sistemi 10 məktəbdə tam istifadəyə verilib
 
Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar
 
Fransalı alimlə görüş
 
Ekologiya mövzusunda tədbir
 
 "British Council"in Azərbaycandakı ofisinin rəhbəri ADU-da
 
III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları II ixtisas qrupuna keçiriləcək
 
Görüşdə diplomların tanınması məsələsi müzakirə edilib
 
Türkiyənin Qazi Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalandı
 
Müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə başa çatdı
 
Yeni qəbul olunan müdavimlərlə görüş
 
Maraqlı mozaik lövhələrin müəllifi
 
Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
 
Şamaxı təhsili bu gün
 
Yetirmələri ilə fəxr edən müəllim
 
"Şagirdləri öyrətmək həyat amalımdır"
 
Uşaqlarda təbiətə məhəbbət aşılanması
 
İbtidai siniflərdə vətənpərvərlik tərbiyəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Üzeyir ömrü" filmi maraqla qarşılandı
 
Uşaqlar sülhə səsləyirlər
 
Yeniyetmələr arasında açıq respublika birinciliyi
 
Vüqarın növbəti uğuru
 
"Azərbaycan voleybolu böyük bir inkişaf yolundadır"
 
Dünya universitetləri:  Yeni Cənubi Uels Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov