Dekabrın
29-da "Gülüstan" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə
"Jurnalistlərin dostu" mükafatının təqdim
olunması mərasimi keçirilmişdir.
Mərasim Azərbaycanın Dövlət himninin səslənməsi
ilə başladı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi
ki, "Jurnalistlərin dostu" mükafatı mediaya
qayğı göstərən görkəmli dövlət və hökumət
xadimlərinə, şəxsiyyətlərə verilir. Sonuncu dəfə
bu mükafat ümummilli lider Heydər Əliyevə təqdim
olunmuşdur.
Bildirildi ki, "RUH" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin
dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi
ilə bağlı kütləvi informasiya vasitələri və
jurnalist təşkilatları arasında sorğu
keçirmişdir. Sorğuda 30 gündəlik, 19 həftəlik
qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13
jurnalist təşkilatı, 8 xəbər portalı, 7
televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV
iştirak etmişdir. Respondentlərdən "2010-cu ilin
yekunlarına görə hansı ictimai-siyasi xadimi,
vəzifəli şəxsi jurnalistlərin dostu hesab
edirsiniz" sualını cavablandırmaq xahiş
edilmişdi. Sorğuda iştirak edən KİV-lərin 81
faizi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına
ən layiqli namizəd hesab etmişdir.
Əflatun Amaşov qeyd etdi ki, bu sorğunun
nəticələri Prezident İlham Əliyevin mətbuat
sahəsində uğurlu siyasətinə, jurnalistlərə və
jurnalist təşkilatlarına göstərdiyi diqqət və
qayğısına Azərbaycan jurnalistlərinin verdiyi
yüksək qiymətdir.
Sonra mükafat Prezident İlham Əliyevə təqdim
edildi.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyev bu günü həyatının ən
əlamətdar günlərindən biri kimi səciyyələndirdi
və onu bu mükafata layiq görənlərə təşəkkürünü
bildirdi. "Çalışacağam ki, Azərbaycanda azad,
müstəqil mətbuatın inkişafı üçün fəaliyyətimi
davam etdirəm və demokratik islahatların
aparılmasında hər zaman fəal olam", - deyən
Prezident İlham Əliyev bir məqamı da vurğuladı
ki, ölkədə söz və mətbuat azadlığı təmin
olunmuşdur. Bu da müstəqilliyin bizə verdiyi
imkanlardan biridir.
Prezident İlham Əliyev qeyd etdi ki,
Azərbaycanda müstəqil, azad mətbuat
müstəqilliyin ilk illərində yaransa da onun
sistemli inkişafı ümummilli lider Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən
sonra mümkün olmuşdur. Bu sahədə əsaslı dönüş
1998-ci ildə ulu öndərin mətbuat üzərində
senzuranın ləğvi barədə imzaladığı sərəncamla
başlamışdır. Hazırda hüquqi dövlət quruculuğunda
xüsusi rola malik olan mətbuat və söz
azadlığının bərqərar olması üçün ölkədə kompleks
tədbirlər davam etdirilir. "Azərbaycanda azad
mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün
deyildir", - deyən dövlətimizin başçısı
mətbuatın inkişafı prosesinin ölkədə uğurla
davam etdiyini bildirdi. Qeyd etdi ki, dövlətin
əsas niyyəti Azərbaycan vətəndaşlarının
informasiya əldə etmək imkanlarını
genişləndirmək və yüksək səviyyədə təmin
etməkdir.
Ölkədə demokratiyanın inkişafı istiqamətində
mətbuat azadlığının böyük rol oynadığını deyən
Prezident İlham Əliyev müstəqilliyimizin 20 ili
ərzində Azərbaycanda güclü, müstəqil mətbuatın
formalaşdığını da diqqətə çatdırdı. Bu məsələdə
jurnalistlərin fəaliyyətini yüksək
qiymətləndirən dövlətimizin başçısı ölkədə gedən
inkişaf proseslərindən də danışdı, Azərbaycanın
uğurlu tərəqqisinin artıq reallıq olduğunu dedi.
Bildirdi ki, bunu beynəlxalq təşkilatların
reytinqləri də təsdiqləyir. Prezident İlham
Əliyev əmin olduğunu vurğuladı ki, gələcəkdə də
Azərbaycan inkişaf yolu ilə gedəcəkdir və ölkədə
mövcud vəziyyət buna imkan verir.
Hazırda ölkəmizin informasiya müharibəsi
şəraitində yaşadığını, dünyadakı erməni
lobbisinin bizə qarşı informasiya müharibəsi
apardığını deyən Prezident İlham Əliyev bu
mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə
çatdırdı. Dövlətimizin başçısı dedi ki, bunu
ermənilərin son vaxtlar isterik hərəkətləri də
sübut edir. "Biz hücum diplomatiyası aparırıq",
- deyən Prezident İlham Əliyev vurğuladı ki,
vaxt keçdikcə bu sahədə uğurlarımız daha çox
olacaqdır.
Dövlətimizin başçısı jurnalist peşəsinin çətin
və məsuliyyətli olduğunu deyərək gələcəkdə də
media işçilərinin sosial problemlərinin həlli
istiqamətində mühüm addımların atılacağını
diqqətə çatdırdı. Bildirdi ki, 2010-cu ildə bu
sahədə həyata keçirilən tədbirlər növbəti
illərdə də davam etdiriləcəkdir. Bu işdən məqsəd
jurnalistlərin sosial problemlərinin həllinə
yardımçı olmaqdır. Prezident İlham Əliyev
"Jurnalistlərin dostu" mükafatını almaqdan
məmnun olduğunu dedi və bir daha minnətdarlığını
bildirdi.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin
bundan sonra da mediaya öz dəstəyini davam
etdirəcəyini dedi və ölkəmizdə müasir
jurnalistikanın formalaşmasının əsas istiqamət
kimi götürüldüyünü bildirdi.
***
Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il münasibətilə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist
yazıları müsabiqəsinin qalibi olmuş 50 jurnalist
mükafatlandırıldı. Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev qalib gələn jurnalistlərə
diplomları təqdim etdi.
AzərTAc |