Yanvarın 11-də Azərbaycan Dillər Universitetində
Dünya Hind Dili Gününə həsr olunmuş tədbir
keçirildi. Tədbirdə Hindistanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Debnat Şou
iştirak etdi. Səfir ADU-nun rektoru, millət
vəkili, professor Səməd Seyidovla İnformasiya
Resurs Kompleksində (İRK) regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin təşkil
etdiyi hind mədəniyyətinə həsr olunmuş tədbirə
qatıldı.
Tədbiri
giriş sözü ilə açan rektor Səməd Seyidov
qonaqları salamlayaraq ADU-da Hind Dili
Mərkəzinin fəaliyyət göstərdiyini və tələbələrə
hind dilini öyrənmək üçün şərait yaradıldığını
qeyd etdi. Bütün dünyada və Azərbaycanda Hind
dili günü qeyd olunduğunu bildirən rektor
vurğuladı ki, ADU-nun tələbələri, regionşünaslıq
və beynəlxalq münasibətlər fakültəsində təhsil
alan tələbələr hind dilini öyrənirlər. O, hind
dilini tədris etmək üçün professor Mukeş Qarjini
Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə
səfir Debnat Şouya təşəkkürünü bildirdi.
Hindistanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Debnat Şou öz çıxışında hər
il yanvarın 10-da Dünya Hind dili gününün qeyd
olunduğunu və bu gün ADU-da keçirilən tədbirdə
iştirak etməkdən son dərəcə məmnun qaldığını
söylədi. Bu mövzuda Azərbaycanda artıq ikinci
tədbirin keçirildiyini deyən səfir 2010-cu ilin
oktyabrında ADU-da Hind dili kafedrasının
fəaliyyətə başladığını qeyd etdi. Tələbələrin
hind dilini, mədəniyyətini və tarixini daha
yaxından mənimsəyəcəklərinə əminliyini bildirdi.
Səfir ADU-nun rektoru Səməd Seyidova,
beynəlxalq əlaqələr üzrə prorektor Jalə
Qəribovaya hind dilinin tədris olunmasında və
universitetdə Hindşünaslıq mərkəzinin
açılmasında göstərdikləri təşəbbüslərə görə
minnətdarlıq etdi.
ADU-nun Hind dili kafedrasının müdiri Mukeş
Qarji çıxışında hind dilini öyrənən tələbələrin
bunun öhdəsindən müvəffəqiyyətlə gəldiklərini
dedi.
Hind dilində qısametrajlı filmin nümayişindən
sonra tələbələr hind rəqsi və mahnısı ifa
etdilər.
Tədbirin sonunda iştirakçılar hind mətbəxi ilə
də yaxından tanış oldular.
Şakir CƏFƏROV |