Müstəqilliyimizə nail olduqdan sonra
respublikamızda bütün sahələrdə olduğu kimi,
idman sahəsinə də dövlətimiz tərəfindən diqqət
böyükdür. İdmançılarımız ölkəmizi beynəlxalq
turnirlərdə layiqincə təmsil edərək bayrağımızı
ucaldır, Vətənimizə medallar qazandırırlar. Belə
idmançılarımızdan biri də Təhsil Nazirliyinin
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Gimnastika Məktəbinin akrobatika
gimnastikası bölməsinin üzvü Pərizad
Quliyevadır. O, Təhsil Nazirliyinin 2010-cu ildə
keçirdiyi müsabiqənin "İlin ən yaxşı qız
idmançısı" nominasiyası üzrə qalibidir.
Pərizad
1997-ci ildə Bakı şəhərində anadan olub. O,
2001-ci ildən idmanın akrobatika gimnastikası
növü ilə məşğul olur. Təlim-tərbiyəsi,
çalışqanlığı ilə hamının diqqətini cəlb edən
Pərizad çox keçmir ki, uğurları ilə də
müəllimlərini və valideynlərini sevindirir.
İstedadı ilə yoldaşlarından fərqlənən yeniyetmə
idmançı hazırda Bakıdakı "Gənc istedadlar"
liseyinin VII sinfində oxuyur. Təhsil aldığı
liseydə də çalışqanlığı, biliklərə yiyələnmək
səyi ilə seçilir. Onun şəkli liseyin şərəf
lövhəsini bəzəyir.
Pərizadın dediklərindən: "Bu idman növünə
marağım dayımın gimnastika ilə məşğul olmasından
sonra yarandı. Həmişə onun məşqlərinə gedəndə
özümü də idmançılar kimi görmək istəyirdim. Anam
mənim idmanın gimnastika növünə olan sonsuz
sevgimi görüb 2001-ci ilin axırlarında Təhsil
Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinə
üzv yazdırdı. İlk vaxtlar idman məktəbinə
gələndə müəllimin verdiyi, göstərdiyi
tapşırıqları layiqincə yerinə yetirə
bilməyəcəyimdən qorxurdum. Ancaq istedadlı,
peşəkar və sevimli müəllimlərimin mənə doğma
münasibəti özümə qarşı böyük inam yaratdı.
Həvəslə, yorulmadan məşqlər edirdim və
çalışırdım ki, mənə etimad göstərən müəllimlərin
əməyini puç etməyim. Məşqçi-müəllimim İradə
Qurbanova bu idman növünün bütün incəliklərini
mənə həvəslə öyrədirdi. Çox keçmədən beynəlxalq
turnirlərdə çıxış etməyə başladım. Müxtəif
illərdə Rostovda, Krasnodarda, Ukraynada,
Polşada, Portuqaliyada, Velikiy-Novqorodda
keçirilən beynəlxalq yarışlarda yüksək yerlər
tutaraq ölkəmizə alnıaçıq qayıtmışam. Hər
qələbədən sonra sevincimin hədd-hüdudu olmur.
Bunu sözlə ifadə etmək çox çətindir. Yarışlarda
əldə etdiyim uğurlar məndə özümə inam yaradırdı.
2010-cu ildə respublika çempionatında I yerə
çıxmağım mənim üçün ikiqat bayrama çevrildi.
Azərbaycan çempionu titulunu alanda mən elə bil
yuxu görürdüm, çox sevincli idim. İdmana
göstərilən diqqət və qayğıya görə dövlət
başçısına minnətdaram. Ən böyük arzum Avropa və
dünya çempionu adını qazanmaqdır. Bu arzuya nail
olmağı qarşıma məqsəd qoymuşam".
Pərizadın məşqçi-müəllimi idman ustası, yığma
komandanın baş məşqçisi, əməkdar məşqçi İradə
Qurbanova da onun haqqında fikirlərini bizimlə
bölüşdü. O, Pərizadın böyük potensiala malik,
çalışqan, bacarıqlı və yaxşı formada olan bir
idmançı olduğunu dedi. Onu bu titulu qazanması
münasibətilə təbrik etdi və Pərizadı Avropa və
dünya çempionu görməyi arzu etdi.
Pərizad haqqında danışan idman məktəbinin
direktoru, Azərbaycan bədən tərbiyəsi və idman
xadimi, əməkdar məşqçi, idman ustası Arif
Qafarov yetirmələrinin uğurlarının çox
olmasından qürur hissi keçirdiyini bildirdi.
A.Qafarov idman məktəbinin tarixi haqqında
məlumat verdi. Bildirdi ki, 1968-ci ildə
yaradılan bu təhsil müəssisəsi 1989-cu ilə qədər
gimnastika məktəbi kimi fəaliyyət göstərirdi.
1989-cu ildə məktəb tamamilə yandığından
fəaliyyətini dayandırdı. 2006-cı ildə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın göstərişi ilə idman məktəbi əsaslı
təmir olundu. Hazırda məktəbin 700-ə yaxın
şagirdi var. Məktəbin Avropa və dünya
çempionatında iştirak edən və qabaqcıl yerləri
tutan yetirmələri var. A.Qafarov məktəbin
uğurlarının davamlı olacağından və gələcəkdə də
yeni-yeni nailiyyətlər əldə edəcəklərinə ümidvar
olduğunu bildirdi.
Rəşad ZİYADOV |