Bunu bilib nəzərə almağın mənimsəmədə rolu
Diferensiasiya
və inteqrasiya yunan sözləridir. Birinci söz
vahidin, bütövün fikrən hissələrə ayrılması,
ikinci söz isə əksinə, hissələr arasında
qarşılıqlı əlaqə sayəsində tama, bütövə
çevrilməsi prosesidir. Bu hadisə pedaqoji
prosesə də xasdır. Milli pedaqogikada dörd
pedaqoji kateqoriya: təlim, tərbiyə, təhsil və
psixoloji inkişaf vahid olan pedaqoji prosesdə
birləşir, yəni inteqrasiya edir. Milli
pedaqogikada müəyyənləşdirilmişdir ki,
diferensiasiya və inteqrasiya hadisəsi nəinki
pedaqoji kateqoriyalar arasında, hətta
kateqoriyalar daxilində də mümkündür. Nisbi
mənada müstəqil olan hər bir kateqoriyada digər
kateqoriyaların əlamətləri bu və ya digər
dərəcədə iştirak edir. Məsələn, təlim
kateqoriyasında təhsilin də, tərbiyənin də,
psixoloji inkişafın da əlamətlərini sezmək
mümkündür, yaxud təhsil kateqoriyasında təlim,
tərbiyə və psixoloji inkişaf əlamətlərini və
ya tərbiyə kateqoriyasında təlim, təhsil və
psixoloji inkişaf əlamətlərini görmək çətin
deyil.
Pedaqoji elmin
200 ildən artıq inkişaf tarixində pedaqoji
proses kateqoriyasında gedən diferensiasiya və
inteqrasiya hadisələri, ən dialektik proseslər
bu elmə məlum olmamışdır. O səbəbdən də tərbiyə
kateqoriyası uzun müddət pedaqoji elmin
tədqiqat mövzusu hesab edilmişdir.
Bir çox
yeniliklərin, o cümlədən də pedaqoji proses
kateqoriyasının pedaqoji elmin tədqiqat sahəsi
hesab edilməsi, orada cərəyan edən dialektik
hadisələrin açılması və s. yeniliklər, demək
olar ki, Azərbaycan Respublikasının dövlət
müstəqilliyi ilə bağlıdır. Müstəqillik
Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki,
düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst
formalaşdırılmış fikirlərdən biri məhz pedaqoji
prosesin tamlığı ilə, onun tərkib hissələrinin
inteqrasiyası və diferensiasiyası ilə əlaqədar
olmuşdur.
Sevindirici
haldır ki, ibtidai təhsilin pedaqogikası və
metodikası ixtisası üzrə çərçivə kurikulumuna və
Təhsil Qanununa pedaqoji prosesin tamlığı
ideyası da daxil edilmişdir. Lakin orada
təfsilata imkan olmadığından, mahiyyəti
açılmamış qalmışdır. Onu da xatırlatmaq yerinə
düşərdi ki, pedaqoji prosesin tamlığı ideyası
1996-cı ildə "Maarif" nəşriyyatı tərəfindən çap
olunmuş "Pedaqogika" dərsliyində ətraflı şərh
olunmuşdur.
Lakin təəssüf
hissi ilə qeyd edilməlidir ki, respublika
müəllimlərinin xeyli hissəsi pedaqoji prosesin
tamlığı ideyasından bəhrələnə bilmir, çünki
onlar ənənəvi pedaqogikadan qidalanmışlar; bir
qismi isə əsasən bilik və bacarığın öyrədilməsi
ilə məşğul olur, şagirdlərin tərbiyəsi və
psixoloji inkişafına az maraq göstərir və buna
sinif rəhbərinin, tərbiyə işləri üzrə direktor
müavininin, hətta məktəbdə psixoloqun varlığı
ilə bəraət qazandırmağa çalışır.
Problemin
müasirliyini, təhsildə islahatın uğuru üçün
əhəmiyyətini nəzərə alaraq, ona yenidən
qayıtmağı özümüzə borc bilirik.
İstər ibtidai
məktəb olsun, istərsə ali məktəb, istər fizika
fənni olsun, istərsə ədəbiyyat fənni, fərqi
yoxdur, hər bir fənnin tədrisində bu və ya
digər dərəcədə təlim, təhsil, tərbiyə və
psixoloji inkişaf əlamətləri iştirak edir.
Deməliyik ki, bu əlamətlərin olması, iştirakı
obyektiv səciyyə daşıyır, müəllimdən asılı
olmur. Lakin fənnin tədrisində təlim, tərbiyə,
təhsil və psixoloji inkişaf əlamətlərinin
iştirak səviyyəsi müəllimin pedaqoji ustalıq
səviyyəsindən asılı olur.
Bu asılılığın
mahiyyətindən hali olan müəllimin tədris
işində təhsillilik, tərbiyəlilik və psixoloji
inkişaf səviyyəsi, adətən, yüksək olur; həmin
asılılığın mahiyyətindən xəbəri olmayan
müəllimin şagirdlərində isə təhsillilik,
tərbiyəlilik və psixoloji inkişaf səviyyəsi,
adətən, aşağı olur.
Unutmayaq ki,
vahid olan real pedaqoji prosesdə təlim,
tərbiyə, təhsil və psixoloji inkişaf əlamətləri
bir-birini tamamlaya, biri digərinə dayaq ola,
biri digərində iştirak edə bilir.
Təlim
kateqoriyasının mahiyyətinə dair Milli
pedaqogika anlamını oxucuya xatırladaq: təlim
müəllimin məqsədyönlü, planlı və mütəşəkkil
rəhbərliyi altında fənn üzrə sistemləşdirilmiş
biliklərin, bacarıq və vərdişlərin şagirdlər
(tələbələr) tərəfindən mənimsənilməsi və bu
zaman onların tərbiyə olunmaları, habelə
psixoloji cəhətdən inkişaf etmələri prosesidir.
Bu anlamın
yeniliyi təkcə orasında deyil ki, pedaqoji
prosesin tamlığını, onun əlamətlərinin
ardıcıllığını, qarşılıqlı əlaqəsini, bir-birinə
dayaq olduğunu dəqiq və aydın ifadə edir; həm
də orasındadır ki, təlimdə müəllimin və
şagirdlərin aparıcı vəzifələrini açıb göstərir:
müəllimin əsas vəzifəsi şagirdlərin mənimsəmə
fəaliyyətini, tərbiyə olunmalarını və psixoloji
inkişafını təşkil etmək, ona istiqamət vermək,
rəhbərlik etməkdir, şagirdlərin əsas vəzifəsi
isə tərbiyə və psixoloji inkişaf imkanları olan
bilik və bacarıqları müəllimin göstərişinə uyğun
olaraq mənimsəməkdir.
Təlim
kateqoriyasının mahiyyətindən göründüyü kimi,
burada qabarıq şəkildə özünü göstərən fənn üzrə
bilik və bacarıqların mənimsənilməsidir; təlim
zamanı şagirdlərin (tələbələrin) tərbiyə
olunmaları və psixoloji cəhətdən inkişafları isə
müəyyən dərəcədə kölgədə qalır. Pedaqoji
ustalıq səviyyəsi aşağı olan müəllimin bu
sonuncu iki cəhət diqqətindən, adətən, yayınır.
Topladığımız
faktlar əsasında qətiyyətlə, böyük inamla deyə
bilərik ki, təlim zamanı şagirdlərin tərbiyə
olunmalarına və psixoloji inkişaflarına
əhəmiyyət verməmələri bir çox müəllimlərimizin
uğursuzluqlarının başlıca səbəblərindən birinə
çevrilir.
Eyni sözlər
təhsil kateqoriyasına da şamil edilə bilər.
Təhsilin mahiyyətinə dair Milli pedaqogika
anlamına nəzər salaq: Təhsil sosial-iqtisadi
həyatın sahələrindən biri olub, müvafiq tədris
müəssisəsində müəyyən müddətə məqsədyönlü,
planlı və mütəşəkkil öyrənilən, tərbiyə və
psixoloji inkişaf imkanları olan, təlimin bir
halda zəruri şərti, digər halda gedişi, üçüncü
halda nəticəsi kimi özünü göstərən
sistemləşdirilmiş biliklərin, bacarıq və
vərdişlərin, habelə mənəvi keyfiyyətlərin
məcmusudur.
Təhsilin
mahiyyətinə dair yeni anlamdan aydın göründüyü
kimi, burada da təlim, tərbiyə və psixoloji
inkişaf məsələləri nəzərə alınmışdır. Lakin
bir məqam diqqəti xüsusilə özünə cəlb edir:
təhsilin məzmununu təşkil edən biliklərin,
bacarıq və vərdişlərin, habelə mənəvi
keyfiyyətlərin hərəkətə başlaması, yəni təlimin
zəruri şərti olan təhsilin tədricən onun
gedişinə və nəticəsinə çevrilməsi aydın sezilir;
təhsil kateqoriyasının mahiyyətində tərbiyə və
psixoloji inkişaf məsələləri isə o qədər də
aydın sezilmir. Müəllim bu cəhəti bilməli və
təhsilin tərbiyəvi imkanlarını da, psixoloji
inkişaf imkanlarını da reallaşdırmağın
yollarını Milli pedaqogika ruhunda yazılmış
kitablar əsasında, o cümlədən "Tətbiqi
pedaqogika" və ya "Pedaqoji ustalığın
problemləri" adlı dərsliklər əsasında öyrənmək
olar.
Tərbiyə
kateqoriyasının mahiyyətinə də bəzi yeniliklər
gətirilmişdir. Təəssüflər olsun ki, bir çox
müəllimlərimiz Milli pedaqogikanın bu
yeniliklərindən də xəbərsizdirlər.
Milli
pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə,
hər şeydən əvvəl, insanların davranışı ilə
əlaqədar olan pedaqoji hadisədir. Xeyirxahlıq və
ya paxıllıq, səmimilik və ya qeyri-səmimilik,
qayğıkeşlik və ya biganəlik, səxavətlilik və ya
xəsislik, sözlə əməlin üst-üstə düşməsi və ya
düşməməsi, halallıq və ya haramlıq,
vətənpərvərlik və ya vətənə laqeydlik,
zəhmətsevərlik və ya zəhmətə xor baxmaq və
yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu
davranış tərzləri buna misal ola bilər.
Tərbiyə
kateqoriyasının mahiyyətini səciyyələndirən
yeniliklərdən biri də tərbiyə işinin aparıldığı
mühitlə əlaqədardır. Milli pedaqogikaya görə,
tərbiyə işi üçün münasib şərait yaradılmalıdır.
Əks təqdirdə, istənilən nəticəni almaq
çətinləşir. Şagirdlərin hüquqları heç bir
cəhətdən pozulmayan məktəbdə, şagirdlərə
pedaqoji prosesin obyekti kimi deyil, subyekti
kimi baxılan, onlarla məsləhətləşmələr aparılan
məktəbdə tərbiyəvi tədbirlər yüksək səviyyədə
keçirilir.
Nəhayət,
tərbiyə kateqoriyasının müasir anlamını
səciyyələndirən üçüncü cəhət adamlarda inam
hissinin yaradılmasıdır. İnam hissi isə, hər
şeydən əvvəl, tərbiyəçinin özündən
qaynaqlanmalıdır. Onun özü təbliğ etdiyi,
aşılamaq istədiyi ideyanın reallığına,
doğruluğuna dərindən inanmalıdır. Belə olduqda
dinləyicilər tərbiyəçinin dediklərinə inanır,
onun dediklərini qəbul edir, məsləhətlərini heç
bir şübhə etmədən yerinə yetirirlər.
Tərbiyəçinin özü boğazdan yuxarı danışırsa,
dediklərinin reallığına dinləyicilərdə inam
yarada bilmirsə, fikirlərinin səmimiliyinə
onlarda şübhə yaranırsa, məqsəddən uzaq düşmüş
olur. Belə olduqda şəxsin tərbiyə işinə
girişməməsi məsləhət olardı.
Deyilən
əlamətləri nəzərə alan Milli pedaqogika tərbiyə
kateqoriyasının mahiyyətini belə dəyərləndirir:
tərbiyə - davranışla əlaqədar olan
əsaslandırılmış mənəvi keyfiyyətlərə dair
adamlarda inam hissinin məqsədyönlü, planlı və
mütəşəkkil qaydada formalaşdırılması prosesidir.
Burada bir
cəhəti unutmaq olmaz. Məsələ burasındadır ki,
hər hansı mənəvi keyfiyyətlə (məsələn,
halallıqla) əlaqədar tədbir keçirilən zaman
iştirakçılar halallıq nümunələrinə dair
ayrı-ayrı şəxsiyyətlər barədə, onların fikirləri
haqqında yeni-yeni məlumatlar eşidirlər;
şagirdlərin görüş dairələri xeyli genişlənir,
mənəvi keyfiyyətlə yanaşı, real bilik və
bacarıqlara da sahib olurlar.
Bundan əlavə,
davranışdan ayrılmaz olan mənəvi keyfiyyətlərlə
zənginləşmiş insanların psixoloji qüvvələri də
müəyyən dərəcədə işə düşmüş olur; hansısa
fikirlə razılaşır, hansılarlasa razılaşmır,
etiraz edir, öz mülahizəsini söyləyir. Bir
sözlə, ənənəvi pedaqogikadan qidalanmış
müəllimlərin şagirdlərində (tələbələrində)
davranışla bağlı mənəvi keyfiyyətlərin
formalaşmasında təlim əlamətləri ilə yanaşı,
psixoloji qüvvələri də müəyyən dərəcədə
fəaliyyətdə olur.
Təhsildə
müəllimin yüksək göstəricilərə nail olması üçün
isə təlimdə psixoloji qüvvələrin müəyyən
dərəcədə iştirakı Milli pedaqogikada qətiyyən
qənaətbəxş hesab edilmir. Milli pedaqogikada
sübut olunmuşdur ki, psixoloji qüvvələri təlimdə
inkişaf etdirmək nəinki mümkündür, hətta son
dərəcə faydalıdır. Psixoloji qüvvələr deyəndə
diqqət, iradə, hafizə, təfəkkür, təxəyyül və s.
nəzərdə tutulur. Təlimdən ayrılmaz olan həmin
psixoloji qüvvələr müəllimin qayğısına
çevrildikdə, dərsboyu müəllim şagirdlərdə
(tələbələrdə) diqqətin yayınmasını, iradə
zəifliyini və s. psixoloji nöqsanları səbrlə,
dözümlə aradan qaldırdıqca psixoloji qüvvələr
inkişaf edir, gah təlimin nəticəsinə, gah da
onun əsasına çevrilir; təhsildə uğurun etibarlı
amili olur. Bu səbəbdən psixoloji inkişaf Milli
pedaqogikada pedaqoji prosesin dörd
kateqoriyasından biri kimi müəyyənləşmişdir.
Soruşmaq olar:
pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və
psixoloji inkişaf kateqoriyalarının
cəmləşdiyini, yəni inteqrasiya etdiyini, bəzən
də onun diferensiasiyaya uğradığını, yəni
müstəqil kateqoriyalar kimi fəaliyyət
göstərdiyini bilmək müəllimə nə verir? Hər
şeydən əvvəl müəllimin pedaqoji ustalığının
artmasına səbəb olur; bu da şagirdlərdə
(tələbələrdə) mənimsəmənin səviyyəsini
əhəmiyyətli dərəcədə artırır.
Yenə sual:
Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya
edilən, yəni ayrılaraq müstəqil tətbiq olunan,
məsələn, təlimdə müəllimin başı yalnız aparıcı
cəhətə (bilik və bacarıq öyrənilməsinə)
qarışmır; onun diqqətindən yayına biləcək
tərbiyənin və psixoloji qüvvələrin də işə
qoşulmasına hökmən xüsusi qayğı göstərməli
olur.
Tərbiyə
imkanları və psixoloji qüvvələrdən istifadə
imkanları isə dərsdə kifayət qədərdir. Müəllimi
inandırmaq istədiyimiz cəhət budur ki, dərsin
həmin imkanlarını öyrənsin, bilsin və
təcrübədə işə salsın.
Tamdan, yəni
pedaqoji prosesdən ilk baxışda təlim kimi,
tərbiyə kimi, ya təhsil kimi və ya psixoloji
inkişaf kimi diferensiallaşan, yəni ayrılan
pedaqoji kateqoriya hər dəfə digər
kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla
qovuşarsa, görün bizim gənc nəslin təhsillilik
və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf
səviyyəsi eyni zaman kəsiyində nə qədər
yüksəlmiş olar!
Gənc nəslin
təhsillilik və tərbiyəlilik səviyyəsini
yüksəltməkdə, habelə psixoloji inkişaf
səviyyəsini qaldırmaqda pedaqoji prosesin
diferensiasiya və inteqrasiya imkanlarından
istifadəyə dair bu yenilikləri müəllimlərimiz nə
qədər ətraflı öyrənib öz işlərində tətbiq
etsələr, bir o qədər Azərbaycan xalqının
xeyrinə olar; bununla yanaşı, orta ümumi
təhsilimizdəki kəsirləri aradan qaldırmağa
yönələn şagirdlərin repetitorlar yanına
göndərilməsi üçün valideynlərin çəkdikləri əlavə
xərc də aradan qalxar.
Nurəddin KAZIMOV,
əməkdar elm xadimi, pedaqoji elmlər doktoru,
professor,
Prezidentin fərdi təqaüdçüsü |
|