Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

Dünya təhsili

TOEFL proqramı haqqında nə bilirik

 

Açdığımız bu yeni rubrika altında dünya təhsilində baş verən yeniliklər, inkişaf etmiş ölkələrin təhsil sistemləri, beynəlxalq təhsil proqramları haqqında materiallar dərc etməyi nəzərdə tuturuq. Çoxlu sayda gənclərimizin xarici ölkələrin ali məktəblərində təhsil almağa olan marağını nəzərə alıb bu rubrikada ilk olaraq xaricdə təhsil üçün əsas tələblərdən biri sayılan TOEFL proqramı haqqında məlumatları oxucularımıza çatdırırıq. 

TOEFL (Test of English as a Foreign Language - Xarici dil kimi ingilis dili testi) imtahanı ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Təhsil Test Xidməti ("Educational Testing Service (ETS)") tərəfindən qeyri ingilisdilli şəxslərin ingilis dili biliyini qiymətləndirmək məqsədi ilə dünyanın əksər ölkələrində təşkil olunur. TOEFL imtahan proqramını 16 nəfərlik idarə heyəti təsdiqləyir. Bu heyətin əsas üzvləri dövlət və özəl universitetlərin, institutların tələbə və məzunları arasından seçilir. Heyətin digər üzvləri isə ingilis dilini xarici dil, yaxud ikinci dil kimi öyrənən mütəxəssislərdən ibarət olur.

TOEFL imtahan komitəsində dilçilik, dil testi, elm və tədqiqat sahələri üzrə 12 mütəxəssis çalışır. TOEFL imtahanı ilə bağlı məsləhət vermək onların əsas öhdəliyidir. Komitə cari metodları və istiqamətləri özündə əks etdirən ingilis dili biliyinin vahid ölçüsünü müəyyən etməyə kömək edir.

Dünyada ingilis dilində təhsil verən 4300-ə yaxın universitet və kollec tərəfindən bakalavriat, magistratura və doktorantura pillələrinə ana dili ingilis dili olmayan tələbələri qəbul etmək üçün TOEFL sertifikatı əsas şərt kimi irəli sürülür. Hazırda bəzi dövlət orqanları, qurumlar, bir çox təşkilat və şirkətlər, habelə təhsil müəssisələri işə qəbul zamanı namizədlərdən TOEFL sertifikatını tələb edirlər. Bu sertifikat artıq beynəlxalq səviyyədə tanınır.

TOEFL imtahanı təxminən 3,5 və yaxud 4 saat davam edir. Bu vaxt ərzində imtahan iştirakçılarına, hətta qısa istirahət də verilir. Göstərilən müddət ərzində tələbənin yanında kompüterin istifadəsi və testin icrası ilə bağlı məlumatlarla tanış edən nəzarətçi müəllim və imtahan rəhbəri olur. TOEFL proqramının rəsmi İnternet ünvanı www.toefl.org saytıdır.

Əvvəllər testdə iştirak etmək üçün qoyulan tələblər həddindən çox olduğundan namizədlər iştirak üçün aylarla gözləməli olurdu, ancaq indi bu problemlər öz həllini tapıb. Artıq bir çox ölkədə hər dörd həftədən bir imtahanda iştirak etmək mümkündür. Bütün tapşırıqlar ali təhsil mühitində istifadə olunan akademik dil təcrübəsinə uyğun verilir.

Bu gün Avropanın və ABŞ-ın ali təhsil müəssisələri ilə yanaşı, bir sıra ümumtəhsil məktəbləri də şagird qəbulu zamanı ingilis dilini bilmə səviyyəsinin müəyyən olunmasını tələb edirlər. Bunu nəzərə alan Təhsil Test Xidməti (ETS) "TOEFL Junior"un fəaliyyətinə start verib. Burada əsasən 11-14 yaşlı şagirdlər test yoxlamasına cəlb edilir.

TOEFL imtahanını kimlər verə bilər?

Hər il bir milyona yaxın müxtəlif yaş qruplarındakı insanlar TOEFL proqramına   müraciət edir. Bunun səbəbi isə müxtəlifdir. Belə ki, kimisi xəyalındakı universitetə qəbul olunmağı düşünürsə, bir başqası daha yaxşı işlə təmin olunmaq üçün bu proqrama müraciət edir. Hesablamalara əsasən, TOEFL proqramına 1964-cü ildən bu günə qədər 23 milyondan artıq insan müraciət edib. "İngilis dilini normal bilmək" anlayışı aşağıdakı şəxslər üçün orta (intermediate) və yüksək (advanced) səviyyələri arasında dəyişir:

                     ali təhsil müəssisəsinə daxil olmağı planlaşdıran tələbələr;

                     ingilis dilini öyrənmə proqramına qəbul edilənlər;

                     təqaüdçülər və müvafiq sertifikatlı namizədlər;

                     ingilis dili biliyini daha da inkişaf etdirmək istəyənlər;

                     viza almaq istəyən tələbə, yaxud işçilər.

Testə müraciət

Dünyanın 100-dən çox ölkəsində keçirilən imtahanlarda namizədlər istədikləri vaxt iştirak edə bilərlər. Müraciəti 2 formada etmək mümkündür. Həm onlayn qaydada, həm də kağız bülletenləri dolduraraq. Əgər onlayn şəkildə müraciət etmək istəyirsinizsə, www.toefl.org saytında yerləşən toefl-registration.ets.org linkinə daxil olub Təhsil Test Xidmətinə (ETS) üzv olmalısınız. Bundan sonra ya telefon, yaxud da İnternet vasitəsilə günü və yeri seçə bilərsiniz.

İmtahanın ödəniş qaydası

TOEFL imtahanının ödəniş məbləği 150 dollardan 225 dollara qədər dəyişir. Bu məbləğ birbaşa Təhsil Test Xidmətinə (ETS) ödənilir. Onlayn müraciət zamanı ödəniş kredit kartı vasitəsilə aparılır. Əgər seçmək istədiyiniz tarixə 7 gündən az vaxt qalıbsa, bu zaman məbləğ 180 dollara qədər arta bilər. Növbəti 3 gün ərzində müəyyən olunmuş imtahan gününü 40  dollar ödəyərək dəyişmək mümkündür.

TOEFL testinin formatı

Dünyanın bir çox ölkəsində keçirilən TOEFL imtahanı ölkəmizdə də təşkil olunur. İmtahanlar yerindən asılı olaraq aşağıdakı 3 formada təşkil edilir:

                     Kağız əsaslı test (bundan sonra Paper Based Test (TOEFL PBT));

                     Kompüterli test (bundan sonra Computer Based Test (TOEFL CBT));

                     İnternet əsaslı test (bundan sonra İnternet Based Test (TOEFL İBT)).

Kağız əsaslı test (TOEFL PBT)

İnternetin mümkün olmadığı yerlərdə kağız əsaslı test imtahanı verilir. Namizədlər ya onlayn, ya da TOEFL bülletenini doldurmaqla ənənəvi qaydada qeydiyyatdan keçməlidirlər. TOEFL PBT imtahanları ildə 6 dəfə-namizədlər tərəfindən seçilmiş vaxtda verilir. İştirakçılar istədikləri qədər imtahan verə bilər, lakin universitetlər və kolleclər adətən sonuncu imtahanın nəticəsini nəzərə alırlar. TOEFL PBT imtahanları 3 saat davam edir və maksimum 677 bal toplamaq mümkündür. İmtahan 4 mərhələdə həyata keçirilir. Hər mərhələ ayrı-ayrı bölmələrdən ibarətdir. Onu da qeyd edək ki, TOEFL  PBT digərlərindən fərqli olaraq daha asandır. TOEFL PBT-də imtahan iştirakçılarına tapşırıqların icrası zamanı qeyd götürməyə icazə verilmir.

Dinləmək bölməsi

Dinləmək bölməsi (30-40 dəqiqə) 3 hissədən ibarətdir. İlk olaraq müəyyən mövzu ilə əlaqəli söhbət dinlənilir, daha sonra mətnə müvafiq suallar verilir. Bu söhbət mərhələlərdən asılı olaraq ya iki nəfər arasındakı danışıqdan, yaxud da geniş auditoriya qarşısındakı professorun mühazirəsindən ibarətdir. Deməli, I hissədə qısa söhbətlər haqqında 30, II hissədə uzun söhbətlər haqqında 8 sual verilir. III hissədə isə namizədlərə mühazirə və danışıq barədə 12 sual verilir. Namizədlərə dinləyərkən qeyd götürmək üçün icazə verilmir. Burada məqsəd iştirakçıların anlamaq bacarıqlarının öyrənilməsidir.

Qrammatika (Dilin strukturu) bölməsi

Bu bölmədə (25 dəqiqə) düzgün cümlələrdən ibarət 15 və səhvləri müəyyənləşdirilməli 25 tapşırıq verilir. Namizədlərin dilin qrammatikasına hansı dərəcədə yiyələndikləri bu bölmə vasitəsilə müəyyənləşdirilir.

Oxumaq bölməsi

Bu bölmədə (55 dəqiqə) 5 parçadan ibarət oxu hissələri göstərilir. Hər hissəyə dair 10, ümumilikdə isə 50 sual verilir. İştirakçıların düzgün tələffüz qaydaları və oxumaq vərdişləri öyrənilir.

Yazmaq bölməsi 

Yazı bölməsində (30 dəqiqə) orta hesabla 250-300 sözdən ibarət olan bir inşa yazılmalıdır. Lakin bu, müraciət etdiyiniz universitetin, kollecin tələbinə görə dəyişə bilər. Bu mərhələ 6 balla qiymətləndirilir.

Kompüter əsaslı test (TOEFL CBT)

Zamanın tələbi ilə TOEFL imtahanlarında kompüter texnikasının imkanlarından istifadə olunmağa başlanıldı. Bununla da imtahanın formatı tamamilə dəyişdi. Burada suallar çətinlik səviyyəsinə görə TOEFL sual bankından avtomatik seçilərək bir-bir ekranda göstərilir. Namizədlər hər sual üçün yalnız bir cavab verə bilərlər və I tipli imtahanda olduğu kimi, burada da yazdığını geri dəyişmək imkanı yoxdur, həmçinin boş qalmış variantı saxlayıb növbəti suala keçmək də mümkün deyil.  İmtahan təxminən 3,5 saat davam edir. İmtahanda maksimum 300 bal toplamaq mümkündür. Bu testin maraqlı cəhəti odur ki, kompüter özü namizədin bilik səviyyəsini avtomatik müəyyən edə bilir. Belə ki, testə başlayarkən namizədə bir neçə asan və bir neçə çətin sual verərək onun bilik səviyyəsini müəyyən edir. Hər səhv cavabdan sonra bir asan sual, hər düz cavabdan sonra isə bir çətin sual verilir. Beləliklə, namizədin balı imtahan ərzində dəyişir. İmtahanın sonunda isə yekun bal göstərilir. Lakin namizəd suallara verdiyi cavabları sonda nəzərdən keçirə bilmir. TOEFL PBT-də olduğu kimi, burada da namizədlərə qeyd götürməyə icazə verilmir. İştirakçıların bildirdiyinə görə, yeni tipli testlər yerləşdirildikdən sonra çətinlik daha da artıb.  Buna görə də imtahana getməzdən əvvəl yenilikləri nəzərdən keçirmək və sınaq imtahanlarında iştirak etmək məsləhətdir.

Kompüter əsaslı test 4 əsas bölmədən ibarətdir. Bu bölmələr TOEFL PBT ilə eyni olduğu üçün yalnız fərqli olan bölmələr barədə məlumat verəcəyik :

                     Dinləmək (40-60 dəqiqə)

                     Qrammatika  (15-20 dəqiqə)

                     Oxumaq (70-90 dəqiqə)

                     Yazmaq (30 dəqiqə)

Yazmaq bölməsində bir inşa yazılır. Qələmlə, yaxud kompüterdə yazıla bilər. Əldə olunmuş 12 bal qrammatika bölməsinə qeyd olunur.

İnternet əsaslı test (TOEFL İBT)

İnternet əsaslı test 2005-ci ildən başlayaraq tədricən kompüter və kağız əsaslı testi əvəz etməyə başladı. Buna baxmayaraq, kağız əsaslı test hələ də müəyyən yerlərdə tətbiq olunmaqdadır.

ABŞ universitetlərində ingilis dilini anlayan, lakin danışa bilməyən tələbə ordusu ilə mübarizə məqsədilə universitetlərin Təhsil Test Xidmətinə (ETS) müraciəti əsasında TOEFL İBT yaranıb. İnternet əsaslı test kağız əsaslı varianta uyğun hazırlanır. Belə ki, CBT-dən fərqli olaraq, sualları doğru cavablandırdıqca növbəti suallar çətinləşmir.

TOEFL İBT  2005-ci ildən ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya və İtaliyada mərhələli şəkildə təqdim edilməyə başlanıldı. 2006-cı ildən isə artıq dünyanın digər ölkələrində tətbiq edilir. 2006-cı ilin sentyabrında kompüter əsaslı testin dayandırıldığı söylənsə də, bu, uzun müddət davam etmədi.

İnternetin sürətli inkişafı həm testin formatına, həm də mövcud olan bir sıra çatışmazlıqların aradan qaldırılmasına yardım edir. İmtahanın bu növü digərlərindən çətin olmasına baxmayaraq, bu gün ən çox TOEFL İBT-yə müraciət olunur. İştirakçılara TOEFL İBT imtahanı 4 saat davam edir, maksimum 120 bal toplamaq  olar. TOEFL digər növlərindən fərqli olaraq bu imtahan ərzində iştirakçılara qeyd götürməyə icazə verilir,  lakin namizədlər həftədə bir dəfədən artıq imtahan verə bilməzlər.

TOEFL İBT aşağıdakı bölmələrdən ibarətdir:

Oxumaq

Oxumaq bölməsi (60-100 dəqiqə) hər biri təqribən 700 söz olan 3-5 hissə və bu hissələr barədə suallardan ibarətdir. Hissələr akademik mövzudadır. Belə mövzulara hər bir tələbənin universitet dərsliyində rast gəlmək mümkündür. Hissələr səbəb-təsir, müqayisə-kontrast və əsaslandırma kimi ritorik funksiyaları anlamağı tələb edir. Tələbələr əsas ideya, detallar, nəticələr, əhəmiyyətli informasiyalar, cümlə birləşmələri, ritorik məqsədlər və sətiraltı mənalar barədə sualları cavablandırmalıdırlar. Nəzərinizə çatdıraq ki, TOEFL İBT-nin yeni tipli suallarında birləşdirilmiş icmalları və cədvəlləri doldurmaq tələb olunur.

Dinləmək

Dinləmək bölməsi (20 dəqiqə) hər biri 3-5 dəqiqədən ibarət olan 6 hissədən və bu hissələrə verilən suallardan ibarətdir. Bu hissələrə tələbələrin söhbəti və akademik mühazirə daxildir.  İlk olaraq söhbət 2 adam arasında gedir. Akademik mühazirədə isə  tələbənin məlumatı olmadığı mövzular da yer ala bilər. Həm söhbət, həm də mühazirə yalnız bir dəfə eşidilir. Tələbələr dinləyərkən qeyd götürə və suallara cavab verərkən bu qeydlərə istinad edə bilərlər. Hər söhbətə görə 5, hər mühazirəyə görə isə 6 sual verilir. Suallar əsas ideyanı, nəticəni, ideyalar arasındakı əlaqəni, informasiyanın təşkilini, danışanın məqsəd və münasibətini anlamaq qabiliyyətini ölçməyi nəzərdə tutur.

Danışmaq

Bu bölmə (60-90 dəqiqə) TOEFL imtahanı üçün yenidir. Danışmaq bölməsi 6 tapşırıqdan ibarətdir. Bunlardan ikisi sərbəst tapşırıqdır.

Birinci sərbəst tapşırıqlar verilir. Belə ki, kompüter vasitəsi ilə hər hansı mövzu barəsində soruşulan suallar cavablandırılmalıdır. Eyni zamanda namizədlərdən müstəqil bir mövzu barədə danışmaq tələb edilir. Burada onların sərbəst, aydın və rabitəli danışıq qabiliyyətləri yoxlanılır. Tapşırığın ikinci hissəsində verilən bir bəndi oxumaq və eyni mövzu barəsində danışığı dinləmək tələb olunur. Belə ki, iştirakçı 30 saniyə düşündükdən sonra verilən mövzu ilə  bağlı 60 saniyə müddətində danışmalı, sonra isə iki sualı cavablandırmalıdır. Üçüncü hissədə də namizədlərdən hər hansı bir mövzuda danışığı dinləyib qeyd götürmələri tələb olunur. Bundan sonra da iki sual verilir. Yekun bal ümumi cavablara görə təyin olunur.

Yazmaq

Yazmaq bölməsi (55 dəqiqə) iki hissədən ibarət olub akademik qaydada yazmaq qabiliyyətini yoxlamaq üçün müəyyənləşdirilib. Birinci mərhələdə akademik mövzu ilə əlaqədar hissə oxunur, daha sonra eyni mövzu müzakirə edilir. Namizədlər oxuduqları ilə dinlədiklərini əlaqələndirərək açar sözlər vasitəsilə anladıqlarını xülasədə yekunlaşdırmalıdırlar.  İkinci mərhələdə isə verilmiş hər hansı bir mövzuda inşa (essay) yazılmalıdır. Bu tapşırığın icrası üçün 30 dəqiqə vaxt ayrılır.

Bəzən test bölmələrinə əlavə, nəzərdə tutulmayan materiallar da daxil edilir. Təhsil Test Xidməti (ETS) gələcək test formaları üçün imtahan suallarını istiqamətləndirmək məqsədi ilə bura əlavə materiallar daxil edir. Məsələn, əgər 3 yox, 4 ədəd oxu hissəsi varsa, bunlardan biri əlavədir. Qiymətləndirilərkən onlardan 3-ü nəzərə alınır. Hər test bölməsində yalnız bir hesablanmayan hissə ola bilər.

Qəbul olunan TOEFL  balları

Kolleclərin çoxu TOEFL sertifikatını qəbul şərtlərindən yalnız biri kimi müəyyən edir. Bu proqramla tələbə və işçi qəbul edənlər çox zaman minimum TOEFL balını tələb edirlər. Minimum TOEFL İBT balı 61-dən 109-a qədərdir.  Əvvəlki TOEFL hesablarının təcrübəsi göstərir ki, məktəblilər üçün bu hesab 82,6 bal olsa da, tələbələr üçün bu 74,2 baldır. Məsləhət görülür ki, namizədlər seçdikləri istiqamət üzrə tələb olunan TOEFL ballarını imtahandan əvvəl nəzərdən keçirsinlər.

Qeyd edək ki, TOEFL proqramına ölkəmizdən müraciət edənlərin sayı ilbəil artır. Ölkəmizdə TOEFL proqramına hazırlıq məqsədilə müxtəlif kurslar, dərnəklər fəaliyyət göstərir.  

Ceyran EYVAZZADƏ,
Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov