Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Yanvar 2011 - �04

 

SSRİ-nin həbsxana və düşərgələr şəhəri

 

Maqadana 10 mindən çox azərbaycanlı sürgün olunub 

(Əvvəli qəzetimizin 14 yanvar tarixli nömrəsində) 

Heç yana qaçmaq mümkün deyildi... 

Butuqıçaq həbs düşərgəsində uran mədəniVilayətin əbədi buzlaq ərazi olduğunu nəzərə alsaq, buraya ərzaq, geyim, ümumiyyətlə, hər şey səkkiz min kilometr uzaqdan gəmilərlə gətirilirdi. O da yalnız simal dənizlərinin buzu əriyəndə mümkün idi. Mən də Oxot dənizi sahilindəki Naqayev buxtasında  su donanda  oldum. Amma bu gün buzqıran yük gəmiləri bu yerlərə qışda da gedib-gələ bilirlər. 30-cu illərdə Kalımda yaradılan mədənlərdə azad insanlar da, xüsusı komsomol putyovkası ilə buraya göndərilənlər də işləyirdilər. Bu mədənlərin yanında tikanlı məftillər arasında isə həbs düşərgələri vardı. Həmin düşərgələrin hər birində orta hesabla 2 min nəfər dustaq olub. Bu qədər adamı yeməklə təmin etmək çox böyük problem idi. Buranın qışı isə çox çəkir. Ona görə də dustaqlar azad və ya qismən azad adamlarla alış-veriş edirdilər. Bunun üçün burada "qara bazar" kimi bir alış-veriş mövcud idi. Amma bu alış-verişdə nə pul, nə də tərəzi var idi. Məsələn, on qram çayın dəyəri on qram qızıla bərabər idi. Beləliklə, maxorka, çörək və qəndə dəyişdirilən qızılların taleyi rəhbərliyi azacıq da olsa, narahat etmirdi.

Əvvəla, dustaqlar arasında olan satqınların xəbərçiliyi ilə baraklarda və yaxud ərazidə gizlədilən qızılları qəfil axtarış aparmaqla aşkar edirdilər. İkincisi isə buradan heç yana qaçmaq mümkün deyildi. Bir tərəf dəniz, okean, digər tərəf isə tayqa meşələri. Qaçan dustaqlar isə canavarlara və ya Şimal ayılarına yem olurdular, ya da yenidən həbs olunub güllələnirdilər. Onsuz da açıq havada işləyənlərin bəziləri mənfi 50-60 dərəcə şaxtaya tab gətirməyib donur və ya acından ölürdülər. Belələri, sadəcə olaraq, əşya kimi çıxdaş olunurdu. Şifrələnmiş düşərgə terminologiyasında bu "Arxiv-tri" adlanırdı. Sakinlərinin sayı orta  hesabla 2 min olan bir düşərgənin "Arxiv-tri"nin nə qədər böyük siyahısı olduğunu təsəvvür edin. Lakin növbəti "xalq düşmənləri"nin gətirilməsinə qədər burada olan ucuz işçi qüvvələrini həm də qoruyub saxlamaq lazım idi. Bəlkə də elə buna görə idi ki, mərkəzdən gələn əmrlərin bəzilərində "bu siyahıdakıların güllələnməsini təklif edirik" yazılırdı.

Həmin düşərgələrin yaxınlığında qəbiristanlıqlar olub. Ona görə ki, burada ən çox lazım olan da elə bu idi. Çünki bu düşərgələrdə hər gün ölənlər olurdu. Çox vaxt əvvəlcədən lağımlar qazılır, 10-15 və daha çox adam bir yerdə basdırılırdı. Adətən hər qəbirin baş tərəfində bir dirək basdırılıb və onun üzərinə konserv qabının ağız kəsiyində həmin adamın nömrəsi mismarla deşilərək yazılmışdı. Məsələn, "A-28". Bir çox dirəklərdə isə nə dəmir parçası, nə ad, nə də tarix var. Bu kütləvi qırğın qurbanlarının sayının və kimliyinin gizlədilməsi üçün bəzi düşərgələrdə baraklar da, qəbirüstü dirəklər də sökülüb. Diqqətimi çəkən o oldu ki, sağ qalanlar bu gün də burada o zaman baş verən hadisələr haqqında danışmaqdan qorxurlar. Sürgün olunanların  övladları da həmçinin. 

Acı taleli insanların axtarışında 

Elgen düşərgə qəbiristanlığı1956-cı ildə həbsdən azad olunanların bəzilərinin materikə geri dönməsinə qadağa qoyuldu. Getmək icazəsi olanlar arasında isə geriyə dönmək istəməyənlər də vardı. Həmin adamlar dustaqlar tərəfindən tikilmiş baraklarda qalıb yaşayıblar. Amma daha həbsxana  rejimi və silahlı gözətçilər yox idi. Onlar yenə mədənlərdə qızıl dənəcikləri yığıb təhvil verib, pul qazanıb, ailə qurub, elə burada da ömür sürüblər. Belə insanların ömrü öz Vətənindən xeyli uzaqda itkin düşmüş adam kimi başa çatıb. Bu gün mən elə bu acı taleli insanların axtarışındayam. Sərt soyuğu və amansız şimal küləyi ilə məşhur olan Maqadan vilayətindəki həbs düşərgələrinin çətin yollarından keçən və keçə bilməyənlərin 90 faizinin acınacaqlı taleyi hələ də onların doğmaları üçün qaranlıq qalmaqdadır. Arxiv sənədlərindən biri: 20.02. 1938 O/u XDİK. 8-ci şöbə. Çerenkovaya ..."Eyni zamanda 70 nəfər müttəhimin istintaq işini sizə göndərirəm. Bu adamlar üçlüyün qərarı ilə  ən yüksək cəzaya məhkum olunub. Həbs olunanların hamısı Xatınnaxa göndərilib. UŞ üzrə XDİK-in R.Ş rəis müavini Malişevski". Xatınnax ölümə məhkum olunanların həbsxana və ölüm düşərgəsi idi.

Xatınnax da Kalım yolu boyunca olan düşərgələrdən, mədənlərdən biridir. Həmin 70 nəfər bu düşərgənin ərazisində güllələnib. Amma təkcə bu 70 nəfər yox, buna bənzər bir neçə qərar və əmrlərə rast gəlmək olar. Bu gün bu ərazidə nə qədər insan uyuduğunu təsəvvür etmək çətin deyil. Ümumiyyətlə, güllələnmə aktlarının icraçısı kimi leytenant Kedrov, serjant Melnikov, XDİK-də rəis müavini Volodin, XDİK-in komendantı Kuzmenko kimi soyadlara tez-tez rast gəldim. Güllələnmə aktlarının hər birində icraçı kimi (YPKM) Fəhlə və Kəndli Milis İdarəsinin rəisi Kedrov iştirak edib.

Qadınlar üçün gücləndirilmiş rejimli barak Yalnız 6 və 8 avqust 1938-ci ildə 138 nəfər güllələnib. Aktlarda adamların kütləvi şəkildə güllələnmə yerləri kimi Orotukan, mərkəz OQPU, mədənlər "Verxniy At-Uryax", "Nijniy At-Uryax", "Tumannıy","Maldyak" göstərilmişdi.

Ölüm aktları tez-tələsik yazılıb. Məsələn, 11 aprel 1938-ci ildə Maqadanda güllələnən Bakıdan sürgün edilmiş Aşımov Mali Aşım-Zarenin (olduğu kimi yazıram) arxiv nömrəsi P 16338, soyadı 1989-cu ildə reabilitasiya (bəraət) haqda əmrdə Babaqaşim-zade kimi yazılmışdır. Bəzən adamlar güllələnir, sonra aktlar tərtib edilirdi.

1989-cu ildə reabilitasiya olunmuş bir azərbaycanlı haqqında məlumat yalnız Qəmbər oğlu kimi yazılmışdır. Arxiv nömrəsi P 17192. Göründüyü kimi, bəzi insanların adları, soyadları və atalarının adlarını göstərməyi belə vacib bilməyiblər. Vacib olan aktı tərtib edən zabit və ya serjantların soyadı ilə imzası və Uzaq Şərq üzrə Xalq Daxili İşlər Komissarları İdarəsi rəisinin imzası və möhürü olan bir kağız parçası idi. Qalan işləri  buradakı insanlıq dərəcəsindən çıxmış cəlladlar yerinə yetirirdilər. 

Yerli əhalinin dediklərindən... 

Anatoli İvanoviç Starkov, RF Jurnalistlər Birliyinin üzvü, jurnalist:

- Burada olan həbsxana və düşərgələri əsl insan üyüdən dəyirmana bənzətmək olar. Elə bilirsən insanları məhv etməklə işlərini bitmiş bilirdilər? Xeyr. Onlar bunun üçün akt tərtib edib insanları yararsız əşya kimi çıxdaş edirdilər. Vaxtı ilə geoloqlar üçün buraya gətirilmiş xizəkli evləri sonralar çəkib düşərgələrə gətirib, bu evlərin içində barmaqlıqlar düzəldiblər. 15-20 nəfəri həmin evlərin içinə yığıb əvvəlcədən düşərgədən aralı qazılmış böyük xəndəyin yanına çəkib onları şaxtanın ixtiyarına buraxırdılar. Səhər isə gedib artıq donmuş cəsədləri basdırırdılar. Bu məhbuslar da "güllələnsin" əmri ilə aktlaşdırılırdı.

Mixail İsakoviç Knyajanskini burada hamı tanıyırdı.1973-cü ildə vəfat etdi.

O deyirdi ki, bir çoxları kimi mən də cəzamı çəkib başa vurdum. Məni düşərgə qapısından çölə buraxan əsgər arxadan tüfəngin qundağı ilə vurub,"get, onsuz da gəbərəcəksən"-dedi. Başımdan vurduğuna görə hər şey gözlərim önündə qaraldı. Ətrafı yaxşı görmürdüm. Bu yerlərin şaxtasında hərəkətsiz qalmaq ölüm demək idi. Elə buna görə də irəliyə, azadlığa tələsirdim. Yol boyu məndən əvvəl buraxılanların donmuş cəsədlərinə ilişirdim. Özümü ya qəsəbəyə, ya da Kalım yoluna çatdırmağa çalışırdım. Donub ölməkdən qorxurdum. Gözümü açanda özümü bir qadının evində gördüm. Sən demə, yola çıxan bu qadın məni tapıb, nəfəs aldığımı görüb sürüyə-sürüyə evinə gətirib. Birdən ağlıma gəldi ki, axı mən niyə ateist olmuşam. Tanrı var imiş. Doğrusu, mən ilk dəfə idi ki, pıçıltı ilə deyirdim: "Çox şükür sənə, Allah, sağ qaldım".

Qəsəbə sakinləri həbsdən buraxılanlara kömək etmək üçün tez -tez bu yola çıxırdılar... Anatoli İvanoviç buna bənzər olaylardan mənə çox danışdı. Amma onların içərisində bir fikir diqqətimi daha çox cəlb etdi. O, fəxrlə qeyd etdi ki, "materik"dən fərqli olaraq Şimalda yaşayan insanlar bir-birinə, xüsusi ilə də qonağa kömək etməyə çalışırlar. Bu adət bəlkə də o zamanlardan qalan adətdir. Mən həqiqətən də Maqadan  vilayətində bu qonaqpərvərliyin şahidi oldum. 

Butuqıçaq "ölüm düzənliyi" deməkdir 

Çoxsaylı Kalım düşərgələri sırasında Butuqıçaq düşərgəsi xüsusi ilə fərqlənirdi. Ərazisinin uzunluğu 12, eni isə 3-4 kilometr olan bu düşərgə qadın dustaqlar tərəfindən inşa edilmişdir. Bu qadınlar sürgün edilmiş kişilərin həyat yoldaşları, anaları, bacıları, qızları idilər. Onlar beş ərazidən, "zon"dan ibarət olan düşərgədən başqa, iki düzənlik və iki aşırmadan keçən məşhur "Butuqıçaq dairəsi" adlanan yol da salmışlar. Bunu heç yerli tarixçilər də bilmirlər.

1938-ci il oktyabrın 8-də bu düşərgə Cənub-Şərqi Dağlıq  İstehsalat İdarəsinin tərkibinə daxil edildi. Beləliklə, "Dalstroy"un çoxsaylı düşərgələrinin sayı artmaqda idi. Görəsən çoxdan pas atmış konserv qapaqları üzərində adları şifrələnmiş bu insanlar kimlər olub, adları nə idi?! Çox təəssüflər olsun ki, hələ dünyanın heç bir tarixçisi bu suala da dəqiq cavab tapa bilməyib.

İkinci Dünya müharibəsinin başlanması buraya da öz təsirini göstərdi. Düşərgədə dustaqlara nəzarət rejimi gücləndirildi, iş saatı artırıldı. "Dalstroy"un rəisi Nikişovun 1941-ci il mayın 13-də imzaladığı əmrə əsasən qızılyumada işlədilən dustaqlar 11 saatlıq iş gününə keçirildi. Bir həftə sonra bu, 12 saata qaldırıldı.

Ümumiyyətlə, "Dalstroy"un düşərgələrində dustaqların saxlanma rejimi təxminən eyni olub. Butuqıçaqda  həlak olanların sayı daha çox idi. Ona görə ki, burada uran emal etmək üçün torpağı əl arabası ilə mədəndən bayıra, oradan da fabrikə daşıyırdılar. Bu yazıqlar heç ağıllarına belə gətirmirdilər ki, bu, açıq-aşkar ölümdür. Sağ qalmış dustaqların dediyinə görə, burada ildə təxminən 20-25 min adam məhv olurdu. Even dilindən tərcümədə Butuqıçaq "ölüm düzənliyi" deməkdir.

Bu ağır iş rejimi dustaqlar arasında kütləvi xəstəliklərə gətirib çıxarırdı. Onlar ürək çatışmazlığından tələf olurdular. Az sonra sinqa adlanan xəstəlik nəinki Butuqıçaqda, eləcə də bütün Kalım ərazisində qarşısıalınmaz bir bəlaya çevrildi. Bu xəstəliyə tutulanlar başgicəllənməsi, dişlərin tökülməsi və ürək bulanmasından şikayətlənirdilər. Ölüm hadisələrinin sayı gündən-günə çoxalırdı. Bu vəziyyət 1948-ci ildə daha da böyük vüsət aldı. Çünki həmin il Butuqıçaqda 5 nömrəli xüsusi düşərgə olan "Berlaq"ın  4 nömrəli düşərgə məntəqəsi yaradılmışdı. "...Bununla əlaqədar olaraq burada uran yataqları yaxınlığında 1 nömrəli kombinat istehsalata buraxılmışdı. Kombinat üçün çalışan düşərgə məntəqələrində dustaqların sayı 2243 nəfər idi".  "...1951-ci ildə "Dalstroy"un birinci bölməsində 12 minə yaxın adam işləyirdi. 1955-ci ilin yanvar ayında "Dalstroy"un rəisi Mitrakovun əmri ilə "Butuqıçaq" mədəninin fəaliyyəti dayandırıldı.

Butuqıçaq Kalım torpağının həqiqətən ağrı-acısıydı. Bu gün də buranın səmasında haray çəkən ruhların ahı, naləsi sanki hiss olunur. Törədilən vəhşiliklərin şahididir Butuqıçaq. Lakin görünməmiş vəhşiliklərin canlı şahidini qoruyub saxlamaq, muzey kimi gələcək nəsillərə göstərmək barədə, təəssüf ki, heç düşünmürlər. Hətta Butuqıçaqdakı köhnə qəbiristanlıqda üstü açılmış qəbirlər gördüm. Üzərində şifrələnmiş olan, çıxarılıb atılmış məzarüstü dirəklər isə sanki, öz yerini axtarırdı. O vaxtdan 70-80 il keçməsinə baxmayaraq, buradakı hər bir düşərgə aləti, yanı üstə düşmüş dirəklər üzərindəki tikanlı məftillər diqqətimi cəlb edirdi. Bələdçim mənə yarısökülü bir tikili göstərdi - BUR. Bu, Gücləndirilmiş Rejimli Barak olub. Dəmirçi sexində əllə düzəldilmiş barmaqlıqlar sökülüb barakın ortasına atılıb. Mənim nəzərimi daha çox cəlb edən isə qapı oldu. Artıq istifadəsiz hala düşmüş bu qapının üzərindəki kilid sanki hələ də öz işini görməkdə davam edirdi. Diametri 1 metr olan dəmir boru isə bu cəhənnəmin qalın divarında yerləşdirilib. Bu isə içəriyə soyuq hava doldurmaq  üçündür. Qanunlara tabe olmayanlar, yeni quruluş haqda xoşagəlməz söz deyənlər, işə çıxmağa etiraz edənlər və s. buranın sakinləri olurdular.

(Ardı var) 

Binnət ƏSGƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov