Görmək təkcə
tamaşa eləmək deyil, gördüyünü həm də dərk
eləmək lazımdır. Müəllimin müqəddəs vəzifəsi
şagirdlərə dərketmə bacarığını aşılamaqdır. Uzun
illər pedaqoji sahədə çalışan və kifayət qədər
təcrübəsi olan müəllimlər indiyə kimi
saysız-hesabsız tədris formalarından və
metodlarından istifadə ediblər ki, hər bir
şagirdin özünəməxsus qabiliyyətini üzə çıxarsın,
onun dərketmə bacarığını daha tez
formalaşdırsın. Şagirdlərin, hətta müəllimlərin
də bu sahədə özünü göstərməsi üçün qeyri-ənənəvi
tədris formalarından, tərbiyəvi üsullardan da
istifadə etmək lazımdır.
Məsələn,
müəllim dərsi adi qaydada deyil, şagird
təxəyyülünə uyğun qeyri-standart formada elə
təşkil etməlidir ki, bu prosesdə şagirdin
qabiliyyəti asanlıqla üzə çıxsın. Belə tədris
prosesində ənənəvi və müasir təlim üsullarından
geniş istifadə olunmalıdır. Bir sözlə, müəllimin
hər bir dərsi adi dərs yox, yaradıcı dərs
olmalıdır.
Məlumdur ki,
dərketmə bacarığının erkən formalaşması
məktəbəqədər müəssisələrdə, xüsusilə ibtidai
siniflərdə başlayır. Hələ tam formalaşmamış uşaq
fantaziyalarında işıq da çoxdur, qaranlıq da -
kim hansını istəyir, onu seçir. Müəllim nəzəri
biliyindən, pedaqoji təcrübəsindən ustalıqla
yararlanıb uşağın qaranlığı yox, məhz işığı
seçməsinə kömək etməlidir. Bu seçim kor-koranə
olmamalıdır. Müəllim uşağın bu seçimi etməsinə
onun başa düşmədiyi mürəkkəb elmi-metodik
üsullarla yox, sadə, eyni zamanda qeyri-adi
tədris yolu ilə yardım etməlidir. Şagird ilk
təhsil illərindən tədricən başa düşməlidir ki,
düşünmədən oxumaq və oxumadan düşünmək
faydasızdır! Ancaq həqiqi biliyin sayəsində hər
bir işdə-seçdiyin hər bir peşədə məğrur və kamil
olmaq mümkündür. Başqa yol yoxdur.
Keçdiyim
çoxsaylı belə dərslərdən birini misal gətirmək
istəyirəm. İbtidai sinifdə "Azərbaycanın
təbiəti" mövzusunda dərs keçdim. Dərs "Təbiət
nədir" sualı ilə başladı. Cavablar verilən vaxt
saysız-hesabsız hipotezlər irəli sürüldü,
səslənən informasiyaların mənbələri tapıldı,
məlumatlar analiz olundu və nəticələr çıxarıldı.
Bu dərsə biz əvvəlcədən hazırlaşmışdıq. Dərs
təkcə sinfi yox, həm şagirdlərin, həm də mənim
evimi əhatə elədi. Dərs boyu şagirdlərdən geri
qalmayan valideynlər verilmiş mövzuda həm
yaxından, həm də ürəkdən iştirak etdilər. Mən
onlara uşaqlarla mövzunu necə müzakirə etməyi və
onlara necə düzgün kömək etməyin yollarını
göstərdim. Hamı birlikdə şəkil çəkdi, yazdı,
danışdıE Bu müddət ərzində biz birlikdə təcrübə
mübadiləsi apardıq, dünyanı yenidən kəşf elədik
və öz fantaziyalarımızdan heyrətə gəldik.
Uşaqların üzündəki sevinc, heyrət və maraq bu
dərsin alındığını göstərirdi. Sifətlərindəki
ifadədən aydın olurdu ki, onlar iştirakçısı
olduqları dərsdə gördüklərinə sadəcə tamaşa
etməyiblər, həm də dərk ediblər.
Milli
Konservatoriyanın nəzdində Respublika İncəsənət
Gimnaziyasında təhsilin həyatla, incəsənət və
mədəniyyətlə əlaqələndirilməsinə, tədris
prosesində fərdiləşdirməyə, yəni hər bir şagirdə
özünəməxsus şəkildə yanaşma metodlarına və eyni
zamanda pedaqoji eksperimentlərə geniş yer
verilir. Təsadüfi deyil ki, gimnaziyamız Təhsil
Nazirliyinin həyata keçirdiyi təhsil
islahatlarında fəal iştirak etdiyinə və
qazandığı uğurlara görə "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi olub.
Uzun illərin
təcrübələri göstərir ki, bir təlim metodunu hər
sinifdə eynilə təkrar eləmək mümkün deyil, çünki
hər sinif, hər şagird özü təkrarsızdır. Bir
pedaqoq kimi mən özüm də bir dəfə keçdiyim dərsi
başqa sinifdə təkrar keçə bilmirəm. Öyrənmədə
təkrarçılığa tez-tez ehtiyac duyulsa da,
tədrisdə təkrarçılıq fayda vermir. Şagirdin
ürəyinə, dünyagörüşünə yol açmaq, möcüzəli
dünyanı onlar üçün yenidən "kəşf etmək"dən ötrü
müəllim yorulmadan, ardıcıl olaraq çalışmalıdır.
Gənc nəslin tərbiyəsi hər bir müəllimin
fəaliyyətində aparıcı yer tutmalı,
vətənpərvərlik, estetik tərbiyə, milli adət və
ənənəyə hörmət, mədəni davranış qaydaları və
düzlük kateqoriyaları onun tədris metodlarında
dominantlıq təşkil etməlidir.
Müəllim, dahi
fizik İ.Nyutonun dediyi "Əgər mən başqalarına
nisbətən daha uzağı görürəmsə, deməli,
nəhənglərin çiyni üstündə dayanmışam!"
kəlamındakı həqiqəti dərk edərək, şagirdlərinin
əlindən tutub, özü fəth etdiyi zirvəyə
qaldırmalıdır ki, onlar daha uzağı görə
bilsinlər və onlarda hüdudsuz dünyagörüşü olsun.
Və onlar o zirvədən sadəcə tamaşa eləməsinlər,
dərsdə və həyatda baş verənlərə tamaşaçı kimi
baxmasınlar, baş verənləri obyektiv şəkildə dərk
edə bilsinlər. Bu dərketmə bacarığı onlara hər
an dəyişən dünyada öz layiqli yerini tapmağa
kömək etsin, müstəqil həyata atılanda onlar
cəmiyyətin layiqli vətəndaşı olsunlar!
Leyla ƏSGƏROVA,
Milli Konservatoriyanın
nəzdində Respublika İncəsənət
Gimnaziyasının ibtidai sinif müəllimi |
|