Son bir
ildə 108 təhsil işçisi vəzifəsindən azad olunub
Fevralın
15-də Təhsil Nazirliyində "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə
Milli Strategiya (2007-2011-ci illər)"nın icrası
mövzusunda kollegiya iclası keçirilib.
İclasda nazir
müavinləri, nazirliyin müvafiq struktur
bölmələri və şöbələrinin, ali və orta ixtisas
təhsili müəssisələrinin rəhbərləri, rayon və
şəhər təhsil şöbələrinin müdirləri,
qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir
sıra texniki peşə və ümumtəhsil məktəblərinin
direktorları iştirak ediblər.
Kollegiya
iclasında təhsil naziri Misir Mərdanov bildirib
ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2010-cu ilin yekunlarına həsr olunmuş iclasında
korrupsiyaya qarşı mübarizə məsələsinə də
toxunulub və bu baxımdan dövlət qurumlarının
qarşısında ciddi vəzifələr qoyulub. Azərbaycan
Respublikasının dövlət siyasətində korrupsiyaya
qarşı mübarizənin əsas prioritetlərdən biri
olduğunu vurğulayan təhsil naziri son illər
ərzində bu sahədə qəbul olunmuş normativ-hüquqi
sənədlərin əhəmiyyətindən bəhs edib, müvafiq
qurumlarla birgə əməkdaşlıq sayəsində həyata
keçirilən tədbirləri nəzərə çatdırıb.
Ölkə
Prezidenti tərəfindən təsdiq olunmuş
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə üzrə Milli Strategiya (2007-2011-ci
illər)"ya uyğun olaraq görülmüş işlərə diqqət
çəkən Misir Mərdanov 2006-cı ildən Təhsil
Nazirliyində QHT nümayəndələrinin də təmsil
olunduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi
Qrupunun, korrupsiya halları ilə əlaqədar
vətəndaşların müraciətlərinin operativ qəbulu və
baxılmasının təmin edilməsi məqsədilə "Qaynar
xətt" xidmətinin fəaliyyət göstərdiyini
bildirib. Misir Mərdanov 2010-cu ildə Təhsil
Nazirliyinə vətəndaşlardan və dövlət
qurumlarından 51552 məktub, müraciət, ərizə və
şikayətin daxil olduğu, 7251 nəfərin qəbul
edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar
üzrə vətəndaşların ərizə və müraciətlərinin
sayı, mövzusu barədə statistik göstəriciləri
nəzərə çatdırıb, yerlərdə vətəndaşların
müraciətlərinə baxılması vəziyyətinin
monitorinqinin aparılmasının zəruriliyini
söyləyib.
Hər ilin
sonunda Təhsil Nazirliyinin mərkəzi aparatının
və nazirliyin tabeliyindəki struktur bölmələrin
hesabatlarının dinlənildiyini, nəticələr barədə
KİV-də məlumatların verildiyini bildirən təhsil
naziri rayon və şəhər təhsil şöbələrinin, ali və
orta ixtisas təhsili müəssisələrinin də bu
prosesə cəlb edilməsinin nəzərdə tutulduğunu
deyib. 2008-ci ildən başlayaraq həm Təhsil
Nazirliyinin mərkəzi aparatında, həm də rayon və
şəhər təhsil şöbələrində dövlət qulluqçularının
fəaliyyətinin qiymətləndirilməsi sisteminin
tətbiq edildiyini vurğulayan Misir Mərdanov
hazırlanmış etik davranış standartlarının bütün
təhsil müəssisələrinə təqdim olunduğuna diqqət
çəkib, eləcə də müəllimlərin işə qəbulunun tam
şəffaflıq və müsabiqə əsasında həyata
keçirilməsinin razılıqla qarşılandığını
söyləyib. Nazir deyib ki, 2010-2011-ci tədris
ili üzrə ölkənin ümumtəhsil məktəblərində
müəyyənləşdirilmiş vakant yerləri tutmaq üçün
kompüter vasitəsilə keçirilən imtahanlarda
iştirak edən 1815 nəfərdən 288-i işə qəbul
olunub, ümumtəhsil məktəblərində direktor
vəzifəsinə işə qəbul sahəsində də yeni mexanizm
tətbiq edilib.
Təhsil
müəssisələrində imtahanların aparılması
mexanizminin təkmilləşdirilməsi, şəffaflığın
artırılması və bu prosesə ictimai nəzarətin
gücləndirilməsi məsələsinə toxunan təhsil naziri
hər bir tədris ocağında "Qaynar xətt" xidmətinin
yaradılmasının zəruriliyini söyləyib. Misir
Mərdanov bütün ali və orta ixtisas təhsili
məktəblərində imtahan sessiyaları ərzində
qərargahların, "Qaynar xətt" xidmətlərinin
təşkil olunduğunu, aşkarlığı və şəffaflığı təmin
etmək üçün imtahanların gedişi prosesinə
KİV-lərin və QHT koordinatorlarının,
Korrupsiyaya qarşı Mübarizə Fondu, "Şəffaflıq
Azərbaycan" Cəmiyyəti, Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi, Dövlət Quruculuğu Araşdırmalar
Mərkəzinin nümayəndələrinin cəlb edildiyini
diqqətə çatdırıb. Nazir həmçinin bildirib ki,
son illər imtahan sessiyalarında neqativ
halların qarşısını almaq, obyektivliyi və
şəffaflığı təmin etmək məqsədilə imtahanlar
yazılı forma ilə yanaşı, həm də test
tapşırıqları əsasında kompüter vasitəsilə həyata
keçirilir. Ötən il Moskva Dövlət Açıq
Universitetinin Bakı filialında və Azərbaycan
Beynəlxalq Universitetində aşkar olunmuş ciddi
nöqsanlara görə onların lisenziyalarının ləğv
edilməsi barədə söz açan Misir Mərdanov bu ali
məktəblərdə qanuni yolla təhsil almış
tələbələrin digər özəl universitetlərə
köçürüldüyünü bildirib.
Kollegiya
iclasında Misir Mərdanov Təhsil Nazirliyi
tərəfindən təhsil orqanları və müəssisələrində
neqativ halların, qanun pozuntularının,
korrupsiyaya şərait yaradan faktların aşkar
edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər
barədə intizam tənbehinin tətbiqi sahəsində
müntəzəm iş aparıldığını nəzərə çatdırıb. Nazir
qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin
müdiri, 72 məktəb direktoru, 5 direktor müavini,
1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə
məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10
uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə,
108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə
sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115
nəfərə töhmət verilib.
Daha sonra
qarşıda duran vəzifələrdən, təhsilin
keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin
nüfuzunun qorunması məsələlərindən bəhs edən
təhsil naziri iclas iştirakçılarına bir sıra
tapşırıq və tövsiyələrini verib.
Y.ƏLİYEV |
|