"Anamı
qətlə yetirən ermənilərin o murdar sifətləri
indi də gözlərim önündədir"
- Ceyhun, istərdik ki, oxucularımıza özün barədə
kiçik bir bilgi verəsən.
-
1984-cü il iyunun 5-də Bakıda doğulmuşam. Orta
təhsilimi Bakı Avropa Liseyində almışam. Əvvəlcə
Xəzər Universitetinin tibbi biologiya
fakültəsinə qəbul olunmuşam. Sonra isə
Azərbaycan Beynəlxalq Universitetinin eyniadlı
fakültəsinə köçürülmüşəm. 2005-ci ildə oranı
bitirmişəm. 2003-cü ildən isə ANS
televiziyasında əvvəlcə reportyor, hazırda isə
"Xəbərçi" proqramında aparıcı işləyirəm.
Evliyəm, 4 yaşında Amid Əhməd adlı dəcəl bir
oğlum da var.
- Ananı necə xatırlayırsan?
-
Əvvəlcə onu deyim ki, anam 1961-ci il dekabrın
16-da Bakıda ziyalı ailəsində dünyaya gəlib.
1979-cu ildə Bakı şəhərindəki M.Müşfiq adına 18
nömrəli orta məktəbi bitirib, elə həmin il
Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
Sonra müxtəlif ictimai yerlərdə çalışıb. Lap
sonda isə "Baku", "Molodyoj Azerbaydjana"
qəzetlərində müxbir işləyib, müxtəlif mövzulu
yazılarla çıxışlar edib. Tez-tez Qarabağa-cəbhə
bölgəsinə gedərək qaynar nöqtələrdən operativ
yazılar hazırlayıb. 1990-cı ilin sentyabrında
Ağdamda ezamiyyətdə olarkən ən təhlükəli yerlərə
can atıb. Başının üstündən şütüyən güllələrə
məhəl qoymadan öz peşəkarlığı ilə vəzifəsini
yerinə yetirib. 1991-ci il yanvarın 9-u Laçından
Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki
Qaladərəsi kəndi yaxınlığında erməni silahlı
qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu
maşın yaxın məsafədən şiddətli güllə atəşinə
tutulub. Beləliklə də anam erməni qatilləri
tərəfindən qətlə yetirilib.
O, çox qayğıkeş, mehriban, ədalətli bir insan
idi. Qocalara, əlillərə, kimsəsizlərə bacardığı
qədər kömək edərdi. Poeziyanı, musiqini və kitab
oxumağı çox sevərdi. Bir sözlə, insana xas olan
ən müsbət keyfiyyətlərin hamısı onda var idi.
Məni isə hamıdan, hər şeydən çox istəyirdi. Anam
məni hər gün bağrına basıb əzizlərdi. Özümü
dünyanın ən xoşbəxti sanardım.
- Anan qətlə yetiriləndən sonra kimin yanında
qaldın. Səni kim böyütdü, kim oxutdu?..
-
Məni atamın atası və anası böyüdüb. Onların ilk
nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə
böyük qayğı göstərirdilər. Heç nəyə ehtiyacım
olmurdu, təkcə Ana qayğısından, Ana nəvazişindən
başqa. Analı günlərimi indi də axtarıram, özü də
o günlər üçün burnumun ucu göynəyir. Hərdən
öz-özümə fikirləşirəm ki, mən tez-tez anamdan
qaçıb gizlənərdim, o, məni elə həmin andaca
tapardı. Amma anam məndən elə gizləndi ki, mən
onu ömrümün axırına kimi tapa bilməyəcəyəm.
- Səni anasız qoyan o erməni qatillərinə qarşı
qəlbində hansı hisslər yaşayır?
-
Məni anasız qoyan o ermənilərin murdar sifətləri
indi də gözlərim önündədir. Yəqin ki,
xatırlayırsınız, elə o vaxtlar anamı qətlə
yetirən həmin erməni quldurları tutulub Bakıya
gətirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə
Məhkəmədə onları mühakimə etdilər. 11 nəfər
idilər. Məhkəmə iclaslarından birinə məni də
aparmışdılar. Yaxşı yadımdadır ki, iclasın
sonunda erməni qatillərinin əyləşdiyi yerin
önündən keçəndə ermənilərdən birinin əlinin
üstündən var gücümlə çimdik götürdüm və üzünə
tüpürdüm. O zaman mənə elə gəldi ki, anamın
qatillərindən qismən də olsa qisasımı aldım.
Əlbəttə, o vaxt 6 yaşlı bir uşaq idim və bu,
mənim üçün böyük bir intiqam kimi görünürdü. Onu
da deyim ki, anamı qətlə yetirən əsas 2 erməni
elə türmədə olarkən gəbərmişdi. Qalanları isə
ermənilərin əlində olan əsirlərimizlə
dəyişdirildi.
- Salatın xanım mətbuatda işləyərkən yazılarına
Ceyhun Salatın imzası qoyardı.
-
Bu o istəkdən irəli gəlirdi ki, anam bizi
bir-birimizdən ayrı təsəvvür belə etmirdi. Bir
dəfə anam həm mənə, həm də özünə diktofon
almışdı. O zamanlar bulvarla üzbəüz "Qızıl açar"
adlı bir restoran var idi. Mən oranı çox
sevərdim. Ona görə ki, orada Kiyev kotletini əla
hazırlayırdılar. Bir dəfə həmin restoranda yemək
yeyəndə bizdən kənardakı masada 2 qız
əyləşmişdi. Birdən anam mənə dedi ki,
diktofonunu işə sal və get o qızlardan müsahibə
al. Mən də gedib həmin qızlara bir-iki sual
verdim. Onlar da mənə bir qolbaq və bir dənə
qələm bağışladılar. Mən qolbağı anama hədiyyə
etdim. Elə həmin andaca, "oğul hədiyyəsidir",
deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə
yetiriləndə həmin o qolbaq onun qolunda idi..
Bəli, doğrudan
da o məni jurnalist görmək istəyirdi. Çalışırdı
ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin. Onu da
deyim ki, mənim ana babam həkim olub. Uşaq vaxtı
həmişə deyərdim ki, həkimliyi oxuyacağam, amma
jurnalist işləyəcəyəm. Elə də oldu. Bu gün fəxr
edirəm ki, anamın güllələnmiş arzularından
birini yaşadaraq onun yolu ilə gedirəm və
çalışıram ki, bu peşəni ona layiq olan tərzdə
davam etdirim.
- Ölümündən sonra Salatın Əsgərovaya
Azərbaycanın Milli Qəhrəmanı adı verildi...
- Bəli, mən
onunla qürur duyuram. Fəxr edirəm ki, anam
hamımızın ziyarətgahı sayılan Şəhidlər
xiyabanında dəfn olunub. Bakı şəhərində adına
küçə var. Bakı buxtasındakı gəzinti
katerlərindən biri onun adını daşıyır. Təfəkkür
Universitetində büstü qoyulub. Yaşadığı binaya
barelyefi vurulub. Əlbəttə, bütün bunlar üçün
dövlətimizə və xalqımıza minnətdaram.
Ədalət DAŞDƏMİRLİ |