Ağcabədi rayonu ərazisindəki Taxtakörpü
qəsəbəsində yerləşən Laçın Rayon İcra
Hakimiyyətində Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü"
kitabının müzakirəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları
əvvəlcə soyqırımına məruz qalmış
azərbaycanlıların xatirəsini bir dəqiqəlik
sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Ramiz
Cəbrayılov kitabın erməni məkrinin iç üzünü
açaraq növbəti dəfə onların saxtakarlıqlarını
tarixi faktlarla ifşa etdiyini vurğulamışdır.
Rayon icra hakimiyyəti başçısının müavini İlham
Quliyev "Dünya ictimaiyyətini çaşdırmağa çalışan
növbəti erməni uydurması" mövzusunda məruzə ilə
çıxış etmişdir. O, erməni millətçilərinin
əsrlərdən bəri Azərbaycan ərazilərinə,
xalqımızın milli-mədəni dəyərlərinə göz dikməklə
müxtəlif formalarda mənfur siyasətlərini həyata
keçirmələrindən, bu məkrli siyasətin son iki yüz
ildə daha azğın və təcavüzkar forma alaraq daim
siyasi-ideoloji dezinformasiyalarla müşayiət
olunmasından danışmışdır.
Natiq bildirmişdir ki, bu nəşr Ermənistan
prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər
qarşısındakı bəyanatına, xüsusən də erməni
tarixi ilə bağlı uydurmalara, düşmənlərimizin
yalan və saxtakarlıqlarına tutarlı cavabdır.
Kitab çoxsaylı tarixi faktları özündə əks
etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin səbəb və nəticələrinin təhlili,
son 200 ildə regionda baş verən ictimai-siyasi
proseslərə aydınlıq gətirilməsi baxımından
xüsusi əhəmiyyətə malikdir. Burada təkcə Serj
Sarkisyanın erməni absurd teatrının səhnəsində
göstərdiyi növbəti tamaşası deyil, həmçinin
erməni ideoloqlarının və "tarixçilərinin" tarixi
saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti uydurma
və yalanlarla çaşdırmaq cəhdləri elmi dəlillərlə
ifşa olunmuşdur.
Digər çıxış edənlər də tarixi faktlarla zəngin,
Azərbaycanın qədim və müasir dövrünün
xəritələrinin verildiyi kitabın oxucular üçün
etibarlı mənbə olduğunu vurğulamışlar.
Tədbirdən sonra rayon rəhbərliyi, idarə,
müəssisə və təşkilatların, ictimaiyyətin
təmsilçiləri, məktəblilər "Şəhidlər"
abidə-kompleksinin önünə gül dəstələri düzərək
soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad
etmişlər. |