Bakı
Dövlət Universitetində Konfutsi İnstitutunun
açılışı olub. Açılış mərasimindən sonra tədbir
işini böyük akt zalında davam etdirib. Çıxış
edən rektor, akademik Abel Məhərrəmov bildirib
ki, institutun yaradılması Çin Xalq
Respublikasının Anhoy Universiteti və Bakı
Dövlət Universiteti arasında imzalanmış saziş
əsasında reallaşıb. Sazişə əsasən, Anhoy
Universiteti bu instituta hər il Çin dili və
mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər
göndərəcək, onu dərslik və dərs vəsaitləri,
audiovizual materiallarla təmin edəcək. Bundan
başqa, Konfutsi İnstitutunun tələbələri hər il
Anhoy Universitetində təcrübə keçəcəklər.
Rektor bu institutun iki ölkə xalqlarının
dostluq tellərinin möhkəmlənməsinə və
əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə
inamını ifadə edib.
Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib
ki, bu institut Azərbaycan cəmiyyətinin
tələblərinə uyğun olan təhsil üsulları
axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün
öyrənilməsi, Çinlə daha yaxın tanış olunması və
iki tərəf arasında mədəni mübadilə
əməkdaşlığının həyata keçirilməsi baxımından
böyük xidmətlər göstərəcəkdir.
Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər
vəkili Tsyan Syaoyan da Bakı Dövlət Universiteti
və Anhoy Universiteti arasında aparılan uğurlu
və səmimi əməkdaşlığın məhsulu olan Konfutsi
İnstitutunun açılışı münasibətilə xoş sözlərini
və arzularını çatdırıb.
Anhoy Universitetinin prorektoru Nyu Liven
təmsil etdiyi ali təhsil ocağı haqqında ətraflı
məlumat verib. Onun sözlərindən məlum olub ki,
Anhoy Universiteti son illər təhsilin
beynəlmiləlləşdirilməsi istiqamətində beynəlxalq
əlaqələrini genişləndirib, 90-a yaxın
universitet və elmi-tədqiqat institutları ilə
əməkdaşlıq müqaviləsi imzalayıb ki, həmin sırada
Bakı Dövlət Universiteti xüsusi yer tutur.
Sonra şərqşünaslıq fakültəsinin Çin dili
ixtisasının tələbələri Çinin xalq mahnılarını
ifa edib, şeirlər səsləndirib, Çin idman
gimnastikasını, milli adət-ənənələrini əks
etdirən paltarlar nümayiş etdiriblər.
Qeyd edək ki, tədbirin tərcüməçiləri
şərqşünaslıq fakültəsinin tələbələri olublar.
Çin nümayəndə heyəti onların tərcüməsindən razı
qalıb və rektora təşəkkür edib. Rektor da öz
növbəsində, fakültənin dekanı Elxan Əzizov başda
olmaqla, Uzaq Şərq dilləri və ədəbiyyatı
kafedrasının müdiri Oqtay Cəlilbəyliyə və
tələbələrə minnətdarlığını bildirib.
Konfutsi İnstitutu xaricdə Çin dilinin yayılması
üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış
Çin mədəniyyət və təhsil mərkəzidir. Konfutsi
İnstitutlarının missiyası Çin dilinin başa
düşülməsi, Çin mədəniyyətinin bütün dünyada
təbliğ edilməsi və Çinlə digər ölkələr arasında
dostluq münasibətlərini inkişaf etdirməkdir.
İlk Konfutsi İnstitutu 2004-cü ildə Koreya
Respublikasının paytaxtı Seulda açılıb. Çin
dilinin yayılması üzrə Beynəlxalq Şuranın
hesablamalarına görə, artıq dünyada 40 milyon
insan Çin dilini öyrənir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |