Mayın
5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri
arasında keçirilmiş fənn olimpiadaları
qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir
müavinləri, müvafiq şöbə və struktur
bölmələrinin rəhbərləri, millət vəkilləri, ali
məktəblərin rektorları, görkəmli alim və
ziyalılar, bir sıra dövlət və ictimai qurumların,
ümumtəhsil müəssisələrinin rəhbərləri, müsabiqə
qalibləri və KİV təmsilçiləri iştirak edirdilər.
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov mərasimi açaraq iştirakçıları salamladı
və belə bir vacib məqamı diqqətə çatdırdı ki, bu
tədbir müstəqil Azərbaycan dövlətinin banisi,
ümummilli lider Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünün qeyd olunduğu günlərə təsadüf
edir və bu bizi çox sevindirir. Çünki
Azərbaycana rəhbərlik etdiyi illər ərzində
Heydər Əliyev istedadlı gəncləri, məktəbliləri
və tələbələri həmişə diqqət mərkəzində
saxlayırdı və bu gün həmin siyasət ölkə başçısı
cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Daha sonra tədbir iştirakçılarına məktəblilər
arasında keçirilmiş fənn olimpiadaları haqqında
ətraflı məlumat verən Misir Mərdanov bildirdi ki,
bilik yarışları istedadlı şagirdlərin aşkara
çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə
yanaşı, onların arasında sağlam rəqabətin
yaranmasına, keyfiyyətli təhsil almağa marağın
güclənməsinə səbəb olur. Məktəblilərin fənn
olimpiadaları mövcud qaydalara uyğun olaraq 3
mərhələdə təşkil olunur. Cari tədris ilində
olimpiadaların I rayon (şəhər) mərhələsi 2010-cu
ilin dekabrında, II rayon (şəhər) mərhələsi
2011-ci ilin yanvarında, respublika mərhələsi
isə 2011-ci ilin martında keçirilib.
Respublika üzrə 347052 nəfər IX-XI sinif
şagirdindən 29322 nəfəri I turda, 11123 nəfəri
II turda, 1132 nəfəri isə respublika turunda
iştirak edib.
7 fənn - Azərbaycan dili və ədəbiyyat,
Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya,
biologiya və informatika üzrə keçirilən bilik
yarışlarında ümumilikdə 1132 iştirakçıdan 30
nəfəri I yer, 40 nəfəri II yer, 66 nəfəri III
yer və 256 nəfəri IV yerə layiq görülüb.
Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli
tam orta məktəbin VIII sinif şagirdi Emil
Aslanlı IX sinif şagirdləri ilə birgə Azərbaycan
dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak
edib və onun biliyi II yerə layiq görülüb.
Nazir diqqətə çatdırdı ki, yekun turunda
Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə,
Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz,
Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala,
Cəlilabad, Qazax rayonlarının şagirdləri daha
fəal iştirak ediblər. Əvvəlki illərdə olduğu
kimi, Azərbaycanda fəaliyyət göstərən özəl türk
liseylərinin şagirdləri daha yaxşı nəticə
göstəriblər. Təhsil Nazirliyinin nəzdindəki
Heydər Əliyev adına liseyin, akademik Zərifə
Əliyeva adına tam orta məktəbin, Bakı Avropa
liseyinin, fizika-riyaziyyat və informatika
təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin,
S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü
gimnaziyanın, "Zəngi" liseyinin, "Elitar"
gimnaziyanın, "Tərəqqi" liseyinin, 132-134
nömrəli təhsil kompleksinin və kimya - biologiya
təmayüllü liseyin şagirdləri də son turda
fərqləniblər.
Naxçıvan MR üzrə Naxçıvan şəhəri 705 nömrəli
hərbi hissə tam orta məktəbinin, Naxçıvan şəhəri
Heydər Əliyev adına, 2, 8 və 12 nömrəli, Şərur
rayonu şəhər 1 nömrəli, Muğanlı kənd, Babək
rayonu Məmmədrza Dizə və Didivar kənd, Şahbuz
rayonu Kükü kənd, Kəngərli rayonu Qarabağlar
kənd 2 nömrəli tam orta məktəblərinin
şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş
olub.
Heydər
Əliyev adına Müasir Təhsil Kompleksinin
şagirdləri isə daha yaxşı nəticə göstəriblər.
Belə ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər
II, 1 nəfər III, 4 nəfər IV yer) mükafata layiq
yer tutub.
Fənn olimpiadaları qaliblərinin ümumtəhsil
məktəbləri şagirdlərinin ən qabiliyyətliləri
olduqlarını deyən Misir Mərdanov bildirdi ki,
onlar bizim gələcəyimizdir və hər birimizin ən
mühüm vəzifələrindən biri belə istedadlı
gənclərə xüsusi qayğı ilə yanaşmaq, onların öz
istedadlarını nümayiş etdirməsi və
təkmilləşdirməsi üçün şərait yaratmaqdır.
Təhsil naziri Misir Mərdanov çıxışının sonunda
qalibləri, onların valideynlərini və şagirdlərin
hazırlığında, biliklərə dərindən yiyələnməsində
xüsusi əməyi olan müəllimləri təbrik etdi,
məktəblilərə elmin çətin, lakin şərəfli
yollarında inamla addımlayaraq daha böyük
uğurlar, yeni-yeni nailiyyətlər qazanmağı
arzuladı. Nazir eyni zamanda çox çətin bir işi
öhdələrinə götürərək obyektiv seçim aparan,
olimpiadaların keçirilməsi, materialların
hazırlanması, işlərin yoxlanılması və yerlərin
müəyyənləşdirilməsində xüsusi əmək sərf edən
münsiflər heyətlərinin sədrləri və üzvlərinə
minnətdarlığını bildirdi.
Sonra çıxış üçün söz Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadəyə verildi.
Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə
xüsusi diqqət yetirməsindən söz açan M.Abbaszadə
xatırlatdı ki, hələ 1969-cu ildə Azərbaycanda
hakimiyyətə gələndən sonra ulu öndər ilk dəfə
olaraq azərbaycanlı gəncləri keçmiş SSRİ-nin ən
böyük və nüfuzlu ali məktəblərinə göndərməyə
başlamışdı.
TQDK-nın
sədri qeyd etdi ki, yalnız istedadla hansısa
uğur əldə etmək mümkün deyil. Elə xoşbəxt
insanlar var ki, onlar elmlə məşğul olmağı
bacarırlar. Siz də onların sıralarına qoşulmaq
üçün öz üzərinizdə çox çalışmalısınız. Sizə
istedad verilibsə, elmlə məşğul ola biləcəksiniz.
Bu uğurunuz isə elmi fəaliyyətə atılan ilk
addımdır.
Milli Məclisin İnsan haqları komitəsinin sədri
Rəbiyyət Aslanova artıq ikinci dəfə Təhsil
Naziriyində yaranmış gözəl ənənənin şahidi
olduğunu deyərək bildirdi ki, ənənə təkcə
keçmişdə yaranmış və bu günə gəlib çatmış irs
deyil. Hər bir nəsil özünün ənənəsini yaradır.
Millət vəkili gənclərə müraciətlə dedi: "Sizin
bugünkü biliyiniz, bacarığınız, uğurunuz təkcə
şəxsi rifahınıza xidmət edən bir məqam deyil.
Bu, ümumdövlət sərvətidir. Bu dövlətin sabahı
üçün məsuliyyət hissi duymaq, bu dövlətin
sabahkı tərəqqisini təmin etmək üçün əlinizdə
olan ən böyük vasitədir".
R.Aslanovanın sözlərinə görə, ən güclü və
qüdrətli o dövlətdir ki, hər bir insanın bilik
və bacarığını aşkar edərək onu cəmiyyət üçün
önəmli, gərəkli, böyük bir şəxsiyyət olduğuna
inandıra bilsin. Bu baxımdan, gənclərin
istedadlarının üzə çıxarılması və inkişaf
etdirilməsi ilə bağlı yaranan ənənələr, bu
istiqamətdə atılan addımlar göstərir ki,
dövlətin gənclər siyasəti çox uğurlu bir
siyasətdir.
Bakı Dövlət Universitetinin rektoru, millət
vəkili Abel Məhərrəmov hamını salamlayaraq qalib
adını qazanmış gəncləri təbrik etdi və bu
tədbirin ölkəmiz üçün çox əlamətdar olan bir
vaxtda - ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü ərəfəsində
keçirildiyinə görə təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirdi.
Abel Məhərrəmov qeyd etdi ki, son zamanlar bütün
dövlətlərin səviyyəsi və reytinqi onların hərbi
qüdrəti və ya iqtisadiyyatı ilə deyil, məhz elmi
və təhsili ilə ölçülür. Yəni gələcək elm və
təhsilin əlindədir. Elmi daha çox inkişaf etmiş
dövlət cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Bu
gün Azərbaycanda ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında bu siyasət uğurla
həyata keçirilir.
Sonra olimpiada qaliblərinin mükafatlandırılması
mərasimi keçirildi. Qaliblərə diplom və
hədiyyələr təqdim olundu. Onlar təhsil naziri
ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA |
|