Görkəmli
fırça ustası, xalq rəssamı Hüseyn Əliyevin
anadan olmasının 100 illiyi münasibətilə aprelin
29-da R.Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyində rəssamın fərdi sərgisi
açılmışdır.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm
Nazirliyinin, R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə
təşkil edilmiş sərgi çərçivəsində, həmçinin
görkəmli fırça ustasının yaradıcılığına həsr
olunmuş "Titrəyən kölgələr, sayrışan işıq" adlı
kataloq və Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən
rəssamın yubileyi münasibətilə buraxılmış poçt
markasının təqdimatı keçirilmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev çıxış edərək görkəmli rəssamın 100 illik
yubileyi ilə bağlı sərgilərin Azərbaycandan
əlavə, xarici ölkələrdə də keçiriləcəyini
söyləmişdir. Nazir bildirmişdir ki, Hüseyn
Əliyev Azərbaycan rəssamlıq sənətinin görkəmli
nümayəndəsi olmaqla yanaşı, ölkəmizin rəngkarlıq
məktəbinin ilk ustadlarından biridir. O,
Leninqrad (Sankt-Peterburq) Rəssamlıq
Akademiyasında təhsil almış ilk azərbaycanlı
olmuşdur.
Ə.Qarayev
vurğulamışdır ki, görkəmli fırça ustası Hüseyn
Əliyevin yaradıcılığında portret, peyzaj,
karikatura, qrafika janrlarında rəsm əsərləri
mühüm yer tutur. Nazir qeyd etmişdir ki, Hüseyn
Əliyev 50 il "Kommunist" (indiki "Xalq qəzeti")
qəzetində rəssam və baş rəssam vəzifələrində
çalışmışdır.
Eyni zamanda diqqətə çatdırılmışdır ki, sərgidə
görkəmli rəssamın Dövlət İncəsənət Muzeyində və
şəxsi arxivlərdə saxlanan 100-ə yaxın əsəri
nümayiş olunur.
Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar
İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov,
Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq
rəssamı, akademik Ömər Eldarov, əməkdar memar
Rasim Əliyev görkəmli fırça ustası Hüseyn
Əliyevin həyat və yaradıcılığından, onun ərsəyə
gətirdiyi əsərlərin özünəməxsusluğundan
danışmışlar.
Sonra tədbirin iştirakçıları Milli Məclisin
deputatları, dövlət rəsmiləri, tanınmış elm,
mədəniyyət və incəsənət xadimləri xalq rəssamı
Hüseyn Əliyevin Azərbaycanın müxtəlif guşələrini,
təbiətimizin gözəlliklərini əks etdirən
əsərlərinə maraqla baxmışlar. Sərgi mayın 8-dək
davam edəcəkdir. |