YUNESKO-nun təklifi ilə 2011-ci il "Beynəlxalq
kimya ili" elan olunmuşdur.
Bu
münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi (AQUPDK) tərəfindən görkəmli
kimyaçı alim, akademik İzzət Orucovanın anadan
olmasının 100 illiyinə həsr olunmuş "Gənc
tədqiqatçıların kimya sahəsində ən yaxşı elmi
araşdırmaları" mövzusunda keçirilən müsabiqəyə
yekun vurulmuşdur.
Aprelin 28-də keçirilən mükafatlandırma
mərasimində Milli Məclisin deputatları, dövlət
qurumlarının nümayəndələri, alimlər iştirak
etmişlər.
AQUPDK-nın sədri Hicran Hüseynova ölkədə elm və
elmi fəaliyyət üçün geniş imkanlar yaradıldığını
bildirmiş, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın elmin, mədəniyyətin, təhsilin
inkişafına, alimlərimizin ictimai həyatda aktiv
rolunun təmin edilməsinə diqqətini nəzərə
çatdırmışdır.
İzzət Orucovanın həyat və yaradıcılığından
danışan komitə sədri bildirmişdir ki, o, böyük
alim və pedaqoq olmaqla yanaşı, həm də yüksək
mənəvi keyfiyyətlərə malik bir insan idi.
İ.Orucova respublikanın əməkdar elm və texnika
xadimi, Azərbaycan Dövlət mükafatı laureatı idi.
O, mədəniyyət tariximizə ekranda azərbaycanlı
qadının obrazını yaratmış ilk kino aktrisası
kimi daxil olmuşdur.
Müsabiqənin təşəbbüskarı, M.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, professor Nərgiz Paşayeva tədbirin
əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki,
belə tədbirlərin əsas məqsədi gənc nəslin
arasında fundamental elmlərə marağın
artırılmasıdır. N.Paşayeva demişdir ki,
müsabiqənin məhz İzzət Orucovanın 100 illik
yubileyinə həsr edilməsi təsadüfi deyildir.
Kimya elminin inkişafına töhfələrini verən
məşhur kimyaçı İzzət Orucovanın yüksəkixtisaslı
kadrlar hazırlanmasında müstəsna xidmətləri
olmuşdur. Alim aşqarlar kimyası və
texnologiyasının əsasını qoyan və inkişaf
etdirənlərdən biri olmuşdur.
Bakı Dövlət Universitetinin (BDU) rektoru,
akademik Abel Məhərrəmov İzzət Orucovanın elmi
fəaliyyətindən söhbət açmışdır. Bildirmişdir ki,
alimin elmi-tədqiqat işlərinin əsas obyekti
müasir neft kimyasının ən mühüm problemləri
olmuşdur. İzzət Orucovanın hələ 1962-ci ildə
müdafiə etdiyi doktorluq işi Azərbaycan
qadınının neft kimyası elmində fəth etdiyi ən
yüksək zirvə idi. A.Məhərrəmov "Beynəlxalq kimya
ili" çərçivəsində BDU-da "Azərbaycanın kimyaçı
qadınları: problemlər, perspektivlər" mövzusunda
geniş bir tədbirin keçirildiyini də diqqətə
çatdırmışdır.
Akademik Vaqif Fərzəliyev bu müsabiqənin məhz
istedadlı gənc alimlər arasında yaradıcılıq
yarışına təkan verəcəyini söyləmişdir. İ.Orucova
elmi yaradıcılıq sahəsində məhsuldar fəaliyyət
göstərməklə yanaşı, gənc alimlərə daim qayğı ilə
yanaşmış, onların elmi araşdırmalarına dəstək
vermişdir. Yüksəkixtisaslı kadrların
hazırlanmasında onun müstəsna xidmətləri
olmuşdur.
Kimya elmləri doktoru Sevinc Hacıyeva diqqətə
çatdırmışdır ki, İzzət Orucovanın fəaliyyəti
əvvəlcə incəsənətlə bağlı olmuşdur. Böyük
dramaturqumuz Cəfər Cabbarlının pyesləri
əsasında çəkilmiş filmlərdə o, yaddaqalan
obrazlar - Sevil və Almaz surətlərini məharətlə
yaratmışdır.
Ombudsman Elmira Süleymanova İzzət Orucovanın
elmi uğurlarından danışmışdır.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim
olunmuşdur. Birinci yerə BDU-nun dissertantı
Fidan Bəhmənova, ikinci yerə Azərbaycan Dövlət
Neft Akademiyasının əməkdaşı İradə Xələfova,
üçüncü yerə isə BDU-nun dosenti Mehparə
Adıgözəlova layiq görülmüşlər.
AzərTAc |