Aprelin
30-da T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm
qalereyasında "Ətraf mühiti qoruyaq" movzusunda
məktəblilərin respublika rəsm müsabiqəsinin
yekun tədbiri keçirildi.
Tədbirdə Azərbaycan Respublikası təhsil
nazirinin müavini Elmar Qasımov, ekologiya və
təbii sərvətlər nazirinin müavini Firdovsi
Əliyev, Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov, Dövlət Rəssamlıq
Akademiyasının əməkdaşları Asif Azərelli və
Ceyhun Həmzəyev, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Məktəbdənkənar təhsil sektorunun
müdiri Qənirə Sultanova, aparıcı mütəxəssis
Rövşən Əliyev, Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov və
müavini Lalə Dadaşova, T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru
Bədaye Ramazanova və b. iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin
müavini Elmar Qasımov qonaqları və məktəbliləri
salamlayaraq son dövrdə Təhsil Nazirliyinin
təşəbbüsü ilə məktəblilərin ekoloji təhsili və
tərbiyəsi işini daha da təkmilləşdirmək
məqsədilə geniş və çoxsaylı tədbirlərin həyata
keçirildiyini söylədi. Qeyd etdi ki, son
illərdə ekoloji təhsilin inkişafında olan
irəliləyişlər ekoloji biliklərin daha dərindən
mənimsənilməsinə və əməli fəaliyyətdə tətbiq
olunmasına şərait yaradır. Bu gün sərgidə
Azərbaycanın bütün regionlarının təbii
gözəlliklərini, ətraf mühitin qorunmasını təbliğ
və təmsil edən 207 yaradıcılıq işi nümayiş
olunur.
Nazir müavini həmin rəsmləri yüksək
dəyərləndirərək Naxçıvan Muxtar Respublikasının,
Bakı, Sumqayıt, Gəncə şəhərləri, Masallı,
Goranboy, Saatlı, Siyəzən, Ağdam, Ağcabədi,
Lənkəran, Qusar rayon ETTM-lərinin, UYM-nin
uğurlu yaradıcılıq işlərini xüsusi olaraq
vurğuladı. E.Qasımov qeyd etdi ki, rəsm
müsabiqəsi 3 yaş qrupu (6-9 , 10-13 ,14-17
yaşlar) və 3 mərhələ ( məktəb, rayon, (şəhər) və
respublika) üzrə keçirilərək respublikanın
müxtəlif regionlarında istedadları üzə çıxarıb.
Müsabiqənin məktəb və rayon mərhələlərində
2000-dən artıq məktəbli öz rəsmlərində ana
yurdun zəngin təbiətini, misilsiz təbii
sərvətlərini, ətraf mühitin ekoloji vəziyyətini
məhəbbətlə əks etdirib. Müsabiqənin respublika
mərhələsinə 52 rayon və şəhərdən təqdim olunan
360-a qədər yaradıcılıq işində məktəblilər
təbiətin gözəllikləri ilə yanaşı, antropogen
təsirin neqativ nəticələrini, təbii sərvətlərə
və canlılara qayğıkeş münasibətin zəruriliyini
də təsvir ediblər.
Tədbirdə çıxış edən qonaqlar məktəblilərə
ekoloji təhsildə yeni nailiyyətlər arzulayıb,
ətraf mühitin qorunması məqsədilə keçirilən
aylıqlarda, ekoloji aksiyalarda və digər
tədbirlərdə daha yaxından iştirak etməyi
tövsiyə etdilər.
Tədbirin sonunda müsabiqə qaliblərinə Təhsil
Nazirliyinin diplom və hədiyyələri təqdim olundu.
"Ətraf mühiti qoruyaq" movzusunda nümayiş olunan
rəsmlərə baxış keçirildi.
Sifai SƏFƏROVA |
|