Təhsil Nazirliyinin əməkdaşları Qazaxıstanda
QİÇS-lə bağlı keçirilmiş konfransda iştirak
ediblər.
Dünyada
elə qlobal problemlər var ki, o, millətindən,
cinsindən və irqindən asılı olmayaraq insanları
birgə mübarizəyə səsləyir. Belə problemlərdən
biri XX əsrdə yaranmış və sürətlə yayılan HİV
virusu və onun törətdiyi QİÇS xəstəliyidir. Bu
xəstəliklə mübarizədə uğur əldə etmək üçün dünya
dövlətləri məsələnin ciddiliyini nəzərə alaraq
Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyasının 25-27 iyun 2001-ci il tarixdə
keçirilmiş xüsusi sessiyasında HİV/QİÇS-ə dair
öhdəlik Bəyənnaməsi qəbul etmişdir. Bəyənnamənin
qəbulundan keçən dövr ərzində bu sahədə
profilaktik işlər görülmüş, xüsusilə yeniyetmə
və gənclərin infeksiyaya yoluxmaması üçün hər
bir dövlətin görəcəyi qabaqlayıci tədbir
müəyyənləşdirilmişdir. Beynəlxalq təşkilatlar
hər il dövlətlərin bu sahədə gördüyü işləri
müzakirə edir, meydana çıxan problemlərin
həllində onlara dəstək olur. Belə tədbirlərdən
biri də 19-21 aprel 2011-ci il tarixində "Təhsil
mühitində QİÇS-in profilaktikası və sağlam həyat
tərzinin formalaşması" mövzusunda Qazaxıstan
Respublikasının Almatı şəhərində keçirildi.
Tədbirə 10 bölgə ölkəsindən (Azərbaycan,
Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan,
Ukrayna, Özbəkistan və Qırğızıstan) 70 nəfər, o
cümlədən Azərbaycan Respublikasından Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin baş məsləhətçisi Elnur
Əlizadə, Təhsil Nazirliyində fəaliyyət göstərən
BMT-nin QİÇS, vərəm və malyariya ilə mübarizə
üzrə Qlobal Fondunun layihə əlaqələndiricisi
Aysel Hacıyeva, Təhsil Problemləri İnstitutunun
şöbə müdiri Piralı Əliyev, Bakı şəhəri 248
nömrəli tam orta məktəbin biologiya müəllimi, "Həyati
bacarıqlara əsaslanan təhsil" fakültativ kursun
dərs vəsaiti müəllifi Gülarə Hüseynova iştirak
edirdilər.
Konfransın işi 8 sessiyada 37 məruzə
dinlənilməklə, 6 qrupda davam etdi.
Açılışda konfrans iştirakçılarını YUNİSEF-in və
Təhsil Nazirliyinin nümayəndələri salamlayaraq,
onlara uğurlar arzuladılar. 2008-2010-cu
illərdə görülmüş işlər haqqında hesabatla ilk
məruzəni Elnur Əlizadə etdi. Məruzədə Azərbaycan
Respublikasının qanunvericiliyində bu məsələyə
xüsusi diqqət yetirildiyi, qanunların qəbul
olunduğu vurğulandı.
BMT qurumları çərçivəsində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bu sahədə
dəyişiklikləri dəstəkləyir və yeniyetmə və
gənclərin sağlam həyat tərzi kecirmələrinə
yardım etmək məqsədi ilə əsaslı işlər həyata
keçirir. "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda, "Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyasında (Milli
Kurikulum)", "Ümumtəhsil məktəblərinin I-IV
sinifləri üçün fənn kurikulumları"nda, biologiya,
həyat bilgisi, insan və cəmiyyət və s. fənlərin
standartlarında uşaq, yeniyetmə və gənclərin
sağlam həyat tərzinin formalaşdırılmasının, HİV/QİÇS-dən
qorunma yollarının aşılanması göstərildiyini
diqqətə çatdırır.
Qeyd olundu ki, Azərbaycan təhsilində həyata
keçirilən islahatlar onun dünya standartlarına
cavab verməsinə gətirib çıxarır. Müsbət,
məktəblilərin xeyrinə olan məsələlərin tətbiqinə
qapılarımız açıqdır. İlk dəfə Birləşmiş
Millətlər Təşkilatının Əhali Fondu ilə birlikdə
"Reproduktiv sağlamlığın əsasları" (IX sinif
şagirdləri üçün) fakültativ kurs məşğələsi üçün
hazırlanmış metodik vəsait yerlərdə müsbət
qarşılandı. Lakin layihə bu sahədə sistemli iş
aparmağa imkan vermirdi. Bunları nəzərə alaraq
ümumtəhsilin bütün mərhələlərini (ibtidai, ümumi
orta və tam orta təhsil) əhatə edən "Həyati
bacarıqlara əsaslanan təhsil" vəsaiti
hazırlandı. Vəsaitə qədər konsepsiya və proqram
yazıldı, onlar ictimaiyyətin geniş
müzakirəsindən keçəndən sonra təsdiq olundu.
Qlobal Fondun dəstəyi ilə layihə çərçivəsində "Həyati
bacarıqlara əsaslanan təhsil" üzrə 2008-ci
tədris ilində 4511 məktəb, 1,4 milyon şagird
əhatə olunmuşdur. 2009-cu tədris ilində 1,3
milyon şagirdi əhatə etməklə 4499 məktəbdə
layihə tətbiq olunmuşdur. 2008-ci dərs ilində
2323 məktəbdən 6205 müəllim, 2009-cu tədris
ilində isə 785 məktəbdən 1495 müəllim "Həyati
bacarıqlara əsaslanan təhsil" proqramı üzrə
treninqlərdən keçərək tətbiqi yollarına
yiyələnmişlər. Hazırda bu iş çox uğurla davam
etdirilir.
2010-cu ildə peşə liseyləri, kollec və ali
məktəbləri əhatə etməklə HİV/QİÇS-ə dair 135
mühazirə söylənmişdir. İnteraktiv təlim
metodlarından istifadə etməklə tələbələrə sağlam
həyat tərzi haqqında məlumat verilmişdir. Bu
işdə mətbuatın, informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından istifadə
olunaraq HİV infeksiyasının yaranması və ondan
qorunma yollarına dair maarifləndirici işlər
aparılmışdır.
Dövlət və qeyri-hökumət təşkilatları HİV-ə qarşı
birgə mübarizə aparır.
Məruzədə 2006-2009-cu illərdə Azərbaycan
Respublikasında HİV/QİÇS-ə tutulmuş insanların
sayı bildirilməklə yanaşı, diaqramlaşdırılmış
rəqəmlərlə illər üzrə inkişaf dinamikası
göstərilməklə, xəstəliyin yaranma səbəblərinə
aydınlıq gətirildi. Mövcud vəziyyətin
genişlənməməsi üçün görülən işlər önə çəkildi.
Azərbaycan nümayəndəsinin məruzəsi iştirakçılar
tərəfindən böyük razılıqla qarşılandı.
Çıxışlarda ilkin söz alan Birləşmiş Millətlər
Təşkilatının Əhali Fondunun Şərqi və Mərkəzi
Asiya ölkələri üzrə ofisinin Baş direktoru Fea
Flerens Azərbaycan Respublikası Təhsil
Nazirliyinin islahatlara açıq olduğunu, bu
sahədə böyük işlər gördüyünü bildirdi.
Rusiya Federasiyasının Elm və Təhsil
Nazirliyinin idarə rəisinin müavini Andrey Qeriş,
Qırğızıstan Respublikasının elm və təhsil
nazirinin müavini Qulcuqut Sokonkulov,
Özbəkistan Respublikasının Xalq Təhsili
Nazirliyinin əməkdaşı Gülnaz Alimcanova, Bütün
Ukrayna Müəllimləri Assosiasiyasının sədri
Vladimir Ponomarenkov və başqaları məruzədə
göstərilən məsələlərə münasibət bildirdilər,
aparılan işin məqsədyönlülüyünü və nəticələrin
effektivliyini dəyərləndirdilər.
Sonrakı sessiyalarda da Azərbaycan
Respublikasının təcrübəsinə yeri gəldikcə
müraciət olundu. Xüsusilə YUNİSEF-in layihə üzrə
məsləhətçisi dəfələrlə Azərbaycan
Respublikasının Təhsil Nazirliyində olmuş Brayan
Dobson məruzəsində "Həyati bacarıqlara əsaslanan
təhsil" layihəsinin hazırlanması, tətbiqi, bu
sahədə meydana çıxan çətinliklərə məruzəsində
aydınlıq gətirdi və digər ölkələrdə aparılan
işləri qruplaşdırdı. Sxemlərlə, diaqramlarla
zəngin olan məruzədə Azərbaycan, Makedoniya və
Moldovanın öncül yerdə durduğu vurğulandı.
Üç gün davam edən konfransda müxtəlif
problemlərə aydınlıq gətirildi. Hər bir müstəqil
dövlətdə bu iş Qlobal Fondun dəstəyi ilə həyata
keçirilir. Burada dinlənilən məruzələrdən,
çıxışlardan, irəli sürülən təkliflərdən belə
nəticəyə gəlmək olar:
*
Konfrans iştirakçıları müəyyən ölkələrdə müsbət
irəliləyişlərin olmasını nəzərə almaqla yanaşı,
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində
yaranmış epidemiya halı ilə əlaqədar öz
narahatlıqlarını bildirir. Şərqi Avropa və
Mərkəzi Asiya dünyada yeganə regiondur ki, HİV
infeksiyasının səviyyəsi gündən-günə artmaqda
davam edir. YUNİSEF-in verdiyi məlumata görə,
son 10 ildə göstərilən regionlarda HİV
infeksiyası ilə yaşayanların sayı 3 dəfə
artmışdır. 2009-cu ilin sonunda 1,4 milyon nəfər
artmış və onların 80 %-i 30 yaşına qədər olan
insanlardır. Yalnız 10 %-dən 40%-ə qədərinin
yaşı 15-24 olan insanlardır ki, onlar HİV
virusuna profilaktikaya düzgün əməl
etməmələrindən tutulmuşlar.
*
Məruzələri dinləyəndən sonra konfrans belə
nəticəyə gəlmişdir ki, yeniyetmə və gənclərin
sağlamlığının qorunması məqsədi ilə regionda
profilaktik proqramların realizəsi təlimi üzrə
geniş təcrübə qazanılmışdır. Bu proqramlar sahə
nazirlikləri, təhsili idarə edən orqanlarla,
səhiyyə, gənclər və idman nazirliyi,
qeyri-hökumət təşkilatları ilə, dini qurumlarla
sıx əlaqədə BMT-nin qurumlarının və beynəlxalq
təşkilatların maliyyə və texniki dəstəyi ilə HİV/QİÇS,
malyariya və vərəm xəstəliyinə qarşı mübarizə
çərçivəsində həyata keçirilir.
*
Region ölkələrində profilaktik işlər təhsilin
məzmununa gətirilmişdir. Proqramlar fakültativ
kurs və seçmə fənn kimi tədris olunur.
Profilaktik proqramlar ümumi təhsilin bütün
pillələrində realizə olunsa da orta ixtisas və
ali məktəblərdə isə daimi həyata keçirilmir. Bu
isə qəbul edilmiş fasiləsizlik prinsipini pozur.
*
HİV/QİÇS-in cinsi yolla, narkomaniyanın,
alkoqolizmin, siqaret çəkməklə yaranan
xəstəliklərin qarşısının alınması realizə
olunmuş profilaktik proqramlar, bir qayda olaraq,
kompleks xarakter daşıyır və sağlam həyat
tərzinin aşılanmasına xidmət göstərir.
Konfrans iştirakçıları aşağıdakı problemləri də
önə çəkdilər:
*
Profilaktik proqramın məzmun və forması
yeniyetmə və gənclərin sağlam həyat tərzinin
formalaşmasında məqsədə nail olmağa tam imkan
vermir. Çox vaxt tədris və metodik
materiallardan reproduktiv sağlamlıq haqqında
nəticə çıxarılmasında onların effektini azaldır.
Buna baxmayaraq, profilaktik proqramların
mövzuları yeni nəslin reproduktiv sağlamlığının
qorunması məsələlərini əhatə etməlidir.
*
Tədris müəssisələrində profilaktik təhsil mütləq
tam statusda deyil. Göstərilən mövzuların
sistematik öyrənilməsi və mənimsənilməsi üçün
lazımi tədris saatı verilmir.
*
Təhsil müəssisələri çox vaxt lazımi qədər tədris
və metodik vəsaitlərlə təmin olunmurlar.
*
Profilaktik təhsilin orta ixtisas və ali təhsil
müəssisələrində öyrədilməməsi, gələcək
müəllimlərin peşəkarlığının aşağı səviyyədə
olacağını və onlar işləyərkən keçirilən
treninqlərin onu əvəz etməyəcəyini göstərir.
Konfrans iştirakçıları təsdiq edirlər ki,
yeniyetmələrdə olan hər şeyə maraq onlarda
riskli münasibətə, alkoqol və narkotikləri
eksperiment etməyə gətirib çıxarır. Belə bir
hərəkətə onları sosial, iqtisadi və ailə
vəziyyəti sövq edir. Bütün bunlar onlarda cinsi
yolla keçən infeksiyalara, HİV-ə yoluxmaya
alkoqol və narkotikdən istifadə səbəb olur ki,
bu da ölümlə nəticələnən bədbəxt hadisələrə, o
cümlədən özünüqəsdə gətirib çıxarır.
Konfransda yeniyetmə və gənclərin kompleks
profilaktik proqramlarını bütün təhsil
müəssisələrində ibtidai, ümumi orta, tam orta,
texniki peşə, orta ixtisas və ali təhsil daxil
olmaqla real təmin etmək; kompleks profilaktik
proqramlara gələcək nəslin reproduktiv
sağlamlığının qorunması ilə əlaqədar HİV və
digər cinsi yolla keçən infeksiyaların
profilaktikası, habelə uşaq və yeniyetmələrin
HİV-lə yaşayanların müdafiəsi və onlara qayğı
ilə əlaqədar mövzuların daxil edilməsi ilə bağlı
hökumətlərə və beynəlxalq təşkilatlara müraciət
olundu.
Aşağıda göstərilənlərə əsaslanan tədris
proqramlarının realizə olunması və
planlaşdırılmasını dəstəkləmək tövsiyə olundu:
elmi-faktiki əsaslandırmaq; kompleksləşdirmə (yeniyetmə
və gənclərin sağlamlığını qorumaq, həmçinin
reproduktiv sağlamlığın qorunmasını əhatə edən
mövzuları tematikaya aid etmək);
istiqamətləndirmə - milli mədəni və yaş
xüsusiyyətlərini nəzərə almaqla iştirakçıların
yönəldilməsi; qavrama - bütün təhsil
müəssisələrində məqsədyönlü davranışa əsaslanan
proqramların qurulması; davametdirmə -
profilaktik proqramların tədrisinə ildə 20-30
saat ayrılması; gender bərabərliyi və insan
hüquqlarına hörmət və onun qorunması; yeniyetmə
və gənc nəslin profilaktik proqramların
tərtibində iştirakı; valideyn və ailənin
profilaktik təhsil prosesinə cəlb olunması;
müasir informasiya, kommunikasiya
texnologiyalarından istifadə olunması; milli
səviyyədə profilaktik təhsil proqramlarının
tətbiqi, yeniyetmə və gənclərin sağlamlıq və
inkişafı sahəsində elmi-tədqiqatların aparılması
üçün dövlət maliyyələşməsinin stabil təmin
edilməsi; pedaqoji işçilərin ixtisasartırma
kurslarının səviyyəsinin yüksəldilməsi; orta
ixtisas və ali məktəblərin təlim kursunun
məzmununa sağlam həyat tərzinin daxil edilməsi;
rəhbər işçilərin və idarəetmə orqanlarında
çalışanların hazırlıq və yenidən hazırlığını,
səhiyyə sahəsi ilə əlaqədə olan və HİV
epidemiyasına qarşı mübarizə sahəsində çalışan
gənclərin sağlamlığının qorunması keşiyində
duranlara çalışdıqları sahədə HİV-ə qarşı
siyasətlərinin tənzimlənməsi ilə əlaqədar
mövzuların daxil edilməsi; monitorinq sisteminin
və HİV infeksiyasının qarşısının alınması,
yeniyetmə və gənclər arasında elmi proqramların
effektliyinin qiymətləndirilməsinin
standartlaşması.
İştirakçılar həmçinin HİV/QİÇS sahəsində bütün
region ölkələrində qanunvericiliyin
formalaşmasını, milli strategiya və
konsepsiyaların hazırlanmasını, məqsədyönlü
proqram və layihələrin mövcudluğunu və
profilaktik proqramların tətbiqi təcrübəsinin
olduğunu göstərirlər. Bununla yanaşı, bəzi
dövlətlərin profilaktik proqramları az miqdarda
maliyyələşdirməsi, hətta maliyyələşmənin
aparılmaması, lazımi tədris fənninin bütün
təhsil mərhələləri üzrə olmaması, proqramları
öyrənmək üçün müəllimlərin hazırlıq səviyyəsinin
olmaması, bu kursları tədris edən müəllimlərin
tədris saatının nizamlı və şəffaf olmaması,
sağlam həyat tərzi üzrə müəllim
mütəxəssislərinin hazırlıq sisteminin olmaması,
bütün sahələr üzrə pedaqoqların hazırlanma
sisteminə sağlam həyat tərzi mövzuları ilə
tanışlığın daxil edilməməsi, təhsil şöbələri
tərəfindən nəzarət mexanizmlərinin
qeyri-effektliliyi, pedaqoji və səhiyyə işçiləri
arasında problemə baxışda fərqliliyin olması və
s. qeyd edilir.
Problemin həlli yollarına sistemli, ardıcıl
müdafiə, qanunverici və hökumət orqanlarının
mövqeyinin formalaşması, profilaktik mövzuların
sosial, iqtisadi inkişafın uzunmüddətli
proqramlara daxil edilməsi, illik
maliyyələşmənin ayrılması və tədris
standartlarının qəbul edilməsini aid edirlər.
Bu məsələlərin həllinə beynəlxalq təşkilatlar (BMT-nin
qurumları, iri donor təşkilatları), pedaqoji,
səhiyyə və valideyn ictimaiyyəti dəstək
olmalıdır.
Yaranmış problemin həlli üçün sağlam həyat tərzi
üzrə təlim fənninin icbari qaydada tədris
olunması, pedaqoji kollec və institutlarda
sağlam həyat tərzi üzrə ixtisasının yaradılması,
HİV/QİÇS üzrə proqramların yenidən hazırlanma və
ixtisasartırmanın təkmilləşdirilməsi, dövlət
qulluğu imtahanlarının suallarına HİV/QİÇS
haqqında məlumatın daxil edilməsi, bütün
idarəetmə sahələrində çalışanların bu haqda
məlumatlandırılması (qanunlar, ictimai
təşkilatların rəhbərlərinə tapşırıqlar və
icrasına nəzarət), texniki peşə, orta ixtisas və
ali məktəblərdə sağlam həyat tərzi kursunun
tədris olunması, bütün sahələr üzrə pedaqoji
kadrların təlimi üçün dövlət proqramının
yaradılması vacib sayıldı.
Gərgin və maraqlı keçən müzakirələrin sonuncu
günündə Azərbaycan nümayəndələri Almatı
şəhərində yerləşən "Sağlam həyat tərzinin
formalaşdırılması probleminin milli mərkəzi"ndə
oldular. Bizi mərkəzin baş direktoru tibb
elmləri doktoru, professor, Qazaxıstan
Respublikası Elmlər Akademiyasının akademiki
Saule Dikanbaeva qəbul etdi. Mərkəzdən və onun
hər bir bölgədə olan filiallarından, çap
etdikləri proqramlardan, dərs vəsaitlərindən,
jurnallardan, keçirdikləri treninqlərdən və s.
məsələlərdən danışdı. Mərkəzin nizamnamə və
fəaliyyət planı ilə bizi tanış etdi. Treninq
otağında tibb universitetinin tələbələri ilə HİV/QİÇS
üzrə aparılan məşğələni dinlədik. Ali məktəblər
üçün hazırladıqları "Vaeologiya" dərslikləri ilə
tanış olduq.
Bütün bunları nəzərə alaraq Azərbaycan
Respublikasında: "Həyati bacarıqlara əsaslanan
təhsil" fənnini tədris edən müəllimlərin
treninqlərinin bir həftə olmasını, məktəbəqədər
təhsil mərhələsi üzrə tərbiyəçilər üçün metodik
vəsaitin hazırlanmasını, uşaq, yeniyetmə və
gənclər üçün maarifləndirici xarakterli
disklərin buraxılmasını, kiçikyaşlı məktəblilərə
dözümlülüyü təbliğ edən cizgi filmlərinin
hazırlanmasını, təbliği xarakterli kütləvi
plakatların, bukletlərin hazırlanmasını,
pedaqoji tədqiqatların aparılması və onların
hesabatlılığının təmin olunmasını, xarici və
yerli qabaqcıl təcrübənin öyrənilməsini,
pedaqoji, tibbi və valideyn ictimaiyyətinin
maarifləndirilməsini, HBƏT-ə fənn statusu
verilməsi üçün məzmunun müəyyənləşdirilməsini,
monitorinq və qiymətləndirmə üçün vahid
indikatorların hazırlanmasını, orta ixtisas və
ali məktəblərdə sağlam həyat tərzi, yaxud HBƏT,
"Vaeologiya" fənninin tədrisini, interaktiv və
multimedia texnologiyalarından istifadəni,
metodik vəsaitlərin hazırlanmasında maraqlı
tərəflərin (valideyn, müəllim, direktor, təhsil
rəhbəri və məktəblilərin) iştirakını, "Ən yaxşı
müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqələrində təhsildə profilaktika (Qazaxıstan
Respublikasının təcrübəsindən) meyar kimi daxil
edilməsini, müəllimlərin ixtisasartırmadan
keçməsində vahidliyin təmin olunması, HBƏT
distant təhsilin tətbiqini, təhsil, səhiyyə,
hüquq-mühafizə orqanlarının ortaq koordinasiya
mərkəzinin yaradılmasını zəruri hesab edirik.
Elnur ƏLİZADƏ,
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsinin baş məsləhətçisi,
Piralı ƏLİYEV,
Təhsil Problemləri İnstitutunun şöbə müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
|