Mayın
27-də Azərbaycan Dövlət İqtisad Universitetində
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
birgə təşkilatçılığı ilə keçirilən tələbələrin
XVI Respublika fənn olimpiadasının açılış
mərasimi oldu.
Tədbiri təhsil
naziri Misir Mərdanov açaraq hamını burada
görməkdən məmnunluq hissi keçirdiyini söylədi.
Nazir tələbələrin respublika fənn
olimpiadasının ölkəmizin ali məktəblərində
təhsil alan tələbələrin müxtəlif fənlərə
marağının artırılmasına, həmçinin həmin fənlər
üzrə onların hazırlıq səviyyəsinin nümayiş
etdirilməsinə imkan və şərait yaratdığını,
istedadlı gənclərin aşkara çıxarılmasında
müstəsna əhəmiyyət daşıdığını
bildirdi.
Tələbələrin
fənn olimpiadasına böyük maraq göstərdiyini və
ildən-ilə bilik yarışında iştirak etmək
istəyənlərin sayının artdığını deyən nazir
bununla bağlı statistik rəqəmləri diqqətə
çatdırdı. Məlumat üçün bildirdi ki, olimpiada
iştirakçıları 12 fənn üzrə (riyaziyyat, fizika,
kimya, biologiya, informatika, Azərbaycan dili,
Azərbaycan tarixi, Azərbaycan coğrafiyası,
ingilis dili, fransız dili, alman dili və rus
dili) öz biliklərini nümayiş etdirəcəklər.
Olimpiada ənənəvi olaraq 2 turda təşkil edilib.
I tur bu ilin aprelində ali təhsil
müəssisələrində keçirilib və burada 2000-ə
yaxın tələbə iştirak edib. Olimpiadanın yekun
turunda 28 dövlət və 8 qeyri-dövlət ali təhsil
müəssisəsindən 684 tələbə iştirak etmək hüququ
qazanıb. Bilik yarışına Bakı şəhərində yerləşən
ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt,
Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və
respublikamızın digər şəhərlərində fəaliyyət
göstərən ali təhsil ocaqları da qatılıb.
Təhsil
naziri son illər ölkəmizdə gənclərin yüksək
bilik və təhsil almaları üçün hər cür şərait
yaradıldığını söyləyərək ölkə başçısı cənab
İlham Əliyev tərəfindən xüsusi istedada malik
uşaq və gənclərin yaradıcılıq potensialının
inkişafı istiqamətində görülən işləri diqqətə
çatdırdı. Azərbaycanda kifayət qədər istedadlı
gənclərin olduğunu bildirən nazir Misir Mərdanov
hazırda çoxlu sayda azərbaycanlı tələbənin
xarici ölkələrin nüfuzlu ali məktəblərində
uğurla təhsil aldığını qeyd etdi. Ölkəmizdə
gənclər siyasətinin dövlətin prioritet
istiqamətlərindən biri olduğunu, cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni
həyatında gənclərimizin fəal iştirak etdiyini
söyləyən nazir olimpiada iştirakçıları olan
tələbələrə bir sıra tövsiyələr verdi, onlara
uğurlar arzuladı.
Nazir Misir
Mərdanov tələbələrin fənn olimpiadasının
münsiflər heyətində respublikamızın tanınmış
alim və pedaqoqlarının təmsil olunduqlarını
deyərək onların adlarını çəkdi və bütövlükdə
bilik yarışının keçirilməsində əməyi olanlara
təşəkkürünü bildirdi.
Çıxış üçün söz
alan Gəncə Dövlət Universitetinin rektoru Elman
Məmmədov ölkəmizdə təhsilin uğurla inkişaf
etməsindən, belə olimpiadaların bilikli və
yüksək intellektə malik gənclərin üzə
çıxarılmasında mühüm rol oynamasından,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin müavini
Şaiq Əsgərov təmsil etdiyi qurumla Təhsil
Nazirliyi arasında qurulmuş əməkdaşlıqdan, birgə
həyata keçirilən tədbirlərdən danışdılar.
Sonra təhsil
nazirinin müavini İradə Hüseynova təşkilati
məsələlərlə bağlı geniş məlumat verdi. Nazir
müavini müxtəlif səpgidə olimpiadaların, bilik
yarışlarının, müsabiqələrin həyata keçirilməsinə
təhsil nazirinin hər zaman dəstək olduğunu,
onlara yüksək diqqət və qayğı ilə yanaşdığını
bildirərək nazir Misir Mərdanova minnətdarlıq
etdi. Çıxışının sonunda İradə Hüseynova
olimpiada iştirakçılarına müvəffəqiyyətlər
dilədi.
Digər çıxış
edənlərdən Bakı Dövlət Universitetinin
professoru Məcnun Babayev, Bakı Slavyan
Universitetinin prorektoru Məmməd Əliyev
tələbələrin fənn olimpiadasının keçirilməsinin
əhəmiyyətinə toxunaraq, gənclərə ən xoş
istəklərini çatdırdılar.
Mərasimdə
olimpiada iştirakçısı olan tələbələr də çıxış
edərək ölkə başçısı cənab İlham Əliyev
tərəfindən gənclərə göstərilən diqqət və
qayğıdan söz açdılar. Gənclər olimpiadanın
keçirilməsində zəhməti olan bütün şəxslərə
minnətdarlıqlarını bildirdilər.
Elə həmin gün
respublikanın 36 ali məktəbindən 684 tələbə 12
fəndən öz bilik və bacarığını nümayiş etdirdi.
Onu da qeyd
edək ki, olimpiadanın qaliblərinə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi tərəfindən diplomlar,
hədiyyələr və pul mükafatları təqdim
olunacaqdır.
Samirə KƏRİMOVA |