İyunun 16-da
Təhsil Nazirliyində "İngilis dilinin intensiv
tədrisi" layihəsi üzrə görülmüş işlər, əldə
olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrə
dair tədbir keçirildi.
Yığıncaqda
Təhsil Nazirliyinin məsul işçiləri, müvafiq şöbə
və struktur bölmələrinin rəhbərləri, "British
Council" təşkilatının nümayəndələri, layihəyə
qoşulmuş və qoşulması təklif olunan ümumtəhsil
məktəblərinin direktorları, ingilis dili
müəllimləri və metodistlər iştirak edirdilər.
Tədbiri açaraq
iştirakçıları salamlayan təhsil naziri Misir
Mərdanov "British Council"in Təhsil Nazirliyinin
etibarlı tərəfdaşı, ən sıx əməkdaşlıq etdiyi
beynəlxalq təşkilatlardan biri olduğunu
bildirdi.
Misir Mərdanov
diqqətə çatdırdı ki, Azərbaycanda 1993-cü ildən
fəaliyyətə başlayan bu qurum Təhsil Nazirliyi
ilə birgə ingilis dili müəllimlərinin
təkmilləşdirilməsi layihələrini uğurla həyata
keçirmişdir. Həmin layihələrin məqsədi ölkəmizdə
ingilis dili müəllimləri üçün tədris sahəsində
ən son nailiyyətləri əks etdirən müasir və
effektiv ixtisasartırma, təkmilləşdirmə
sisteminin yaradılması, ingilis dilinin
tədrisində interaktiv təlim metodlarının və yeni
pedaqoji texnologiyaların tətbiqi olmuşdur.
İndiyədək reallaşdırılan birgə layihələrdən
ümumilikdə 2 minədək müəllim, 60 min şagird
faydalanmış, layihələr çərçivəsində 300-dək
təlim keçirilmiş, 77 nəfər təlimçi hazırlanmış,
23 nəfər "öyrədənlərin öyrədəni" təcrübə
mübadiləsi məqsədilə xarici ölkələrdə, o
cümlədən Böyük Britaniyada səfərdə olmuş,
layihələrə cəlb olunmuş müəllimlər tərəfindən
təlim materialları və tədris vəsaitləri
hazırlanmışdır.
"British
Council"in təşəbbüsü ilə 2003-cü ildən
Azərbaycan İngilis Dili Müəllimləri
Assosiasiyası - AzETA yaradılmışdır. Təşkilatın
Bakıda baş ofisi və 4 regionda - Şəki, Xaçmaz,
Mingəçevir və Gəncədə filialları fəaliyyət
göstərir. Hazırda bu qurumun 600-dən çox üzvü
vardır.
Daha sonra
çıxışında müstəqillik qazandıqdan sonra
ölkəmizin ümumtəhsil məktəblərində xarici
dillərin tədrisi sahəsində mövcud olan
problemlərdən söz açan nazir bildirdi ki,
onların aradan qaldırılması məqsədilə Təhsil
Nazirliyi xarici dillərin intensiv tədrisi,
bunun üçün ünsiyyət əsaslı (kommunikativ)
yanaşma metodikasına üstünlük verilməsi,
müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması
sahəsində müasir və effektiv təkmilləşdirmə
sisteminin tətbiqi üzrə "British Council"lə
birgə layihənin həyata keçirilməsi barədə
razılığa gəldi. 2008-2009-cu dərs ilindən bu
işin icrası üçün ilkin olaraq Bakı şəhərində
lazımi təcrübə və kadr potensialı olan 7 pilot
məktəb müəyyənləşdirildi.
İlkin
mərhələdə layihənin əhatə etdiyi siniflər və
şagirdlərin sayı haqqında ətraflı məlumat verən
Misir Mərdanov həmin məktəblərdə dilin intensiv
tədrisinə başlanılması üçün həyata keçirilmiş
tədbirləri, görülən işləri diqqətə çatdırdı.
Nazir
vurğuladı ki, ötən dövrdə həm "British
Council"in mütəxəssisləri, həm də dəvət olunmuş
beynəlxalq ekspertlər tərəfindən aparılan
monitorinqlər şagirdlərin təlim nəticələrinin
yüksək olduğunu müəyyənləşdirmişdir. Lakin əsas
məsələ ingilis dili tədris edilən bütün
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsidir. Hazırda ölkənin 4526
ümumtəhsil məktəbindən 4 minində, yəni 88,3
faizində xarici dil kimi ingilis dili tədris
olunur. Bu vəziyyət, ilk növbədə, onunla
bağlıdır ki, ümumilikdə dünyada ingilis dilinə
tələbat artmışdır. Eyni zamanda ingilis dili
BMT-nin rəsmi dillərindən biridir və beynəlxalq
dil kimi bütün dünyada ünsiyyət vasitəsidir.
Məhz bu amili nəzərə alaraq növbəti tədris
ilindən ingilis dili intensiv tədris edilən
məktəblərin sayının 20-yə çatdırılması, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin təklifinə əsasən,
daha 13 məktəbin layihəyə cəlb olunması nəzərdə
tutulmuşdur.
Bununla
əlaqədar qarşıda duran bir sıra vəzifələri
diqqətə çatdıran təhsil naziri Misir Mərdanov
çıxışının sonunda belə çətin və məsuliyyətli
işin uğurla həyata keçirilməsində böyük əməyi
olan "British Council"in rəhbərliyinə və
əməkdaşlarına, layihədə iştirak edən ümumtəhsil
məktəblərinin direktorları və ingilis dili
müəllimlərinə təşəkkür etdi.
"British
Council" təşkilatının Azərbaycan üzrə direktoru
Pol Klementson tədbirdəki çıxışında "İngilis
dilinin intensiv tədrisi" layihəsinin
reallaşdırılmasında göstərdiyi dəstəyə görə
təhsil naziri Misir Mərdanova minnətdarlığını
bildirdi. Rəhbərlik etdiyi təşkilatın əsas
fəaliyyət istiqamətlərindən bəhs edən
P.Klementson birgə icra edilən layihələrin
xalqlarımız arasında səmimi münasibətlərin
yaranmasına müsbət təsir göstərdiyini vurğuladı.
Beynəlxalq səviyyədə təhsil və biznes
sahələrində uğur qazanmaq üçün ingilis dilini
bilməyin əhəmiyyəti haqda danışan cənab
Klementson artıq ölkəmizdə bu dilin intensiv
tədrisi istiqamətində görülən işlərin müsbət
nəticələr verdiyini qeyd etdi.
Sonra "British
Council"in proqramlar üzrə meneceri Gülşən
Hüseynova "İngilis dilinin intensiv tədrisi"
layihəsi haqqında geniş təqdimatla çıxış etdi.
Təqdimatda görülmüş işlərin nəticələrinə dair
faktları diqqətə çatdıran Gülşən Hüseynova
layihə çərçivəsində milli dərsliklərlə yanaşı,
Kembric Universitetində nəşr olunan və
Azərbaycan üçün məqbul olan dərslik
komplektlərindən (şagird üçün dərslik, iş
dəftəri, müəllim üçün vəsait, CD, audio vəsait,
didaktik materiallar) istifadə olunduğunu
bildirdi. Təqdimatdan aydın oldu ki, pilot
məktəblərin 85 müəlliminin I və VII siniflərdə
dərsləri "British Council" trenerləri tərəfindən
müşahidə edilmiş, 2011-ci ildə layihənin 4 nəfər
aparıcı təlimçisi Böyük Britaniyanın Vorvik
Universitetində intensiv təlimlərdə iştirak
etmiş, 2011-ci ilin yanvar-fevral aylarında
beynəlxalq məsləhətçi Metyu Rurk layihənin
monitorinqini aparmışdır və s. Azərbaycanda və
digər ölkələrdə ingilis dilinin tədrisinə
ayrılan saatları müqayisə edən G.Hüseynova sonda
layihənin səmərəliliyinin artırılması ilə bağlı
təkliflərini səsləndirdi.
Hicran ƏKBƏROVA |