20
ildir ki, orta məktəbdə "Musiqi" fənnini tədris
edirəm. Çoxillik pedaqoji təcrübəmə arxalanaraq
orta məktəblərdə "Musiqi" dərsləri və
dərslikləri barədə fikirlərimi paylaşmaq
istərdim. Dərsliklə əlaqəli fikirlərimi yazmadan
əvvəl mən, ölkəmizdə keçirilən musiqi
festivalları və muğam müsabiqələrinin musiqi
marağına olan müsbət təsirindən bəhs etmək
istərdim. Belə ki, ölkəmizdə, digər sahələrdə
olduğu kimi, musiqi mədəniyyətinə göstərilən
diqqət və qayğı nəticəsində musiqi festivalları,
muğam müsabiqələrinin keçirilməsi artıq ənənə
şəklini almışdır. Bu müsabiqələrdə və
festivallarda dünya musiqi nümunələri ilə yanaşı
Azərbaycan bəstəkarlarının əsərlərinin
səsləndirilməsi, ifa olunması ölkəmizin
milli-mədəni sərvətinə verilən yüksək qiymət və
göstərilən diqqətin nümunəsidir. Musiqi
festivalları, muğam müsabiqələri ilə səsləşərək
dərslərdə mühüm yer ayrılan klassik musiqi,
"Muğam" mövzusu şagirdlərdə bu incəsənətə daha
dərin maraq oyadır.
Müəllim işlədiyim müddətdə istifadə olunan
"Musiqi" dərsliklərinə nəzər saldıqda qeyd
etməliyəm ki, bu günün "Musiqi" dərslikləri
mövzu baxımından daha geniş, rahat, maraqlı,
rəngarəng və estetikdir. "Musiqi" dərslikləri
hər bir musiqi və ya ibtidai sinif müəlliminin
dərsi rahat keçməsi, şagirdlərin proqramı daha
rahat yolla mənimsəmələri üçün nəzərdə
tutularaq düzgün tərtib olunmuşdur. Dərsliklər
Azərbaycan məktəblilərinin musiqini daha da
dərindən və sevərək öyrənməsi üçün, məktəbli
səviyyəsində musiqi savadına mükəmməl
yiyələnməsi üçün əvvəlki dərsliklərdən çox
fərqlənir.
"Musiqi" dərsliklərinin kurikulumun tələbləri
əsasında komplekt şəklində hazırlanması
(dərslik, şagird üçün iş dəftəri, müəllim üçün
metodik vəsait) çox uğurludur.
Bir ekspert kimi deyə bilərəm ki, yeni
dərsliklərin qiymətləndirilməsinə çox ciddi
yanaşılır. IV sinif "Musiqi" dərsliklərinə
gəldikdə isə qeyd etməliyəm ki, bu dərslikdə
dərsin müəllim tərəfindən şagirdə asan, sadə
(rahat) tərzdə mənimsədilməsinə, mövzu
baxımından maraqlılığına xüsusi diqqət
verilmişdir.
"Müəllim üçün metodiki vəsait"də dərsin
mərhələləri dəqiq və düzgün
müəyyənləşdirilmişdir ki, bu da mövzunun müəllim
tərəfindən şagirdlərə mənimsədilməsinə böyük
yardımçıdır.
"İş dəftəri"ndə keçilən mövzularla əlaqəli
verilən krossvordlar, musiqi testləri
şagirdlərdə fənnə daha dərin maraq oyadır.
Dərslikdəki "mahnılar", "musiqi dinləmələri",
"musiqi savadı" bölmələri şagirdlərin estetik
zövqünün artırılmasına böyük təsir göstərir.
Amma mən çox istərdim ki, gələcək dərsliklərdə
musiqi nömrələri daha müasir mövzulu və yeni
mahnılarla əhatə olunsun.
Dövlətimiz tərəfindən təhsilə yüksək qayğı və
diqqət göstərilir. Lakin bəzi rayon və
kəndlərimizdə olan məktəblərdə musiqi
kabinetlərinin olmaması, musiqi alətlərinin
azlığı və ya olmaması, bəzən ucqar kəndlərə
ixtisaslı mütəxəssislərin getmək istəməməsi
səbəbindən "Musiqi" fənni qeyri-ixtisas müəllimi
tərəfindən tədris olunur, bu sahədə bir sıra
digər qüsur və çatışmazlıqlar yaradır.
"Musiqi" dərsləri, "Musiqi" dərslikləri hər bir
şagirdin gələcəkdə vətənin layiqli, mədəni
vətəndaşı kimi yetişməsində böyük rola malikdir.
Mən "Musiqi" dərslərinin və dərsliklərinin
təkmilləşməsi istiqamətində fəaliyyətimi
artırmağımı vətəndaş borcu hesab edirəm.
Reyhan HACIZADƏ,
190 nömrəli məktəbin musiqi müəllimi |