Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Ümumi təhsil sahəsində islahatlar

Mülahizə və düşüncələrim

 

Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. 

Heydər ƏLİYEV 

Müstəqil Azərbaycanın ümumi təhsil sistemində 1999-cu ildən başlanan və bu günümüzə qədər uğurla davam etdirilən islahatlar pedaqoji prosesin təşkilinə, məktəblərin idarə olunmasına, müəllimlərin fəaliyyətinə yeni ruh, yeni ab-hava gətirmişdir. Xüsusilə, ümumi təhsilin məzmununun qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla müasir ideyalar zəminində müəyyənləşdirilməsi, məzmunun təlim nəticələrini əks etdirən dövlət standartları əsasında qurulması, eləcə də şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə təkmil sistemin yaradılması məktəblərimizdə təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin vəzifə funksiyalarına yaradıcı münasibət bəsləmələrinə, demokratik təlim-tərbiyə şəraitinin formalaşmasına ciddi təkan vermişdir. Cəsarətlə demək olar ki, hazırda ibtidai siniflərdə ardıcıl tətbiq edilən fənn kurikulumları və yeni dərslik komplektləri, habelə V-XI siniflər üçün artıq təsdiq olunmuş  fənn kurikulumları davamlı surətdə həyata keçirilən islahatların ən uğurlu nəticələridir.

Əlbəttə, əldə olunmuş bu uğurlar gərgin əmək və zəhmət sayəsində, ən əsası isə Azərbaycan dövlətinin müntəzəm diqqət və qayğısı, Təhsil Nazirliyinin təşkilatçılığı və məqsədyönlü fəaliyyəti nəticəsində qazanılmışdır. Heç şübhəsiz, məzmun islahatları yalnız müvafiq sənədlərin hazırlanması ilə məhdudlaşmır. Bu, işin bir tərəfidir. Digər vacib məsələlər, o cümlədən müəllimlərin yeni məzmunun tətbiqinə hazırlanması, müasir kurikulumlar əsasında dərsliklərin nəşri, mütərəqqi təhsil texnologiyalarının prosesə gətirilməsi, əlverişli təlim şəraitinin  yaradılması ilə bağlı məsələlər də var idi ki, Təhsil Nazirliyi bunların həlli istiqamətində vaxtında təsirli tədbirlər görə bilmişdir.

Mən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi yuxarı siniflərdə dərs desəm də, islahatyönümlü proseslər başlanandan bəri baş verən dəyişiklikləri diqqətlə izləyirəm. Yaxşı xatırlayıram ki, ilk vaxtlar islahatların mahiyyətindən irəli gələn yeniliklər, innovativ ideyalar heç də birmənalı qarşılanmırdı, ciddi mübahisələr, fikir ayrılıqları doğururdu. Bütün bunlar, əlbəttə, təbii xarakter daşıyırdı, çünki elə bir yenilik yoxdur ki, gündəmə gələn andan hamı tərəfindən qəbul edilsin. Vaxtilə hələ 90-cı illərin ortalarında təhsilin humanistləşdirilməsi ideyasından qaynaqlanan məsələlər müzakirə olunarkən "müəllim-şagird" münasibətlərinin "subyekt-subyekt" əməkdaşlığı əsasında qurulması fikrinə də etiraz edənlər çox idi. Belələri düşünürdü: necə ola bilər ki, sinifdə müəllimlə şagird bərabər hüquqlara malik olsun. Lakin zaman hər şeyi yerbəyer edir. Bu gün təhsildə "subyekt-subyekt" münasibətləri artıq hamı tərəfindən qəbul olunur, eləcə də innovasiyalara əsaslanan islahatlara da əvvəlki baxışlardan, demək olar ki, əsər-əlamət qalmamışdır.

Ötən müddət ərzində baş verən dəyişikliklər göz önündədir, neçə ildir ki, biz bunun canlı şahidləriyik. Müasir fənn kurikulumlarının ibtidai siniflərdə tətbiqinə başlanandan sonra nələr müşahidə olunmaqdadır? Fikrimcə, ilk növbədə, bu siniflərdə öyrətmə və öyrənmə prosesinə münasibət dəyişmişdir. Şagirdlərin fəallığı güclənmiş, müstəqilliklərinə geniş imkanlar açılmışdır. Onlar düşünməyə, axtarışlara, sərbəst mülahizə yürütməyə, əməkdaşlıq etməyə, eləcə də müstəqil şəkildə problem həll etməyə daha çox sövq olunurlar. Eyni zamanda müəllimlərin çevikliyi, hər bir dərsə yaradıcı münasibəti də xeyli artmış, məzmuna  görə optimal forma, üsul və metod axtarışları ön plana çəkilmişdir. 

Əslində, başqa cür də ola bilməzdi. Dərindən diqqət yetirdikdə istər şagirdlərdə, istərsə də müəllimlərdə müşahidə edilən yeni keyfiyyətlərin məhz təlim nəticələrinin, məzmun standartlarının mahiyyətindən irəli gəldiyi açıq-aydın müşahidə olunmaqdadır. Fənn proqramlarında (kurikulumlarda) məzmun elə müəyyənləşdirilib ki, sinifdə səmərəli təhsil əməkdaşlığı, fəallıq və çeviklik olmadan, şagirdlər üçün maraqlı dərs formalarından, üsullardan, interaktiv metod və vasitələrdən yerli-yerində istifadə etmədən qarşıya qoyulan məqsədləri reallaşdırmaq mümkün deyildir.

İbtidai təhsil üzrə fənn kurikulumlarının hazırda uğurla tətbiq edilməsi ümumi orta və tam orta təhsil səviyyələrində də bu prosesin məqsədyönlü şəkildə davam etdiriləcəyinə etibarlı zəmin yaradır. Bütün fənlərdən, eləcə də tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənlərindən təlim nəticələri sinifdən-sinfə varislik prinsipi əsasında inkişafyönümlülük gözlənilməklə müəyyən olunmuşdur, onların arasında məntiqi bağlılıq vardır.

Mən Azərbaycan dili (ana dili) və ədəbiyyat fənn kurikulumlarını ətraflı öyrənməyə çalışmışam və onları ənənəvi tədris proqramları ilə müqayisə etmişəm. Gəldiyim nəticə belədir ki, həqiqətən də, fənlərin təlim nəticələrinə əsaslanan standartlar üzərində qurulması məqsəd aydınlığına, konkretliyə səbəb olmuş, fənlərin qarşısında duran vəzifələrə münasibəti dəyişdirmişdir. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli 3 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində həm ümumi orta, həm də tam orta təhsil səviyyələri üzrə "Ədəbiyyat" fənnindən yekun təlim nəticələrində şagirdlərin şərhetmə, izahetmə, təhliletmə, müqayisə, ümumiləşdirmə və araşdırma  aparmaq, əməkdaşlıq etmək, rəy və mülahizə bildirmək, dəyərləndirmək bacarıqlarının, nitq mədəniyyətinin formalaşdırılması ön plana çəkilmişdir. Fənnin məqsədləri sırasında sözə, söz sənətinə həssas münasibət yaradılması, obrazlı təfəkkürün təşəkkülü də mühüm yer tutur. Buradan belə nəticə çıxarmaq olar ki, fənnin tədrisində başlıca məqsəd ədəbiyyat tarixini, yazıçıların həyat və yaradıcılığını, ayrı-ayrı ədəbi-bədii nümunələri öyrətmək deyil, bunlardan vasitə kimi istifadə edərək şagirdlərin dünyagörüşünün genişlənməsinə, mənəvi aləmlərinin zənginləşməsinə, ən əsası isə yuxarıda göstərilən həyati bacarıqların formalaşmasına nail olmaqdan ibarətdir. Bu yaxınlarda təsdiq edilmiş ədəbiyyat fənni kurikulumunda çox dəqiq ifadə olunmuşdur ki, "Ədəbiyyat həyatı ümumiləşdirilmiş şəkildə, obrazlar vasitəsilə əks etdirən söz sənəti kimi şagirdlərin müstəqil həyata hazırlanmasında, həyati əhəmiyyət kəsb edən bacarıqlara yiyələnməsində mühüm rol oynayır. Bədii ədəbiyyatın "insanşünaslıq", "həyat dərsliyi" adlandırılması bu fənnin hər bir şagird-oxucu üçün özünü, insanı dərk etmək vasitəsi kimi əhəmiyyətini ifadə edir".

Ədəbiyyat fənni kurikulumunda diqqətçəkən məqamlardan biri də şagirdlərdə mütaliə vərdişlərinin yaradılmasının ümdə vəzifələrdən biri hesab olunmasıdır. Sirr deyil ki, son dövrlərdə uşaqlarda bədii əsər oxumağa meyil əvvəlki vaxtlara nisbətən bir qədər azalmışdır. Müxtəlif əyləncələrin, şou  proqramların, İnternetdən istifadə imkanlarının artması da buna az təsir göstərmir. Lakin  bütün bunların hamısı birlikdə bir məzmunlu bədii əsərin uşağa təlqin etdiyi mənəvi dəyəri heç də əvəz edə bilməz. Bu mənada fənn kurikulumunun 3 məzmun xəttindən birincisinin "Ədəbiyyat və həyat həqiqətləri" adlandırılması təsadüfi xarakter daşımır. Ədəbiyyat həyatın güzgüsü olmaqla bərabər, həm də ibrət dərsləri, tərbiyə məktəbidir. Yüzlərlə fakt mövcuddur ki, insanlar bu və ya digər bir bədii əsərin təsir gücü ilə həyat yolunu dəyişmiş, naqis əməllərdən uzaqlaşmış, hətta qəhrəmanlıq səviyyəsinə yüksəlmişlər.

Digər məzmun xətlərinin ayrı-ayrılıqda "Şifahi nitq" və "Yazılı nitq" başlıqları ilə müəyyənləşdirilməsi də məqsədəuyğun hesab edilməlidir.

Məlumdur ki, insanın bütöv şəxsiyyət kimi formalaşmasını büruzə verən vacib keyfiyyətlərdən biri də onun aydın, ifadəli və təsirli, məntiqli şifahi nitqə, savadlı yazı bacarığına, bir sözlə, nitq mədəniyyətinə malik olmasıdır. Bu keyfiyyətlər peşəsindən, ixtisasından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hamıda formalaşmalıdır. Bünövrə isə, təbii ki, uşaq bağçasından başlamaqla, əsasən, məktəblərdə yaradılır və sinifdən-sinfə inkişaf etdirilir. Yeri gəlmişkən, bir müsbət cəhəti də vurğulamaq istərdim ki, şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılması digər fənn kurikulumlarında da nəzərə alınmışdır. Bu kurikulumların hamısı şagirdlərdə zəruri nitq bacarıqlarının, o cümlədən təqdimetmə, izahetmə, şərhetmə bacarıqlarının inkişafı üçün əlverişli zəmin yaradır.

İbtidai təhsil səviyyəsindən sonra yuxarı siniflərdə fənn kurikulumlarının tətbiqinə 2012-2013-cü dərs ilindən V sinifdən etibarən başlanacaqdır. Heç şübhəsiz, Təhsil Nazirliyi ümumi orta və tam orta təhsil səviyyələrində çalışan müəllimlərin kurikulumlarla iş üzrə bacarıqlarının artırılması və təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirəcək, öyrədici kurslar və treninqlər təşkil olunacaqdır. Hesab edirəm ki, öyrədici tədbirlər indidən başlanmalı və  intensiv şəkildə davam etdirilməlidir. 2012-2013-cü dərs ili ərəfəsində isə yekun treninqlər keçirilməlidir. Çünki qarşıdan gələn dərs ili ərzində öyrədici xarakterli təşkilati işlər görülməzsə, yalnız bir dəfə keçirilən 10 günlük kursla bu mühüm vəzifənin öhdəsindən gəlmək elə də asan olmaz.

Müasir kurikulumlar bilavasitə təhsilin  keyfiyyətinin yüksəldilməsinə, ölkə üçün rəqabətə davamlı, mənəvi cəhətdən yetkin vətəndaşların formalaşdırılmasına xidmət edir. Bu nəcib məqsədin uğurla reallaşdırılması, ölkəmizdə ümumi təhsilin səmərəli təşkili istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, ilk  növbədə, müasir tələblərə cavab verən təhsil infrastrukturun yaradılması dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu diqqət və qayğı müqabilində təhsilimizin  inkişafı üçün əzmlə çalışmaq, nailiyyətlərin getdikcə artırılması naminə hər cür fədakarlığa hazır olmaq bu gün bütün təhsil işçilərinin həm vəzifə, həm də vətəndaşlıq borcudur. 

Tərlan BAYRAMOVA,
Bakı şəhəri 193 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov