Bakı
Dövlət Universitetində 15 sentyabr - Bilik günü
münasibətilə tədbir keçirilib. BDU-nun rektoru,
akademik Abel Məhərrəmov tələbələri, onların
valideynlərini, müəllim və tədbir
iştirakçılarını Bilik günü münasibətilə təbrik
edib. Akademik Abel Məhərrəmov bildirib ki, Bakı
Dövlət Universiteti gənc nəslin
təlim-tərbiyəsində, elm və təhsilində,
mütəxəssislərin hazırlanmasında bütün təhsil
ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq
qalmaqdadır. Rektor Abel Məhərrəmov xüsusi
olaraq qeyd edib ki, dünyada mövcud olan yüz
minədək universitetdən yalnız 19 min 200-ü
YUNESKO tərəfindən qəbul edilmiş, onlardan 12
min universitet ali təhsil müəssisələrinin
reytinqini müəyyənləşdirən dünyanın ən nüfuzlu
beynəlxalq qurumlarının siyahısına düşmüşdür. Bu
günlərdə həmin 12 min universitet arasından
dünyanın ən nüfuzlu 700 universitetinin adı
açıqlanmış və həmin siyahıda Bakı Dövlət
Universiteti də yer tutmuşdur. "Əgər nəzərə
alsaq ki, təkcə respublikamızdan deyil, bütün
regiondan yalnız bir neçə universitet bu nüfuzlu
siyahıya düşə bilmişdir, onda sizin
məsuliyyətiniz bir qədər də artmış olur. Çünki
təkcə universitetimizin deyil, həm də
xalqımızın, ölkəmizin gələcəyi sizin
əlinizdədir. Bu gün respublikamızın iqtisadi və
siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq
nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək
sizin əlinizdədir. Çalışın, sizə yaradılan
şəraitdən səmərəli istifadə edərək öncə özünüzü,
sonra isə sizin intellektinizə arxalanacaq
alimlərimizin gücünü, sizə inanan
valideynlərinizin, ən əsası da universitetimizin
etimadını doğruldasınız", - deyə akademik Abel
Məhərrəmov bildirib.
Bu
il respublika ali məktəblərinə qəbul olan
tələbələrin hər 8 nəfərindən biri, yəni 12%-i
Bakı Dövlət Universitetinə daxil olmuşdur. Belə
gənclərin sayı 3556 nəfərdir. Bu tələbələrdən
318 nəfəri 600-dən yuxarı bal toplamışdır və 12
nəfəri Prezident təqaüdçüsüdür.
Rektor Abel Məhərrəmov bildirib ki, beynəlxalq
aləmdə özünə böyük hörmət və nüfuz qazanan
Prezidentimiz cənab İlham Əliyevin "Biz iqtisadi
potensialımızı intellekt kapitalına
çevirməliyik" devizi ilə təhsilin Avropa
standartlarına uyğunlaşdırılması, onun
maddi-texniki bazasının inkişafı ilə bağlı
qarşıya qoyduğu məqsədlər artıq reallığa
çevrilməkdə, gerçək həllini tapmaqdadır.
Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli
biliklərə malik vətəndaşların formalaşması üçün
kifayət qədər yüksək imkanlar yaradılır.
Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil
ocaqlarına göndərilməsi, təhsil islahatlarının
uğurla həyata keçirilməsi, "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya"nın Azərbaycan Prezidenti tərəfindən
imzalanması özünəməxsus təhsil və tədris
ənənələri olan ölkəmizin işıqlı gələcəyindən
xəbər verir.
Daha sonra Sosial elmlər və psixologiya
fakültəsinin dekanı, professor Hikmət Əlizadə,
Prezident təqaüdünə layiq görülən tələbə Elgün
Muradbəyli təbrik nitqi ilə çıxış ediblər. Sonda
akademik Abel Məhərrəmov yüksək bal toplayan
gənclərə tələbə biletlərini, universitetin
tarixini əks etdirən bukleti təqdim edib, onları
bir daha təbrik edərək birlikdə xatirə şəkli
çəkdirib. Universitetin və respublikamızın
üçrəngli bayraqları Dövlət himninin sədaları
altında yuxarı qaldırılıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |
|