Sentyabrın 15-də Bilik günü münasibətilə Qafqaz
Universitetində "2011-2012-ci tədris ilinin
açılış proqramı" keçirildi. Tədbirdə "Çağ"
Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər
Özərən, universitetin professor-müəllim heyəti,
valideynlər və tələbələr iştirak edirdilər.
Mərasim Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkün, habelə
ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə
şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
və Azərbaycan və Türkiyə respublikalarının
dövlət himnlərinin oxunması ilə açıq elan
edildi.
Universitetin tədris işləri üzrə prorektoru,
professor Cihan Bulut çıxış edərək yeni dərs
ilinin başlanması və Bilik günü münasibəti ilə
mərasim iştirakçılarını təbrik etdi. Rektor
bildirdi ki, 2011-2012-ci tədris ilində
Azərbaycan Respublikasının ali məktəblərinə
keçirilmiş qəbul imtahanlarında ən yüksək - 700
bal toplamış 4 abituriyentin 4-nün də təhsil
almaq üçün Qafqaz Universitetini seçməsi bu ali
təhsil ocağının rəhbərliyini və
professor-müəllim heyətini çox sevindirmişdir.
Cihan bəy bunu universitetlərinin Azərbaycan
ictimaiyyəti arasında böyük nüfuz qazanması,
burada təhsil üçün yaradılan şəraitin,
demokratik ab-havanın təhsilalanları tam təmin
etməsi ilə əlaqələndirdi. Prorektor mərasim
iştirakçılarına məlumat verərək bildirdi ki,
ötən il olduğu kimi, bu il də Prezident
təqaüdünə layiq görülən 102 I kurs tələbəsinin
25-i Qafqaz Universitetini seçib: Bütövlükdə
universitetə 600-dək tələbə qəbul olunub ki,
onların da 200 nəfəri dövlət sifarişi ilə
oxuyanlardır.
Vurğulandı ki, ölkə üzrə ali məktəblər arasında
ən yüksək reytinqə malik Qafqaz Universiteti "QS
World University Rankings-2011" reytinqinə görə
700 ən yaxşı universitet siyahısına daxil olub.
Universitet bu siyahıda 601-ci yerdədir.
Sonra "Çağ" Öyrətim İşlətmələri şirkətinin
prezidenti Ənvər Özərən təbrik nitqi söyləyib
yeni dərs ilinin Azərbaycanın müstəqilliyinin və
şirkətlərinin ölkəmizdəki fəaliyyətinin 20
illiyi ilə əlamətdar olduğunu bildirdi,
Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə
qayğısından söz açdı.
Bu il qəbul imtahanlarında 700 bal toplayaraq
Qafqaz Universitetinin kompüter mühəndisliyi
bölməsinə daxil olmuş Cahandar Camallıya,
informasiya texnologiyaları və sistemləri
mühəndisliyi bölməsinə daxil olmuş Əli Əliyevə
və Ləman Məmmədovaya, kimya mühəndisliyi
bölməsini seçmiş Xavər Feyzullayeva, habelə
Prezident təqaüdünə layiq görülmüş 25 tələbəyə
hədiyyələr təqdim olundu.
Bayram proqramı Qafqaz Universitetinin
özfəaliyyət dərnəyinin hazırladığı rəqs və
mahnılarla davam etdirildi.
Yusif ƏLİYEV |