Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyində Bilik
bayramının sevincləri yaşanıb. BDU-nun rektoru,
akademik Abel Məhərrəmov tədbir iştirakçılarını
bu münasibətlə təbrik edib. Liseyin artıq
beşinci ildir ki, fəaliyyət göstərdiyini deyən
rektor Abel Məhərrəmov onun qazandığı uğurlardan
söz açıb. İndiyədək liseyi bitirmiş məzunların
hamısının ən qabaqcıl ali məktəblərə daxil
olduqlarını, bununla da universitetimizin adına
böyük şərəf gətirdiklərini söyləyən rektor, bu
il 730 nəfərin arasından seçilmiş 60 şagirdin də
yaxşı oxuyacağını, universitetimizə şərəf
gətirəcəyinə ümid etdiyini bildirib.
Dövlət himni səsləndikdən sonra liseyin
direktoru, professor Qasım Hüseynov da
şagirdləri yeni dərs ilinin başlanması
münasibəti ilə təbrik edib, onlara uğurlar
diləyib. Müəllim və valideynlərin köməyi ilə
lisey şagirdlərinin hər zaman böyük uğurlar
qazanacağına ümid etdiyini bildirib. Tədbirdə
liseyin Valideynlər Şurasının sədri, şair Oqtay
Zəngilanlı da çıxış edib. O, özünün yazdığı
"Müəllim" şeirində müəllim sənətinin
müqəddəsliyi, ülviliyindən bəhs edib, şagirdlərə
yaxşı oxumağı, vətənə layiqli olmağı tövsiyə
edib.
BDU-nun Mətbuat və informasiya şöbəsi
|
|