Bir
ibtidai sinif müəllimi kimi 18 illik pedaqoji
təcrübəmə əsaslanaraq öncə onu qeyd edim ki, son
illər yeni fənn kurikulumlarına əsasən keçilən
dərslər daha yaddaqalan olması və effektivliyi
ilə fərqlənir. "Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
sənədində şagirdin bir şəxsiyyət kimi
formalaşması üçün lazım olan bütün təlim
şəraitinin yaradılması əsas məsələ kimi qoyulur.
Bir müəllim olaraq düşünürəm ki, onun tətbiqi
ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə
yüksəlməsini təmin edir. Milli Kurikulum
şagirdin inkişafı, onun düşünmək, analiz və
sintez etmək qabiliyyətləri ilə ölçülür.
Kurikulumların didaktik əsasını nəticəyönümlülük,
tələbyönümlülük və şəxsiyyətyönümlülük
prinsipləri təşkil edir. Kurikulum bütöv bir
təhsil prosesidir və bu prosesin səmərəli nəticə
verməsi isə ilk növbədə biz müəllimlərin işə
daha yaradıcı münasibət göstərməsindən, yüksək
bilik və bacarığa malik olmasından,
valideynlərin də həmin məsələ ilə ətraflı
tanışlığından, öz övladına yanaşma tərzində
müəyyən dəyişikliklər etməsindən və digər vacib
amillərdən asılıdır.
Müasir təhsilin qarşısında qoyulan tələblərdən
biri də məhz tədris prosesində şagirdin fəal
iştirakının təmin edilməsinin ön plana
çəkilməsidir. Mən də bütün dərslərimdə bu amili
əsas götürürəm. Dərslərimi fəal təlim
metodlarından, interaktiv təlim
texnologiyalarından istifadə etməklə qururam.
Hər hansı bir fənnin tədrisi zamanı keçilən
mövzunun daha maraqlı, yaddaqalan olması üçün
müxtəlif tapşırıqlara dair hazırladığım
slaydları dərs boyu proyektor vasitəsilə nümayiş
etdirir, şagirdlərlə işi ona istinadən qururam.
Dərsin gedişini fəal dərsin mərhələləri sayılan
motivasiya, tədqiqatın aparılması, informasiya
mübadiləsi, informasiyanın müzakirəsi və təşkili,
nəticələr və ümumiləşdirmə, yaradıcı tətbiqetmə
və qiymətləndirməyə bölürəm. Həmin mərhələlərin
hamısı bir-biri ilə sıx əlaqəlidir və bütövlükdə
dərsin modelini təşkil edir. Dərslərimi məhz bu
model əsasında qurur və hər bir mərhələyə
yaradıcı, xüsusi hazırlaşıram. Dərsin ilk
mərhələsində motivasiyanın yaradılması üzərində
iş aparır, şagirdləri problemin qoyuluşuna cəlb
edirəm. Tədqiqatın aparılması mərhələsində
şagirdləri 4 qrupa bölərək onlara tapşırıq
yazılmış
iş
vərəqləri paylayıram. Onu da qeyd edim ki,
tapşırıqlardakı çalışmaları tərtib edərkən
tədqiqat xarakterli olmasına, özündə yeni
informasiya və yeni sualların əksini tapmasına
çalışıram. İnformasiya mübadiləsi mərhələsində
qrup üzvləri işlərini mənə təqdim edir və onları
yazı lövhəsindən asıram. Qrup üzvləri təqdim
etdikləri işlərlə bağlı təqdimatlar edirlər.
Sonrakı mərhələdə informasiyanın müzakirəsi və
təşkili həyata keçirilir. Mövzu ilə bağlı
cavabları sistemləşdirir və şagirdlərə suallar
verirəm. Nəticələr və ümumiləşdirmə mərhələsində
mən əldə olunan nəticəni bütün sinfin köməyi ilə
birgə ümumiləşdirirəm.
Növbəti yaradıcı tətbiqetmə mərhələsində
şagirdlərə yeni öyrəndikləri bilikləri, əldə
etdikləri informasiyanı yaradıcı şəkildə tətbiq
etmək məqsədilə çalışmalar verirəm. Bu zaman
əldə olunan biliklər şagirdlərin hafizəsində
həmişəlik həkk olunur.
Dərsdə qiymətləndirməni hər qrup üçün meyar
cədvəli hazırlamaqla həyata keçirirəm. Onu da
əlavə edim ki, dərsin bütün mərhələlərində
qiymətləndirmə aparıram. Qiymətləndirmənin
şagirdlər üçün özünüqiymətləndirmə və
özünənəzarət vasitəsi rolunu oynadığını bilərək
bu məsələni hər zaman diqqətdə saxlayıram.
Fəal təlim metodları ilə keçilən dərslər ənənəvi
dərslərdən bir sıra üstünlükləri ilə fərqlənir.
Belə ki, fəal təlim nəticəsində biliklər
şagirdlər tərəfindən daha tez mənimsənilir. Fəal
təlim metodları əsasında təşkil olunan dərslərdə
mövzu ilə bağlı şagirdlər arasında qoyulan
tədqiqat sualları onları düşünməyə, müəyyən
fikir yürütməyə, nəticə çıxarmağa yönəldir.
Dərslərdə istifadə olunan qrup işi şagirdlərdə
əməkdaşlıq, liderlik, məntiqi, tənqidi, yaradıcı
təfəkkür, dözümlülük, digər qabiliyyət, bacarıq
və vərdişləri formalaşdırır. Onlar bir sıra
problemlərin həllində, qərar qəbul olunmasında
öz fikirlərini müstəqil deyə bilir, həmçinin
bir-biriləri ilə ünsiyyət qurmaqda çətinlik
çəkmirlər. Beləliklə, artıq uşaqlar birinci
sinifdən həyati bacarıqlara yiyələnir ki, bu da
onların gələcək fəaliyyətlərində lazım olan ən
zəruri şərtlərdən biridir.
Elnarə XƏLİLOVA,
Bakıdakı 6 nömrəli məktəbin ibtidai sinif
müəllim |
|