Sentyabrın
19-da AMEA-nın akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin
kollektivləri II Fəxri xiyabana gələrək görkəmli
şərqşünas alim Aida İmanquliyevanın xatirəsini
ehtiramla yad etmiş, məzarı üzərinə əklil və tər
gül-çiçək düzmüşlər.
İnstitutdan
AzərTAc-a bildirmişlər ki, Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı,
filologiya elmləri doktoru, professor Gövhər
Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova
anım mərasimində 19 il öncə dünyasını dəyişmiş
böyük alimin keçdiyi 53 illik həyat yolundan,
zəngin və dəyərli elmi fəaliyyətindən
danışmışlar.
G.Baxşəliyeva
Aida xanımın həm alim kimi dünya şərqşünaslıq
elminə böyük töhfələr verdiyini, həm də bir
qadın, ana, həyat yoldaşı kimi Azərbaycan
qadınına örnək ömür yaşadığını qeyd etmişdir.
Aida xanımın elmi fəaliyyətinin bəzi
məqamlarından söz açan Gövhər Baxşəliyeva onun
müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir
səhifə açdığını, bir məktəbin əsasını qoyduğunu
diqqətə çatdırmışdır.
Böyük alimin
qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların
hazırlanmasında göstərdiyi xidmətləri vurğulayan
natiq onun Şərqşünaslıq İnstitutuna rəhbərlik
etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi
özünü göstərdiyini xatırlatmışdır. G.Baxşəliyeva
Aida İmanquliyevanın itkisinin tək
şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan
elminin böyük itkisi olduğunu demişdir.
AzərTAc |