Azərbaycan
Respublikası müstəqil dövlət kimi inkişaf
etdikcə bütün sahələrdə qabaqcıl ölkələrin
müsbət təcrübəsini öyrənir, yeni mütərəqqi
cəhətləri tətbiq edir. Milli və bəşəri dəyərlər
əsasında təhsilimiz yenidən qurulur. Ümummilli
lider Heydər Əliyev tərəfindən əsası qoyulan
təhsil islahatı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qayğısı nəticəsində
uğurla davam etdirilir. Hazırda təhsil sahəsində
16 dövlət proqramı tətbiq olunur. İslahatda əsas
məqsəd Azərbaycan təhsilinin dünyaya
inteqrasiyasını sürətləndirməkdir. Digər
sahələrlə yanaşı, peşə təhsili sahəsində də bir
neçə islahat proqramı həyata keçirilir.
19-21 sentyabr 2011-ci il tarixlərində
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
YUNESKO arasında "Azərbaycanda peşə təhsilinin
inkişafı" üzrə birgə layihə əsasında peşə
təhsili müəssisələrinin müəllimləri üçün 18
nömrəli Bakı Peşə Liseyində seminar keçirilib.
Seminarda işçi qrupları tərəfindən hazırlanmış
"Fərdi kompüter operatoru" peşəsi üzrə 3
hissədən ibarət "Müəllim üçün vəsait", şagird
üçün dərslik və nəzəriyyə kitablarının təlimdə
tətbiqi ilə bağlı təqdimat olub.
Seminarda Bakı və respublikanın rayonlarındakı
peşə təhsili müəssisələrində "Fərdi kompüter
operatoru" peşəsi üzrə təlim aparan 20 nəfər
müəllim iştirak edib.
Seminarı Təhsil Nazirliyinin Texniki peşə
təhsili şöbəsinin müdiri Namiq Məmmədov açıb.
Sonra Təhsil Problemləri İnstitutunun aparıcı
məsləhətçisi Elxan Cəfərov proqram əsasında
təlimlər təşkil edib.
Seminar keçirilən müddətdə onun iştirakçıları
"Azərbaycan Respublikasının peşə təhsili
sistemində həyata keçirilən kurikulum
islahatı"nı zəruri edən səbəblərin
iqtisadiyyatda baş verən qloballaşma; sürətli
dəyişkənlik; əmək bazarında rəqabətin
güclənməsi; yeni tələblərə cavab verən işçi
heyətin çevik hazırlanma sisteminin yaradılması;
çevik təlim proqramlarının hazırlanmasına
ehtiyac olduğunu qeyd ediblər.
Seminarın proqramının əsas məzmunu "Fərdi
kompüter operatoru" peşəsinin kurikulumunun
strukturu və məzmunu, yeni təlim strategiyaları,
təlimin təşkilinə verilən tələblər, təlimdə
forma və üsulların seçilməsi və əhəmiyyəti,
təlimin planlaşdırılması zamanı illik və
gündəlik planlaşdırma, təhsil sistemində yeni
qiymətləndirmə mexanizmləri, onun növləri
(diaqnostik qiymətləndirmə, formativ
qiymətləndirmə, summativ qiymətləndirmə),
onların aparılması qaydalarını və dərsliklərdən
istifadə məsələlərini əhatə edib.
Təlimdə müasir kurikulumun təhsilalanın
maraqlarına uyğun və nəticəyönümlülük
xüsusiyyətlərinin real təlim-tərbiyə prosesində
nələrdə əks olunması müzakirə olunmuş, müəllimin
qarşısına qoyulan tələblər müəyyən edilib.
Təlim modullarının (təlim standartlarının) əsas
tərkib hissələrinin peşə kurikulumunun
strukturunda necə əks olunması araşdırılıb,
müasir kurikulumun və ənənəvi tədris
proqramlarının oxşarlığı və fərqləri qruplar
şəklində müzakirə olunub.
Seminarda iştirakçılar təlim modulları
anlayışının əsas mahiyyətini və onun
əhəmiyyətini, onların tətbiqi zamanı hansı
nəticələri əldə etmək imkanlarının yarandığını
qruplarda praktik iş apararaq araşdırıb və
konkretləşdiriblər. İştirakçılar "Funksional
xəritə"nin quruluşunun tərkib hissələrini təhlil
ediblər. Nəticədə ixtisas fənn müəllimləri
modulların reallaşdırılması alqoritminin hər bir
hissəsinin mahiyyətini müəyyən ediblər.
Modulların reallaşdırılması alqoritmində müəyyən
olunan təlim standartı məzmun və fəaliyyət
komponentlərinə ayrılaraq onların praktik
əhəmiyyəti qeyd olunub.
Sonra fəal təlimin xüsusiyyətlərinin təhlili
aparılıb, ənənəvi dərslə müasir təlimin ümumi və
fərqli cəhətləri araşdırılaraq fəal təlimin
üstünlükləri müəyyən edilib.
Seminarda peşənin məzmununun təhsilalanlara
çatdırılması məqsədi ilə müəllimlərin öz
işlərinin planlaşdırılmasına yaradıcı
yanaşmaları tövsiyə olunub.
Peşə üzrə nəzərdə tutulmuş vaxt baxımından illik
və gündəlik planlaşdırmanın konkret misallarda
dərsin məqsədlərini, standartların və məzmunun,
təlim metodlarının, resursların, öyrədici
mühitin və qiymətləndirmənin şagirdlərin idrak
proseslərinin və şəxsi xüsusiyyətlərinin
inkişafına necə təsir göstərəcəyinin nəzərə
alınması yolları araşdırılıb.
Yeni dərsliklərə verilən tələblərin nəzərdən
keçirilməsi və köhnə dərsliklərlə müqayisəsi
üçün yeni dərslik komplektlərinin tərkib
hissələri və strukturu ilə tanışlıq, müxtəlif
peşələr üzrə dərsliklərin və metodiki
vəsaitlərin nəzərdən keçirilməsi, onlara
inteqrasiya olunması tövsiyə olunub. Müəllimin
yaradıcılığının təmin olunması üçün bir çox
tövsiyələr verilib.
Y.ƏLİYEV |