Lənkəran Dövlət Universitetinin "Heydər Əliyev
İdarəçilik" məktəbində Beynəlxalq Sülh günü
münasibətilə "dəyirmi masa" keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran
Regional Elm Mərkəzi ilə birgə keçirilən, rayon
ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri
universitetin rektoru, fizika- riyaziyyat
elmləri doktoru, professor Asəf İsgəndərov
açaraq sülh gününün əhəmiyyətindən, dünyada, o
cümlədən regionda sülhün bərqərar olunmasının
vacibliyindən danışıb. Rektor bu işdə hər bir
fərdin məsuliyyət daşıdığını önə çəkib.
Ziyalıların, gənclərin bu mühüm prosesə
dəstəyini qeyd edən natiq respublikada 1 milyon
insana qaçqınlıq həyatını yaşadan Dağlıq
Qarabağ probleminin beynəlxalq ictimaiyyətə
olduğu kimi çatdırılmasında elektron kütləvi
informasiya vasitələrinin, sosial şəbəkələrin
gücündən maksimum yararlanmağı tövsiyə edib.
Universitetin tarix və fəlsəfə kafedrasının
müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru,
dosent Əliağa Baxşıyev "Sülh siyasəti Azərbaycan
dövlətinin xarici siyasətinin əsasıdır"
mövzusundakı məruzəsində BMT-nin qərarına
əsasən 1981-ci ildən qeyd olunan 21 sentyabr
tarixinin əhəmiyyətindən, sülh prosesinə maneə
olan səbəblərdən söz açıb. Məruzəçi Dağlıq
Qarabağ probleminin hələ də beynəlxalq səviyyədə
həllini tapmamasını regiondakı sülhə ciddi
təhlükə adlandırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin
İctimai-siyasi məsələlər üzrə şöbə müdiri
Əlimərdan Əliyev sülhün, əmin- amanlığın
qorunmasını bugünkü gəncliyin əsas vəzifəsi
hesab edib.
"Dəyirmi masa" ətrafındakı müzakirədə
universitetin dosenti, filologiya elmləri üzrə
fəlsəfə doktoru Yədulla Ağazadə, universitetin
müəllimləri Qabil Əmənullayev, Hüseynağa
Hüseynov, tələbələrdən Sevər İsmayılzadə, Şəbnəm
Quluzadə maraqlı təkliflərlə çıxış ediblər.
Ülkər İSMAYILOVA,
LDU-nun Mətbuat və informasiya mərkəzinin üzvü |