Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

21 Oktyabr 2011 - �41

 

Ədəbiyyat fənni kurikulumu yeni pedaqoji innovasiyadır

 

Məlum olduğu kimi, ölkəmizdə ilk dəfə olaraq yeni xarakterə malik təhsil proqramları (kurikulumları) hazırlanmışdır. Bir neçə ildir ki, ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi sahəsində xeyli təcrübə əldə olunmuşdur. Artıq ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn kurikulumları üzərində aparılan işlər yekunlaşdırılmış və bu ilin iyun ayında təsdiq olunmuşdur.  Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, V-XI siniflər üçün fənn kurikulumlarının əsas komponenti olan məzmun standartları iki ilə yaxındır ki, müxtəlif jurnal və qəzetlər, İnternet vasitəsilə pedaqoji ictimaiyyətin müzakirəsinə verilmişdir.

Bir müəllim kimi qeyd etmək istəyirəm ki, bu materialları maraqsız qarşılamaq mümkün deyildir. Orada müəllim və şagird fəaliyyətindən gözlənilən nəticələr konkret şəkildə göstərilir. Bu nəticələr müəllim üçün aydın bir istiqaməti diqtə edir. Ona görəcəyi işlərdə düzgün texnologiyanın seçilməsinə imkan yaradır.

Mən bir müəllim kimi ədəbiyyat fənni üzrə məzmun standartlarını diqqətlə nəzərdən keçirmişəm. Bu konseptual sənəd, həqiqətən, hər bir şagirdin ümumi inkişafı, maraq və meyillərini çox yüksək həssaslıqla nəzərə alaraq şagirdin ədəbi təhsili, tərbiyəsi və inkişafı üçün optimal şəraitin yaradılmasını nəzərdə tutur.

Ədəbiyyatdan məzmun standartları hazırlanarkən "təhsil alanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrin müəyyən edilməsinə" ("Təhsil haqqında", Azərbaycan Respublikasının Qanunu, Bakı, 2010) yönəldilmişdir.

Onlar hazırlanarkən şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmış, yaradıcı inkişafları üçün şərait yaradılması diqqət mərkəzində saxlanılmışdır.

Ədəbiyyat kurikulumunda müəyyən olunmuş məqsəd onun əsas mahiyyətini, cövhərini təşkil edir. Burada aydın və konkret şəkildə göstərilir ki, "Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək, qiymətləndirmək bacarığını formalaşdırmaqla şagirdlərin dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək, nitq mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır" (Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər), layihə. "Azərbaycan müəllimi" qəzeti, 24 dekabr 2010 cu il).

Göründüyü kimi, ədəbiyyat təliminin başlıca məqsədində üç mühüm zəruri məsələ qeyd edilmişdir:

* şagirdlərin dünyagörüşünü zənginləşdirmək;

* mənəvi-estetik inkişafını təmin etmək;

* nitq mədəniyyətinə nail olmaq.

Sadalanan bu məsələlərin hər biri digər fənlərin də qarşısında duran məqsədlərdən hesab edilir. Lakin konkret olaraq ədəbiyyat fənni bu məsələlərin reallaşdırılması istiqamətində vəzifələrini yerinə yetirərkən bədii ədəbiyyat materiallarından, eləcə də ədəbiyyatşünaslıq məsələlərinə dair mülahizələrdən istifadə edir.

Yeni kurikulumun tələblərinə görə, həmin materiallar şagirdlərin oxusuna və mühakiməsinə təqdim olunur. Onlar özləri təlim materialları üzərində uyğun əməliyyatlar aparmaqla onun mahiyyət və məzmunu üzrə nəticəyə gəlirlər.

Belə bir yanaşma tərzi şagirdin fəallığına və müstəqilliyinə imkan yaradır, onları trafaret fikir söyləməkdən, mühakimə yürütməkdən uzaqlaşdırır.

Ədəbiyyatdan yeni məzmun dedikdə, sadəcə təlim materialları yox, əvvəlcədən müəyyən olunmuş nəticələr başa düşülür. Bu nəticələr yeni ədəbiyyat kurikulumunda məzmun xətti adı ilə 3 qrupa ayrılır: ədəbiyyat və həyat həqiqətləri, şifahi nitq, yazılı nitq.

Ədəbiyyat və həyat həqiqətləri bədii ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı fəaliyyətlərin nəticəsini əhatə edir.

Şifahi nitq və yazılı nitq məzmun xətlərində isə nitq fəaliyyəti üzrə işlərdən gözlənilən nəticələr ümumiləşdirilir.

Mənim müşahidələrim və gəldiyim nəticə onu göstərir ki, ədəbiyyatdan məzmun standartları ilə Azərbaycan dilindən məzmun standartları arasında uyğunluq vardır. Bu cəhət ədəbiyyatdan şifahi nitq və yazılı nitq məzmun xətləri ilə Azərbaycan dilindən oxu və yazı məzmun xətləri arasında daha çox müşahidə edilir. Fikrimcə, bu uyğunluqda bir zərurət vardır. Həmin zərurət hər iki fənnin nitq inkişafı ilə bağlı müştərək vəzifələr icra etməsindən irəli gəlir. Əslində bu, təbii inteqrativlik kimi meydana çıxır. Görünür, dünyanın bir çox ölkələrində ümumi təhsilin icbari pilləsində dil və ədəbiyyat fənlərinin vahid bir inteqrativ fənn kimi tədris olunması da həmin cəhətlə bağlıdır.

Bundan əlavə, həm ədəbiyyat,  həm də Azərbaycan dili fənlərinin tədrisində  obyekt dil materiallarıdır. Tədris və təlim fəaliyyəti bu materiallar üzərində qurulur. Şagirdlərin nitq və təfəkkürünün zənginləşdirilməsi üçün bilavasitə ədəbi dilin müxtəlif üslublarında olan mətnlərdən istifadə olunur. Ədəbiyyat və Azərbaycan dili fənləri üzrə məzmun standartları arasında uyğunluqların olması müəllimin səmərəli tədris fəaliyyətinə təkan verir, təlim prosesində inteqrativliyin nəzərə alınması baxımından imkanları genişləndirir. 

Ədəbiyyatdan məzmun standartları konkretdir. Siniflər üzrə şagirdlərin inkişaf səviyyələri barədə aydın təsəvvür yaratmaq imkanına malikdir. Xüsusən biz müəllimlərin qiymətləndirmə fəaliyyətini didaktik cəhətdən düzgün qurmağımız üçün əhəmiyyətlidir. Bütün bunlarla yanaşı, məzmun standartları ilə bağlı bəzi mülahizələrimi bildirməyi məqsədəmüvafiq hesab edirəm.

"Ədəbi əsərləri mövzu və ideya cəhətdən müasir ictimai həyatla əlaqələndirir və nəticə çıxarmağı bacarır" məzmunda standartın əlavə olunmasını təklif edirəm.

Birinci, təbii ki, tədris olunan hər bir əsər şagird təfəkkürünün süzgəcindən kecməli, dərk edilməli və nəticə çıxardılmalıdır. Bu da məhz həmin əsərin müasir ictimai həyatla, həyata baxışla bilavasitə əlaqəsi zəminində mümkündür.

İkinci, təlimin əsas məqsədi müstəqil düşüncə tərzinə malik şəxsiyyət yetişdirməkdir. Yaradıcı düşünən, müstəqil mühakimə yürüdə bilən, demokratik dünyagörüşə malik şəxsiyyət formalaşdırmaq üçün geniş imkanlara malik yeni təlim metod və üsullarından istifadə müsbət nəticə vermiş olur. Yeni təlim texnologiyalarından peşəkarcasına istifadə sayəsində müstəqil düşünən, sərbəst fikir söyləməyi, hər bir şəraitə uyğunlaşmağı bacaran, dövlətçilik və vətəndaşlıq mövqeyi qazanan, yaşamağı bacaran şəxsiyyət formalaşdırmaq mümkündür. Bunlar nəzərə alınmaqla V sinifdə "Mövzuya uyğun topladığı materialları sistemləşdirir, plan tərtib edir",  VI sinifdə  "Müzakirələrdə ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir, öz fikirlərini əsaslandırmağı bacarır" məzmunda standartların əlavə edilməsi məqsədəuyğun hesab edilir.

Üçüncü, təcrübə göstərir ki, əsərlərin dramatik oxusu zamanı şagirdlərdə təkcə sözdən deyil, həm də jest və mimikalardan istifadə bacarıqları formalaşdırmaq mümkündür. Rollar üzrə oxu şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqasının gözü ilə baxmaq imkanı verir. Bu isə, fikrimcə, bütün siniflərdə, o cümlədən VII sinifdə "Jest və mimikalardan uyğun şəkildə istifadə etmək bacarığını nümayiş etdirir" məzmunda standartın nəzərə alınması zərurətini doğurur.

Dördüncü, VIII sinifdə "Bədii nümunələrin yarandığı tarixi-ictimai zaman baxımından təhlil və şərhini verir, mövzunun müasir dövrdə aktuallığını ifadə edir",  X sinifdə bədii nümunələrin (dastan, poema, komediya, dram, povest, faciə) mövzusunu, ideyasını, problemini şərh edir və müasirlik ilə əlaqələndirir" standartlarının da nəzərə alınması əhəmiyyətli hesab edilir.

Nəhayət, sərbəst müşahidələrə əsaslanan yazılarla bağlı standartların da nəzərə alınması faydalı bilinir.

Ədəbiyyat fənn kurikulumunu təhsilimizin inkişafının müasir mərhələsində yeni pedaqoji innovasiyalardan biri kimi dəyərləndirmək olar. Onu öyrənmək,  inkişaf etdirmək və müvəffəqiyyətlə tətbiq etmək bu günümüzün ən təxirəsalınmaz vəzifələrindən biridir. 

Sədaqət MƏMMƏDOVA,
Bakıdakı 67 nömrəli tam  orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov