Dekabrın
7-də Təhsil Nazirliyində ümumtəhsil və ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdləri arasında
təşkil edilmiş VI Respublika Spartakiadasında
xidmətləri olan təhsil işçilərinin
mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, spartakiada Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr olunub.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini
Qulu Novruzov iştirakçıları salamlayaraq
ölkəmizdə idmanın inkişafı üçün yaradılan
şəraitdən, spartakiadanın keçirilməsi və
nəticələrindən danışıb. Q.Novruzov qeyd edib ki,
idmana maraq uşaq və gənclərin həyatında müsbət
dönüş yaradır, onlar fiziki və mənəvi cəhətdən
sağlam böyüyür, cəmiyyətdə öz yerini tutmağı
bacarır, əxlaq qaydalarına əməl edirlər.
Ölkəmizdə uşaq və gənclərlə işin bu gün möhkəm
zəmin əsasında qurulduğunu vurğulayan nazir
müavini belə tədbirlərin keçirilməsinin gənc
nəslin fiziki və mənəvi inkişafında əhəmiyyətini
diqqətə çatdırıb.
Q.Novruzov cari ilin sentyabrında spartakiada
qaliblərinin artıq mükafatlandırıldığını
bildirib və bugünkü tədbirin spartakiadanın
keçirilməsində xidmətləri olan rəhbər təhsil
işçilərinin, metodist və müəllimlərin
mükafatlandırılmasına həsr olunduğunu qeyd edib.
Sonra nazir müavini spartakiadada yüksək nəticə
göstərən komandaların təmsil etdiyi şəhər, rayon
təhsil idarə və şöbələrinin rəhbər işçilərinə,
eləcə də ilk peşə-ixtisas təhsili
müəssisələrinin direktorlarına hər üç kateqoriya
üzrə kubok və diplomlar təqdim edib.
Qeyd edək ki, mükafat 3 kateqoriya üzrə verilib.
Şəhərlər üzrə 1-ci kateqoriyada I yerə Bakı
Şəhəri üzrə Təhsil İdarəsi, II yerə Sumqayıt
Şəhər Təhsil Şöbəsi, III yerə isə Mingəçevir
şəhər və Lənkəran rayon təhsil şöbələri layiq
görülüblər.
Rayonlar üzrə 2-ci kateqoriyada I yerin qalibi
Cəlilabad Rayon Təhsil Şöbəsi, II yerin qalibi
Sabirabad Rayon Təhsil Şöbəsi, III yerin
qalibləri isə Qazax və Qusar rayon təhsil
şöbələri olub.
Peşə təhsili müəssisələri arasında keçirilən 3-cü
kateqoriya üzrə I yerə 7 saylı Bakı Peşə Liseyi,
II yerə 12 saylı Bakı Peşə Liseyi, III yerə isə
9 saylı Bakı Peşə Liseyi layiq görülüb.
Sonda spartakiadada fərqlənən rayon təhsil
şöbələrinin müdirlərinə, məktəb direktorlarına,
metodist və müəllimlərə fəxri fərmanlar verilib.
|