Azərbaycan
Respublikasının dövlət müstəqilliyi qazanmasında,
onun elminin, mədəniyyətinin yüksəlməsində,
dilimizin hərtərəfli inkişafında və
zənginləşməsində qüdrətli dövlət başçısı,
uzaqgörən siyasətçi, müdrik insan Heydər
Əliyevin misilsiz xidmətləri vardır. Ulu öndərin
olduqca zəngin, dəyərli, bugünkü və gələcək
nəsillər üçün həddindən artıq əhəmiyyətli olan
irsini öyrənmək və öyrətmək üçün müntəzəm iş
aparılmalıdır.
Bu baxımdan təhsil müəssisələrində müxtəlif
fənlərin tədrisi zamanı Heydər Əliyev irsinin
öyrədilməsi ilə şagird və tələbələrdə Vətənə,
millətə, dövlətçiliyimizə, dilimizə və
mənəviyyat xəzinəmizə böyük məhəbbət və coşqun
sevgi hissləri aşılamaq mümkündür.
Azərbaycan dilinin ali və orta məktəblərdə
tədrisi məsələsi heç bir zaman indiki qədər
diqqət mərkəzində olmamış və yüksək
dəyərləndirilməmişdir. Ümummilli liderimiz
Heydər Əliyevin misilsiz xidmətlərindən biri də
ana dilimizin dövlət dili kimi hakimliyini təmin
etməsi, onun tədrisinin təkmilləşdirilməsi üçün
əvəzsiz xidmət göstərməsi və dünyada
tanıtmasıdır.
Bütün bunlar ölkə Prezidentinin imzaladığı
müvafiq qanun, fərman və sərəncamlarda öz əksini
tapmışdır.
Dünya azərbaycanlılarının I qurultayının Bakıda
çağırılması, Heydər Əliyevin müxtəlif beynəlxalq
tədbirlərdə ana dilimizdəki çıxışları,
Azərbaycan dilinin dünya arenasına çıxarılması,
onun nüfuz dairəsinin genişlənməsi və tərəqqisi
üçün ulu rəhbərin böyük xidmətləri danılmazdır.
Dilimizin inkişafı sahəsində dövlət rəhbərinin
gördüyü işlərin və onun dəyərli çıxışlarının
tədris prosesində hər hansı bir mövzu ilə
əlaqəli öyrədilməsi imkanları olduqca genişdir.
Tədris proqramlarında "Dil və Azərbaycan dili
haqqında", "Azərbaycan dilinin ana dili kimi
istifadə olunduğu ölkələr", "Azərbaycan xalqının
böyük şəxsiyyətləri ana dili haqqında", "Azərbaycan
dili tədrisi elminin keçdiyi inkişaf yolu", "Azərbaycan
dilinin türk dilləri arasında yeri" və s.
onlarla mövzunun tədrisində nəinki imkan, hətta
zərurət yaranır ki, Heydər Əliyevin Azərbaycan
dilinin təkmilləşdirilməsi, tərəqqisi
istiqamətində göstərdiyi xidmətlər təhsil
alanlara çatdırılsın.
Bu metodik göstərişlər proqramlarda verilməsə də,
azərbaycanlı olan, Vətənini, millətini, dilini,
ağsaqqalını, rəhbərini sevən hər bir müəllim bu
işi heç bir göstəriş gözləmədən şagird və
tələbələrə çatdırmağı özünün vətənpərvərlik və
şərəfli vəzifə borcu hesab etməlidir.
Müstəqil Azərbaycanımızın rəsmi dövlət dili olan,
əsrlərin çətin sınağından keçərək inkişaf edən,
müasir dünyamızın ən qüdrətli, zəngin, coğrafi
baxımdan daha çox ərazilərdə yayılan Azərbaycan
dilinin qayğısını çəkmək, onu qoruyub yaşatmaq
hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Biz
bu borcu təkcə dil haqqında dövlət qanunlarını
öyrənmək, dilin qrammatik qayda-qanunlarını
öyrəncilərə çatdırmaqla kifayətlənə bilmərik.
Bizim əsas vəzifələrimizdən biri də onu
sevdirməyi bacarmaqdır. Heç şübhə yoxdur ki, öz
dilini sevməyi bacarmayan vətəndaş onun
sevdirilməsi haqqında düşünə də bilməz. Dili
sevdirməyin isə ən gözəl üsulu və yolu o dildə
aydın, anlaşıqlı, ifadəli, rabitəli nitqinlə
başqalarına nümunə olmağı bacarmaqdır. Axı dili
sevmək elə xalqı, Vətəni sevməkdir. Zərdabinin
qeyd etdiyi kimi, "İnsanın şərəfinin bir dəlili
də nitqdir. Lazımdır ki, hər kəs elə danışsın,
elə yazsın ki, onu mümkün mərtəbədə avam da başa
düşsün".
Belə ki, aydın, anlaşıqlı, kamil nitqi ilə
nümunə olmağı bacarmaq təlimdə dili sevdirməyin
əsasını təşkil edir. Bu baxımdan ana dili
dərslərində ümummilli liderimiz Heydər Əliyevin
nitqindəki aydınlığı, konkretliyi, rabitəliliyi,
sərbəstliyi, şirinliyi, bir sözlə natiqliyi
bariz nümunə kimi tədrisə cəlb etmək olar.
Bu keyfiyyəti öyrəncilərə həm xatırlatma, həm də
əyani və texniki vasitələrin köməyi ilə aşılamaq
imkanları genişdir.
Dil dərslərində əsas tələblərdən biri də
Azərbaycan dilinin lüğət tərkibinin saflığını,
təmizliyini və milliliyini qorumaqdır. Tədrisdə
bu mövzuda söhbətlər gedərkən dilimizin sadiq
keşikçisi olan Heydər Əliyevin Azərbaycan
dilinin saflığı, zənginliyi, gözəlliyi
haqqındakı fikirləri, hikmətli deyimləri
xatırladılır, onlar müxtəlif növ təhlillərə cəlb
edilirlər.
Azərbaycan dili dərslərində nəinki ümumi
bəhslərin, hətta istənilən hər hansı bir konkret
mövzunun tədrisində ulu öndər Heydər Əliyev
irsindən istifadə etmək imkanları mövcuddur. Bu
imkanlardan bəzi məqamlara diqqət yetirək.
Ana dili dərsliklərində linqvistik təhlillər
aparılması üçün geniş imkanlar vardır. Belə
təhlillərə Heydər Əliyevin məruzə və
çıxışlarından seçilmiş nümunələri cəlb etmək
təlim üçün böyük əhəmiyyət kəsb edir.
Öyrəncilərdə yüksək insani keyfiyyətlər,
humanist hisslər aşılamaq üçün "Bizim
müstəqilliyimizi heç kəs sarsıda bilməz", "Heç
bir vətəndaş ictimai-siyasi həyata biganə
qalmamalıdır", "Azərbaycan xalqı dərin
mənəviyyata malik qəhrəman xalqdır" tipli
cümlələr üzərində iş aparılır. Həmin cümlələr
leksik, fonetik, morfoloji və ya sintaktik
təhlil edilir.
Dövlət rəhbərinin nitqindən seçilmiş "Azərbaycan
gəncləri Azərbaycanın gələcəyidir" (müxtəsər
cümlə); "Biz Bakı şəhəri - ölkəmizin paytaxtı
ilə haqlı olaraq fəxr edirik" (əlavəsi olan
cümlə); "Ordu ölkəmizin, millətimizin,
dövlətimizin müstəqilliyinin dayağıdır" (həmcins
xəbərlər); "Qəhrəman Azərbaycan əsgəri, müqəddəs
Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan
Respublikasının müdafiəsi yolunda irəli" (xitablı
cümlə) və s. kimi nümunələr müxtəlif məqsədlərlə
təhlilə cəlb olunur.
Tabeli mürəkkəb cümlələr tədris edilərkən
aşağıdakı tipli cümlələrdən istifadə olunması
dərsin maraqlı keçməsini təmin etməklə bərabər,
öyrəncilərin fəallığını da artırır. Yaxşı olar
ki, onlar Heydər Əliyevin nitq və çıxışlarında
cümlələri, dil vahidlərini özləri müstəqil
seçməyi bacarsınlar.
1. Kim ki öz biliyindən, bacarığından artıq
iddialar edir, o, həmişə məğlub olur (mübtəda
budaq cümləsi).
2. Xalqımız bilməlidir ki, biz özümüzü
qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı
göstərməliyik (tamamlıq budaq cümləsi).
3. Bizim qüdrətli, möhkəm ordumuz olmalıdır ki,
müstəqil Azərbaycan dövləti daim qüdrətli olsun
(məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə).
4. Əgər hər hansı ölkənin xalqları öz
hüquqlarını anlayır və onları qoruya bilirsə, o
zaman ən kiçik dövlət belə ən böyük məmləkət
qədər güclü olur (zərflik budaq cümləsi) və s.
Ana dili dərslərində böyük Vətənimizə, ana
dilimizə və onun müdrik rəhbərinə məhəbbət
hissinin aşılanması yollarından biri də inşa
yazıların aparılmasıdır. Bu məqsədlə aşağıdakı
inşa mövzularından istifadə etmək olar:
"Heydər Əliyev və Azərbaycan", "Heydər Əliyev
siyasəti beynəlxalq aləmdə", "Heydər Əliyevin
müdrikliyi Azərbaycanın azadlıq və
müstəqilliyinin qarantıdır", "Heydər Əliyev
Azərbaycan dilinin ən etibarlı keşikçisi idi", "Respublikamızın
tərəqqisi müdrik rəhbərin adı ilə bağlıdır", "Biz
Azərbaycan dili ilə fəxr edirik", "Qoy, dünya
tanısın ana dilimi" və s.
Öyrənciləri "Heydər Əliyev muzeyi"nə aparıb,
oradakı rəngarəng eksponatlarla, dövlət
sənədləri, haqqında yazılımış kitablarla tanış
etdikdən sonra onların təəssüratları ilə bağlı
şifahi və yazılı inşalar aparılması da
faydalıdır.
Azərbaycan dili dərslərində ulu öndərin
çıxışlarından istifadə etməklə doğma Vətənimizə
- müstəqil Azərbaycan Respublikasına və
dilimizə məhəbbət hissləri aşılamaq imkanları
genişdir. Bu imkanların bir qismini tezis
şəklində həmkarlarımıza və oxucularımıza təqdim
edirik.
*
Vətənpərvərlik hissləri aşılaya bilən cümlə və
mətnlərdən tədrisdə istifadə edilməsi;
*
Azərbaycan Respublikası və onun Prezidenti ilə
bağlı fotoalbomlar, dərs vəsaitləri və
ədəbiyyatlarından dərslərdə istifadə olunması;
*
Vətənə, ana dilimizə, onun rəhbərinə və
insanlara məhəbbət hissi aşılamaq üçün bədii
gecələr, disput, viktorina və ya digər
tədbirlərin təşkili;
*
Məktəbdə ulu rəhbərin fəaliyyəti ilə bağlı
müasir, zəngin Azərbaycan dili kabinetlərinin
yaradılması;
*
Texniki vasitələrin geniş imkanları və köməyi
ilə Heydər Əliyevlə bağlı sinifdənxaric
tədbirlərin keçirilməsi;
*
Azərbaycan dili dərslərinin Heydər Əliyev irsi
vasitəsilə canlandırılması və maraqlı olmasını
təmin etmək;
*
Yaradıcı insanların münsiflər heyətinə qatılması
ilə Azərbaycan dilinə və doğma Vətənə, ulu
öndərə aid müsabiqə və olimpiadaların
keçirilməsi;
*
Məktəblərdə, ali təhsil müəssisələrində görkəmli
alim, dövlət xadimləri, şair, yazıçı, dilçi və
hərbiçilərlə görüşlərin təşkili;
*
İKT vasitəsilə çiçəklənən respublikamızın,
dilimizin, ədəbiyyatımızın uğurlu
nailiyyətlərini, gözəl mədəniyyət nümunələrini
yayınlamaq və s.
Elbəyi MAQSUDOV,
Naxçıvan Dövlət Universiteti
Fənlərin tədrisi metodikası
kafedrasının müdiri,
pedaqoji elmlər doktoru |